Məhkəmə qərarları › İş №e-2-2(117)-231/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-231/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-231/2021 06.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdehnə qarşı “561,40 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 27.01.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək 30.10.2018-ci ildə Ağsu rayonu Ağarx kəndində su arxını təmizləyərkən yeraltı FO-6 markalı yeraltı rabitə kabelinin qırılması nəticəsində cəmiyyətə dəymiş 561,40 manat ziyanın ödənilməsi barədə ona xəbərdarlıq etsə də mübahisə həllini tapmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh sürücüsü X4 tərəfindən 30.10.2018-ci il tarixdə Ağsu rayonu Ağarx kəndində su arxını təmizləyərkən X2 məxsus FO-6 tipli rabitə kabeli qırılmışdır. Baş vermiş hadisə ilə bağlı X1 əməkdaşları tərəfindən akt tərtib edilmidir. Smeta tərtib edilərək qəza ilə bağlı dəymiş zərərin məbləği 561,40 manat müəyyən edilmişdir. Cavabdeh dəymiş zərərin məbləğini ödəmədiyindən həmin pulun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh 14.04.2021-ci il tarixli 48 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, X3 İddiaçı ASC-yə qarşı hansı zərərin vurması barədə heç bir məlumatları yoxdur. Hadisənin hansı şəraitdə və harada olması barədə İddiaçı ASC-dən rəsmi olaraq hər hansı bir məlumat daxil olmamışdır. Bu səbəbdən iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun ünvanı üzrə 13.04.2021-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmuş, cavabdeh 14.04.2021-ci il tarixli məktubla iddia tələbinə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 30.10.2018-ci il tarixli akt, Smeta, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Hazırki iş üzrə iddiaçı 30.10.2018-ci il tarixli akta istinad edərək Cavabdeh tərəfindən 30.10.2018-ci il tarixdə Ağsu rayonu Ağarx kəndində su arxını təmizləyərkən yeraltı FO-6 markalı yeraltı rabitə kabelinin qırıldığını və bunun cavabdehin əməkdaşı tərəfindən törədildiyini iddia edir. Sözügedən aktın ziyanvurmaya səbəb olan şəxs hissəsində Cavabdeh nümayəndəsi qismində Ziya Hacıyev adı qeyd olunsa da, əvvəla iş materiallarında belə bir şəxsin cavabdeh cəmiyyətin əməkdaşı və ya onun nümayəndəsi olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. Eyni zamanda akt Ziya Hacıyev tərəfindən imzalanmamışdır. Bundan başqa iddiaçı 30.10.2018-ci il tarixdə Ağsu rayonu Ağarx kəndində su arxını təmizləmə işlərinin Cavabdeh tərəfindən aparılması və ziyanın məhz həmin müəssisə tərəfindən vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı dəyməsini iddia etdiyi ziyanın ona məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə sübut təqdim etmədiyindən və bu halın mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə cavabdeh iddianı qəbul etmədiyindən iddia olunan dəymiş zərərin cavabdehdən tutulmasına dair qanuni əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi rədd edildiyindən 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə qarşı “561,40 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar