Məhkəmə qərarları › İş №e-2-2(117)-21/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-21/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-21/2025 12.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 6.342,76 ABŞ dolları borc, bundan 1.356,16 ABŞ dolları əsas, 3.029,48 ABŞ dolları faiz, 1.755,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 201,40 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 122,35 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 23,5 (iyirmi üç tam onda beş) faiz olmaqla 6.300 (altı min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 07 dekabr 2016-cı il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4.923,33 (dörd min doqquz yüz iyirmi üç ABŞ dolları 33 sent) ABŞ dolları əsas borcu, 980,79 (doqquz yüz səksən ABŞ dolları 79 sent) ABŞ dolları faiz borcu və 14,31 (on dörd ABŞ dolları 31 sent) ABŞ dolları cərimə məbləği ilə birlikdə, cəmi 5.918,43 (beş min doqquz yüz on səkkiz ABŞ dolları 43 sent) ABŞ dolları təşkil edir. Ödəniş cədvəlindən görünür ki, həmin Əlavə saziş 57 (əlli yeddi) ay müddətinə rəsmiləşdirilərək imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********644 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

İİ. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddiaərizəısinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, müqavilə bağlayıb bankdan kredit götürüb. Ödənişləri hər ay vaxtında ödəyirdi. Sonralar ödəniş etmək istədikdə bankın bağlanması səbəsindən ödənişləri hara ödəməli olduğunu bilməmişdir. Kredit müqaviləsi üzrə əsas borcu qəbul edərək, faiz və cərimə borcu çox olduğundan azaldılmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh bank tərəfindən 36 ay müddətinə illik faiz dərəcəsi 23.5 faiz olmaq şərti ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götütür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər günü üçün 47 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 245,54 ABŞ dolları, sonuncu ay 245,05 ABŞ dolları ödəmək şərti ilə 6300 ABŞ dolları kredit verilmişdir.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 2 nömrəli əlavə saziş imzalanmışdır. Həmin sazişə əsasən kreditin müddəti əlavə saziş imzalndığı yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış və həmin əlavə saziş əsasında yeni ödəniş qrafiki müəyyən edilmişdir.

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 1.356,16 ABŞ dolları əsas, 3.029,48 ABŞ dolları faiz, 1.755,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 201,40 ABŞ dolları faiz borcu vardır.

10. İş üzrə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin kredit müqaviləsinin bitdiyi xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə nə qədər faiz, cərimə və əsas borcunun olduğu ilə bağlı araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/7902 nömrəli Ekspert rəyində göstərilir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixə 1356,16 ABŞ dolları əsas 2735,19 ABŞ dolları faiz, xx.xx.2024-cü il tarixə 1356,16 ABŞ dolları əsas 2921,98 ABŞ dolları faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 203,05 ABŞ dolları təşkil edir. Əlavə olaraq rəydə xx.xx.2015-ci il tarixli ********* saylı keredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cəriməni hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcunun hesablana bilməməsi qeyd olunmuşdur.

12. İş materiallarında olan Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 6300 ABŞ dolları məbləğində pul verilmişdir.

13. “Dəmirbank ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Məhkəmənin mövqeyi:

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6300 ABŞ dolları məbləği Cavabdeh vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Bu hal cavabdehin məhkəmə iclaslarında verdiyi izahatında borcu qəbul etməsi ilə də öz təsdiqini tapmışdır. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

19. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 201,40 ABŞ dolları faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

20. Məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış 3029.48 manat faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/7902 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixə yəni kredit müqaviləsinin bitdiyi tarixə 2735,19 ABŞ dolları faiz borcu yaranmışdır.

21. Məhkəmə hesab edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

22. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.

23. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

24. Məhkəmə iş üzrə ekspert rəyini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh 2735,19 ABŞ dolları faiz borcu tutalaraq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə həmçinin qeyd edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində də qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 67,8 ABŞ dolları məbləğində cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

26. Məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

27. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 122,35 manat məbləğində pulun iddianın təmin olunan hissəsinə mütənasib olaraq 63,6 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

28. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

29. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1356,16 ABŞ dolları əsas borc, 2735,19 ABŞ dolları faiz borcu, 67,8 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 201,40 ABŞ dolları faiz borcu olmaqla cəmi 4360,55 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 63,6 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar