Məhkəmə qərarları › İş №e-2-2(117)-231/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-231/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-231/2025 21.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və Zamin qarşı “borc” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər X2 və Zamin müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə əsas borc üzrə 5449.79 manat, faiz borcu üzrə 932.40 manat, cərimə faizi üzrə 126.82 manat olmaqla, cəmi 6509.01 manat kredit borcunun həmçinin, ödənilmiş 85.10 manat dövlət rüsumunun və 0.40 manat xidmətin haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə onu qeyd edir ki, hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Zamin ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, iş üzrə cavabdeh X3 pretenziyanın və iddia ərizəsinin çatdırılmasına dair sübut olsa da, lakin digər cavabdeh Zamin pretenziyanın və iddia ərizəsinin çatdırılmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdeh Bayramov Asimə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin çatdırılması təmin edilməyib sonuncu məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırılmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və həmin məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Habelə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma məzmununun tələblərinə də riayət edilməmişdir. Belə ki, hazırki iddia ərizəsinin əlavə edilən sənədlərin siyahısı hissəsində qoşma kimi xx.xx.2021-ci il tarixli, 3445/K nömrəli kredit müqaviləsinin əsli və xx.xx.2021-ci il tarixli, 3445/Z nömrəli zaminlik müqaviləsinin əsli göstərilsə də, lakin həmin müqavilələr iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilən sənədləri geri qaytarır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş 85.10 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və Zamin qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə AsanPay vasitəsi ilə ödənilmiş 85.10 manat dövlət rüsumu "xxxx" ASC-yə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar