Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-223/2023 01.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “3383,36 manat əsas borc, 422,39 manat faiz borcu və 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “3383,36 manat əsas borc, 422,39 manat faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tütün istehsalı üçün 8 ay müddətinə illik 10 faizlə Cavabdeh2 ilə aralarında xx.xx.2019-cu il tarixli TM-181/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 14100 manat kredit verilmişdir. Müqavilənin şərtinə göə Borcalan özünə məxsus olan və ya icarəyə götürdüyü Zaqatala rayonu Fındıqlı kəndi ərazisində 8,3 hektar torpaq sahəsində Borcverəndən kredit şəkilində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqla tütün əkibbecərmək və əldə edilən yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilən qiymətlə müvafiq standartlara uyğun Tədarükçüyə təhvil verməyi, Tədarükçü təhvil götürməyi Tədarükçünün tabe olduğu Alıcı isə məhsulun dəyərini Borcalalna ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli ZT-181/19 və ZT-181A/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, Cavabdeh2 3383,36 manat əsas borc və 422,39 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 və xx.xx.2023-cü il tarixdə Cavabdeh3 rəsmi qaydada bildiriş çatdırılmış, lakin onlar iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Digər Cavabdeh1 göndərilmiş zərf “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə tərəfindən məhkəmə bildirişi yenidən müvafiq zərflə həmin cavabdehin digər ünvanına göndərilmişdir. Həmin şəxs iş üzrə zamin olduğundan və qəbul edilən məhkəmə qətnaməsi onun maraqlarına zidd olmadığından məhkəmə qeyd edilən müddəti gözləməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli TM-181/19 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı QSC BOKT Cavabdeh2 illik 10% faizlə əsas və faiz borcları xx.xx.2019-cu il tarixədək tam ödəmək şərti ilə 14100 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il tarixli ZT-181/19 və ZT-181A/19 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 xx.xx.2019-cu il tarixli TM-181/19 nömrəli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli əsas və faiz borcunun ödənilməsi barədə məlumatda göstərilmişdir ki, 14100 manat əsas borcdan 10716,64 manat, faiz borcundan 1735,67 manat ödəniş edilmiş, əsas borcdan 3383,36 manat və faiz borcundan 422,39 manat ödənilməmiş borc qalmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu iddiaçıya ödəməlidir. İddia tələbinin “faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər aralarında bağlanmış xx.xx.2019-cu il tarixli TM-181/19 nömrəli kredit müqaviləsi ilə 8 ay müddətinə illik 10 faizlə verilmiş kredit üzrə faiz borcu ümumilikdə 14100 manata münasibətdə 940 manat təşkil edir. Lakin cavabdeh tərəfindən 1735,67 manat faiz borcu ödənilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyin tələbinə ziddir. Öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin tələb edilməsi qanunvericilikdə nəzərdə tutulan digər normalarla nizamlanır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Müqavilə müddəti üçün hesablanan faiz məbləği və müqavilə müddəti bitdikdən sonra qanunvericiliyə əsasən hesablanan faiz məbləğləri iddia tələbində qeyd edilməli, bunlara məhkəmə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin isə iddia tələbindən kənara çıxmaq hüququ olmadığından iddiaçının tələbində olan 422,39 manat məbləğə yalnız müqavilədə müəyyənləşdirilən faiz borcu olaraq qiymət verilməlidir. Cavabdehin müqavilə üzrə ödədiyi 1735,67 manat nəzərə alınmaqla ödənilməli olan faiz borcu qalmadığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı belə olan halda yalnız qanunvericiliyə əsasən kredit məbləğinin əsassız olaraq cavabdehdə saxlanılması və ya adi halda qanunla müəyyən edilən müvafiq faiz məbləğlərini tələbində ayrıca qeyd etməklə tələb edə bilərdi. İddia tələbinin zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı irəli sürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli TM-181/19 nömrəli kredit müqaviləsinin təmini olaraq eyni tarixdə Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2019-cu il tarixli TM-181/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən, məhkəmə hesab edir ki, zaminlərə qarşı iddia irəli sürmək müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Həmin maddənin sonrakı bəndlərində müəyyən edilən müddət, müvafiq olaraq bir il və iki illik müddət də artıq ötmüşdür. Qeyd edilən müddətlər isə iddia müddəti deyil, kəsici müddətdir. Həmin müddətlər məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci tarixli Qərarında da qeyd edildiyi kimi, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Qeyd edilən qanunvericiliyin tələbinə əsasən iddia tələbi cavabdeh olan zaminlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsassızdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3383,36 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə ödənilməli dövlət rüsumu 53,84 manat cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3383,36 manat əsas borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 53,84 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-223/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-223/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver