Məhkəmə qərarları › İş №e-2-2(117)-224/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-224/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-224/2024 11.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3716,62 manat əsas borcun, müqavilə müddəti ərzində hesablanmış 329,91 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz 273,58 manat, hesablanmış cərimə 391 manat olmaqla, cəmi 4711,11 manat borc məbləğin, habelə 70 manat ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixədək TM-429/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 5200 manat pulu illik 8,5 faizlə Cavabdeh1 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən gecikdirilimş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə əlavə 10 % cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. Borclunun adıçəkilən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1 ilə İddiaçı QSC BOKT-nin Şəki filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZT-429/21 nömrəli zaminlik müqaviləsi üzrə borcalana verilməli olan kredit məbləğinin ödənilməsi ilə əlaqədar bank qarşısında borclananın öhdəliklərinin tam yerinə yetirilməsinədək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 4862 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsinə dair məlumat cədvəlindən görünür ki, cavabdeh tərəfindən əsas borc məbləğindən 1145,38 manat, 83,36 manat faiz borcundan ödəniş edilmiş və qalan borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Cumakənd kənd sakini fərdi sahibkar Cavabdeh2 Fəxrəddin oğlu tütün istehsalı üçün 12 ay müddətinə illik 8,5 faizlə 5200 manat məbləğində kredit verilməsinə dair 18 iyun 2021-ci il tarixli TM-429/21 saylı kredit müqaviləsi bağlanmış və ona 4862 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə zamin olmuş Cavabdeh1 arasında 18 iyun 2021-ci il tarixli ZT1-429/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə Cavabdeh1 və Cavabdeh2 müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdeh2 Fəxrəddin oğlunun xx.xx.2023-cü il tarixinə Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməməsinə görə onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 4862 manat kredit məbləğindən 1145,38 manat və hesablanmış faiz borcundan 83,36 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü tarixdə cavabdehlər Cavabdeh1 ünvanı üzrə şəxsən, Cavabdeh2 poçt vasitəsilə ünvanı üzrə (İbrahimov) təqdim olunmuş və sonuncular iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, borca dair məlumat cədvəli, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixədək TM-429/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 5200 manat pulu illik 8,5 faizlə Cavabdeh1 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən gecikdirilimş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə əlavə 10 % cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsinə dair məlumat cədvəlindən görünür ki, cavabdeh tərəfindən əsas borc məbləğindən 1145,38 manat, 83,36 manat faiz borcundan ödəniş edilmiş və qalan borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borclu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 3716,62 manat əsas, 329,91 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləğləri əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 391 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsinin 4.7-ci bəndinin şərtinə əsasən illik 10 %-lə hesablanmış 391 manat cərimə borcu tənasübsüz şəkildə yüksək olduğundan məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində olmaqla 185,83 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmş 273,58 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 294,23 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (3716,62 * 5% = 185,83 manat – 1 il üçün, 185,83 / 12 = 15,48 aylıq faiz, 15,485 x 7 ay = 108,40 manat) cəmi 294,23 manat (185,83 + 108,40) təşkil edir. İddiaçı isə 273,58 manat tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində 273,58 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə borcun zamindən də tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli, TM-429/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2022-ci il tarixi olaraq müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilərək 3716,62 manat əsas, 329,91 manat faiz, 185,83 manat cərimə borcu və 273,58 manat illik 5%-lə hesablanmış faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (4505,94 manat) ödənilməli dövlət rüsumu 65,06 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 65,06 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 70 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3716,62 manat əsas, 329,91 manat faiz, 185,83 manat cərimə borcu, 273,58 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% illik borc və 70 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh2 65,06 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar