Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-226/2023 17.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 007R********** nömrəli krеdit razılaşmasının ləğv edilməsi, 007R********** nömrəli krеdit razılaşması üzrə 614,04 manat məbləğində krеdit bоrcu, 36,04 manat məbləğində faiz bоrcu və 16,44 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 666,52 manat məbləğində bоrcun, ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin cavabdеhlərdən müştərək qaydada tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 007L**********50 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 100000 manat məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 007R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 007S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 614,04 manat məbləğində kredit borcu qalmışdır. Kredit alan cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 614,04 manat məbləğində kredit borcu, 36,04 manat faiz borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, Cavabdeh1 xx.xx.2023-cü il, Cavabdeh2 xx.xx.2023-cü il tarixlərdə məhkəmə bildirişləri və sənədləri çatdırılmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazları müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Kredit razılaşması, Zaminlik müqaviləsi, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşması 12 ay müddətinə bağlanmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Belə olan halda kredit razılaşmasının müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi, qanunvericliyin tələblərinə əsasən müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, ləğv edilməsi tələb olunan müqavilələrin müddəti bitmişdir ki, müddəti bitmiş müqavilənin ləğv olunmasından söhbət gedə bilməz. Bu səbəbdən də iddia qiymət verilən hissədə rədd edilməlidir. Bundan başqa kredit razılaşması üzrə əsas borc və faiz borcunun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 614,04 manat əsas borcu və aylıq faiz dərəcəsi 2,0833% olmaqla, 36,04 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 614,04 manat əsas və 36,04 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə 16,44 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehlərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 16,44 manat deyil, 5 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 614,04 manat əsas və 36,04 manat faiz və 5 manat cərimə borcu cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən 100 manat və qiymətləndirilən iddianın qiymətinə əsasən (666,52 manat) ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi qiymətləndirilməyən hissədə rədd edildiyindən 100 manat dövlət rüsumu iddiaçıdan, qiymətləndirilən hissədə qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 0,51 manat hissəsi iddiaçıdan, 29,49 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 0,10 manat dövlət rüsumu ödənildiyindən ödənilməli olan 100,51 manat dövlət rüsumundan ödədiyi 0,10 manat çıxılmaqla iddiaçı tərəfindən 100,41 manat rüsum tutularaq ödənilməlidir. Bundan əlavə iddiaçı 40 manat mediasiya xərci ödədiyindən həmin mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 614,04 manat əsas, 36,04 manat faiz, 5 manat cərimə borcu və 40 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100,51 manat dövlət rüsumu İddiaçı QSC-dən, 29,49 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-226/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-226/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver