Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-241/2023 06.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi əsasında verilmiş 30000 manat məbləğində borcun ödənilməmiş 15729,36 manat məbləğinin, həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 2359,2 manat məbləğində penyanın və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi əsasında verilmiş 30000 manat məbləğində borcun ödənilməmiş 15729,36 manat məbləğinin, həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 2359,2 manat məbləğində penyanın və 200 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, cavabdeh tərəf müqavilə üzrə tələb olunan məbləği İddiaçı MMC-yə qaytarmamış, hər hektar üzrə 20 tondan az olmamaqla yaşıl tütünü istehsal edib sifarişçiyə təhvil verə bilməməklə MMC-nin iqtisadi maraqlarına külli miqdarda (400 ton yaşıl tütün həcmində) ziyan vurmuşdur. Bu səbəbdən “borc müqaviləsi əsasında verilmiş 30000 manat məbləğində borcun ödənilməmiş 15729,36 manat məbləğinin, həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 2359,2 manat məbləğində penyanın və 200 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır. Tütünün becərilməsi üzrə xx.xx.2021-ci il il tarixinədək Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixli 2021-ci il mövsümü üzrə borc müqaviləsi və yaşıl tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Yaşıl tütünün alqı-satqısına dair müqavilənin 2.1.3-cü bəndinin qeyd hissəsinə əsasən, ştil yarpaqları yan zoğlardan dərilən (bic), don vura gövdə üzərində quruyan (aşlak), tripsləsiyarətlənmiş yarpaqlar qəbula yararsızdır. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən yetişmiş yarpaqların yığılması və sifarişçinin qurutma məntəqəsinə çatdırılması sifarişçinin tapşırığı əsasında verilmiş qrafik əsasında həyata keçiriləcəkdir. Çatdırılma vaxtı gecikirsə, icraçı fermer əvvəlcədən rəsmi qaydada yazılı sifarişçiyə məlumat verməlidir. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinə 2000-2500 kq-a qədər məhsul yığmalıdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı fermer olan Cavabdeh bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi yaşıl tütünün bütövlükdə xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin 2.1.3-cü bəndindəki şərtlərə uyğun şəkildə sifarişçiyə təhvil verir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən tütünün daşınması icraçı fermer tərəfindən təmin edilir. Daşınma sifarişçi tərəfindən əlavə xidmət olaraq bu Müqavilənin 4.3-cü maddəsinə uyğun tariflərlə icra edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “sifarişçi” sinfinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaşıl tütünü fermerdən İ sinif üzrə 0,27 AZN/kq, İİ sinif üzrə 0,25 AZN/kq, İİİ sinif üzrə 0,20 AZN/kq, İV sinif üzrə 0,10 AZN/kq qiymətə qəbul edilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən İcraçı Fermer məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Sifarişçinin tələbi ilə lazımi keyfiyyətdə malik olmayan məhsulun dəyişdirilməsi və qaytarılması zamanı daşınma xərclərini fermer ödəyir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, “İcraçı Fermer” tərəfindən tütünün 3.1-ci maddədə razılaşdırılmış müddətdən gec çatdırılmasına “Sifarişçi” hər gecikdirilmiş gün üçün (üzürlü səbəbləri olmadan) 0,1% həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Tütün becərmə üzrə Cavabdeh ilə "X2" MMC arasında xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər arasında bağlanmış 2021-ci il mövsümü üzrə yaşıl tütün alqı-satqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən İcraçı 2021-ci ilin dekabr ayından etibarən gecikdirilmiş borcun illik 15 %i həcmində dəbbə pulu ödəyir. İddiaçı borc müqaviləsi üzrə borcalana ümumilikdə 1 hektara 1500 manat olmaqla 20 ha üçün ümumilikdə 30000 manat pul vəsaitini borclunun hesabına köçürmüş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 15729,36 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 6000 manat, xx.xx.2021-ci il tarixdə 9000 manat, xx.xx.2021-ci il tarixdə 9000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat və xx.xx.2020-ci il tarixdə isə 3000 manat olmaqla, ümumilikdə 30000 manat məbləğində yaşıl tütünün əkilməsi üçün müqavilə əsasında Cavabdeh avans ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt” larından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərini əhatə edən dövrdə ümumilikdə 11653,56 manat məbləğində məhsul fermer Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və alqı-satqı müqavilələri, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568, 739.1 və 739.2-ci maddələri). Məhkəmə hesab edir ki, tərəflər arasında həm borc müqaviləsindən, eyni zamanda alqı-satqı müqaviləsindən əmələ gəlmiş hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı tərəf cavabdehə borc vermiş, cavabdeh isə borcu qəbul etsə də tərəflərin müəyyənləşdirdikləri tütün məhsulunu istehsal edib iddiaçıya tam həcmdə təqdim edə bilməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, 30000 manat məbləğində avans ödənişi iddiaçı tərəfindən cavabdehə ödənilmiş və müqavilədə nəzərdə tutulmuş müddətin sonuna təhvil-təslim aktlarına əsasən 11653,56 manat məbləğində müxtəlif növ yaşıl tütün təhvil verilsə də, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında təhvil verilən tütünün təhvil-təslim aktları olan hissədən artıq yəni 14270,36 manat məbləğində qəbul etdiyini etiraf etmişdir. Ona görə də məhkəmə iddiaçının qəbul etdiyi tütünün məbləğini əsas götürməli və iddiadan kənara çıxmamalıdır. Odur ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təhvil verilən məhsulun məbləğini də əhatə etdiyindən cavabdeh müqavilə üzrə öhdəliklərini 15729,36 manat hissədə icra etməmişdir. Bununla bağlı məhkəmə iclaslarından lazımi qaydada məlumatlı olan cavabdehin iddia tələbinə etiraz və arqumenti daxil olmamış və ya etiraz bildirməmişdir. Ona görə də məhkəmə tərəfindən borcun mövcud olmaması ilə bağlı hər hansı bir hal müəyyən edilmədiyindən öz təşəbbüsü ilə hər hansı araşdırma aparılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 15729,36 manat məbləğində əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Bundan başqa, məhkəmə “2359,2 manat cərimənin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş, iddiaçı isə üzərinə düşən prosessual hərəkətləri vaxtında etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Tütün becərmə üzrə Cavabdeh ilə "X2" MMC arasında xx.xx.2020-ci il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən, tərəflər arasında bağlanmış 2021-ci il mövsümü üzrə yaşıl tütün alqı-satqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən İcraçı 2021ci ilin dekabr ayından etibarən gecikdirilmiş borcun illik 15 %-i həcmində dəbbə pulu ödəyir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 2359,2 manat deyil, 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi qismən təmin edilsə də əsas borca münasibətdə tam təmin edildiyindənödənilməmiş 144,27 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15729,36 manat məbləğində əsas borc, 100 manat məbləğində penya və 200 manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 144,27 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-241/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-241/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver