Məhkəmə qərarları › İş №e-2-2(117)-247/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-247/2024

18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-247/2024 18.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “16181 manat təmir xərci, 2295 manat hərracın keçirilməsi üçün ödənilmiş pul və 210 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “16181 manat təmir xərci, 20000 manat mağazanın hərrac yolu ilə alınması üçün icra məmuruna verilmiş pul, 2295 manat hərracın keçirilməsi üçün ödənilmiş pul və 210 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı Zahd Xanlayev xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcmini artıraraq Ələkbər Köçəri oğlunu ikinci cavabdeh kimi cəlb edərək ondan 17705 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcmini azaldaraq ərizə ilə məhkəməyə müraciət edərək iddianın cavabdeh X1 17705 manat pulun tutulmasını hissəsini iddiadan çıxarmış, Cavabdeh 16181 manat təmir xərci, 2295 manat hərracın keçirilməsi üçün ödənilmiş pul və 210 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə qeyd edilən tələbə baxmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehin qızı olan X3 ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sonradan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə münasibətləri normal olduğu dövrdə fərdi sahibkarlıqla məşğul olmaq üçün Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası olan mağazanı almışlar. O, həmin mağazanı öz vəsaiti hesabına təmir etdirmişdir, hal-hazırda həmin obyekt cavabdehin sahibliyi və istifadəsindədir. O, obyektin təmiri üçün 16181 manat xərc çəkmişdir. Eyni zamanda hərracın yekunu üzrə əmlakın alqı-satqısı ilə bağlı 2295 manat pul ödəmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İş materialları kimi məhkəməyə təqdim olunmuş xx.xx.2011-ci il tarixli hərrac qaydasından bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus 34/6 saylı Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını 2295 manata almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)-4/2021 nömrəli hökmündən (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-97/2022 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılıb) müəyyən edilir ki, X4 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Həmin işin hallarından müəyyən olunmuşdur ki, Cavabdeh süni ittiham irəli sürməklə İddiaçı cinayət məsuliyyətinə cəlb etmək istəmişdir. Həmçinin keçmiş qaynanası ilə münasibətlərinn normal olmadığı qeyd edilməklə əvvəllər hazırkı mübahisə predmeti olan və digər mağazaları şərikli mağaza almışlar, 92 m2 və 57 m2 olan iki obyekti alıb birləşdirmişlər. Hər iki mağaza Cavabdeh adına rəsmiləşdirilmişdir. Onlar obyektin alınması üçün hərəsi 7000 manat verməklə ümumilikdə 14000 manat pul ödəmişlər. Şərik işlədikləri üçün qazancı və xərci 50% olmaqla aralarında bölmüşlər. Əlavə olaraq İddiaçı tərəfindən obyektdə görülmüş təmir işlərinin dəyərinin müəyyən olunmas ilə bağlı “X5 Mərkəzi”nə müraciət olunmuş, mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli YDQM NS-158/2023 nömrəli rəyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təmir-tikintisi üçün çəkilmiş xərcin ümumi məbləği 16181 manat müəyyən olunmuşdur. Bundan əlavə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binasının 27 m2 hissəsini aylıq 50 manat ödəmək şərti ilə İddiaçı icarəyə vermişdir. İcarə müqaviləsindəki, imzaların həqiqiliyinin yoxlanılması məqsədilə Cavabdeh imza nümunələri götürülərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/724 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli icarə müqaviləsində icarəyə verən qrafasındakı imzanın Cavabdeh aid olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materiallarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsi olmaqla Cavabdeh mülkiyyətindədir, iddiaçı həmin mağzanın cavabdeh İddiaçı tərəfindən istifadə edildiyindən, iddiaçı həmin mağaza üzərində sahiblik və istifadə hüququndan məhrum olmuşdur. İddiaçı qeyd edir ki, 2019-cu ilin noyabr ayında Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)- 234/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası-mağaza binasından çıxarılması qərara alınmış və həmin qərar öz qanuni qüvvəsini almışdır. Qeyd edilən qərara xx.xx.2022-ci il tarixdə icra olunduğundan, Balakən rayon icra və Probasiya şöbəsinin eyni tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mağaza 2011-ci ildə alınmışdır, aralarında 2019-cu il tarixindən mübahisə yaranmışdır, o ekspert rəyi ilə razı deyil, icarə müqaviləsindəki imza Cavabdeh məxsusdur, müqaviləyə onun yanında imza çəkmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mağaza tərəflərin münasibətlərinin normal olduğu dövrdə təmir edilmiş, həmin dövrdə tərəflər şərikli işlədiklərini bildirmişlər, lakin bu hər hansı bir sübutla təsdiq edilmir. İddia tələbi əsassızdır, rədd edilməsini məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara məhkəmə qərarları, icarə müqaviləsi, alqı-satqı müqaviləsi, ekspert rəyi, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmışdır. Məhkəmə ilkin olaraq müəyyən etmişdir ki, xx.xx.2011-ci il tarixli hərrac qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus 34/6 saylı Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını 2295 manata almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)-4/2021 nömrəli hökmündən (Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-97/2022 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılıb) müəyyən edilir ki, X4 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirak etmiş, həmin işin hallarından müəyyən olunmuşdur ki, Cavabdeh süni ittiham irəli sürməklə İddiaçı cinayət məsuliyyətinə cəlb etmək istəmişdir. Həmçinin keçmiş qaynanası ilə münasibətlərinn normal olmadığı qeyd edilməklə əvvəllər hazırkı mübahisə predmeti olan və digər mağazaları şərikli mağaza almışlar, 92 m2 və 57 m2 olan iki obyekti alıb birləşdirmişlər. Hər iki mağaza Cavabdeh adına rəsmiləşdirilmişdir. Onlar obyektin alınması üçün hərəsi 7000 manat verməklə ümumilikdə 14000 manat pul ödəmişlər. Şərik işlədikləri üçün qazancı və xərci 50% olmaqla aralarında bölmüşlər. Tərəflər arasında bağlanmış İcarə müqaviləsindəki imzaların həqiqiliyinin yoxlanılması məqsədilə Cavabdeh imza nümunələri götürülərək Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin Mərkəzin xx.xx.2024-cü il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli icarə müqaviləsində icarəyə verən qrafasındakı imzanın Cavabdeh aid olmadığı müəyyən edilmişdir. Ona görə də qeyd edilən icarə müqaviləsi hazırkı iş üzrə sübut olaraq qiymətləndirilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisə predmeti olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsi olmaqla Cavabdeh mülkiyyətindədir, iddiaçı həmin mağzanın cavabdeh İddiaçı tərəfindən istifadə edildiyindən, iddiaçı həmin mağaza üzərində sahiblik və istifadə hüququndan məhrum olmuşdur. İddiaçı qeyd edir ki, 2019-cu ilin noyabr ayında Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)- 234/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyriyaşayış binası-mağaza binasından çıxarılması qərara alınmış və həmin qərar öz qanuni qüvvəsini almışdır. Qeyd edilən qərara xx.xx.2022-ci il tarixdə icra olunduğundan, Balakən rayon icra və Probasiya şöbəsinin eyni tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflər arasında əvvəllər etibarlı ailə münasibətlərinin mövcud olduğunu, belə hazırkı iş üzrə cavabdeh iddiaçının keçmiş qayınanası olması müəyyən edilir. Tərəflər də bu etibarlı ailə münasibətlərinə əsaslaraq həyatlarını və bizneslərini quraraq birgə sahibkarlıq fəaliyyəti həyata keçirmişlər. Bununla bağlı tərəflər arasında hər hansı bir rəsmi yazılı və ya şifahi müqavilənin bağlandığı müəyyən edilməsə də, tərəflərin münasibətlərinin normal olduğu vaxt, eyni zamanda iş üzrə preyudisial sübut olaraq qiymətləndirilən məhkəmə hökmündə qeyd edilən şərikli biznes quramaları faktının mövcud olduğunu müəyyən etmək mümkün olmuşdur. Buna baxmayaraq qeyd edilən münasibətlər təxminən 2019-cu ilədək normal axarda davam etmiş, lakin həmin tarixdən başlayaraq münasibətlər kəskinləşmiş və tərəflər arasında çox saylı məhkəmə mübahisələri yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh tərəflər də verdikləri izahatlarda şərikli işlədiklərini qismən də olsa etiraf etmişdirlər. Eyni zamanda, mübahisəli obyektin təmiri tərəflərin münasibətlərinin korlandığı dövrdən əvvəlki vaxta təsadüf etməsi daha məntiqlidir. Belə ki, tərəflər ən azı 2011-ci il tarixdən 2019-cu il tarixədək normal münasibətlərdə olmuşdur. Belə ki, tərəflər arasında münasibətlər 2019-cü il tarixindən korlanmağa başlamış, obyektin təmiri isə 2019-cu ildən əvvəl həyata keçirilmişdir. Bunun əksi ilə bağlı cavabdeh hər hansı bir dəlil və ya arqument irəli sürməmişdir. Hazırkı iş üzrə Cavabdeh iddiası ilə 2019-cu il tarixdən 2022-ci il tarixədək mübahisəli mağazadan İddiaçı Bdulhazı oğlunun əsassız istifadə etməsi ilə bağlı iddiaya baxılaraq Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd edilən iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır, mahiyyəti üzrə baxılıb yekunlaşmadığından qeyd edilən qətnamə qanuni qüvvəsini almamışdır. Qeyd edilən mübahisənin hazırkı işin faktiki hallarına münasibətdə sübutların qiymətləndirilməsi baxımından məhkəmə əhəmiyyətli hesab edir. Bu baxımından məhkəmə hesab edir ki, işin faktiki hallarının, tərəflərin etiraz və ya etiraflarının, normal münasbətlərin davam etdirilməsi və ya kəsilməsinın, mübahisənin yaranması əsaslarının müəyyən edilməsinin hazırkı iddianın həllinə təsir edir. Ona görə də məhkəmənin vəzifəsi iddia tələbini təsdiq və ya təkzib edən halların dəqiqləşdirilməsi, bu halların obyektiv, qərəzsiz və ədalətli baxılıb qiymətləndirilməsidir. Hazırkı tərəflər arasında münasibətlərin normal olduğu dövrdə ortaq razılıq və iradə ifadəsi ilə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, işlərin görülməsi, xidmətlərin görülməsi və nəticədə gəlirin əldə edilməsi baş vermiş, eyni zamanda sahibkarlıq obyektlərinin birgə işlədilməsi tərəflərin razılığı ilə həyata keçirilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən yenidənqurma və tikinti işlərinin aparılması mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına aparılan tikinti işlərinin dayandırılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan həmin işlərin aparılamsı mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (mülkiyyətçinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, inşaat etmiş şəxslə münasibətlərin kəsilməsi və dəymiş ziyanın ortada olmasına rəğmən tikilidən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir işləri aparmış şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşaat işləri və nətcəsində əvəzi ödənilmədən bunun qarşı tərfdən qalması nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi halda mülkiyyətçinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Məhkəmə həmçinin qeyd edir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən inşaat və təmir işlərinin əvəzinin ödənilməməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bu səbəbdən tərəflər arasında münasibətlərin normal olduğu dövrdə tərəfin çəkdiyi ziyan hesabına tərəflər arasında müvafiq münasibətlərə son qoyulduqdan sonra qarşı tərəfin əsassız varlanmasına şərait yarada bilər. Baxmayaraq ki, hazırkı iş üzrə iddiaçı cavabdehin mağazasından 2019-cu ildən sonra qanunsuz istifadə etməsi nəticəsində mülkiyyətçinin əldən çıxmış faydasını və vurulmuş ziyanın ödənilməsini tələb etmiş və məhkəmə tərəfindən həmin iddiaya baxılmışdır. Lakin tərəflərin 2019-cu il tarixədək etibarlı münasibətləri nəticəsində hər iki tərəfin razılığı ilə müvafiq işlərin görülməsinə çəkilmiş xərclərin cavabdeh tərəfdə qalmaqla sonuncunun əsassız varlanmasına şərait yaratma ehtimalı daha yüksək olduğundan və iddiaçı bunu əsaslandırdığından məhkəmə iddia tələbinin qismən uğurluluq istiqamətində həll etmişdir. Bu səbəbdən də tərəflər arasında mövcud olmuş şərikli iş münasibətlərini nəzərə alaraq hesab edir ki, tələb olunan 16181 manat təmir pulunun 50% lik hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin hərracın yekunu üçün ödənilmiş 2295 manat xərcin 50 % lik hissəsi cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçı və cavabdeh arasında şəriklilik münasibətləri mövcud olmuş və birbirinə etibar edərək müəyyən işlər görmüşlər. Obyektin təmiri də buna aid edilir. İddiaçı tərəf obyektin təmiri üçün 16181 manat pulun hamısının öz vəsaiti hesabına verildiyini bildirsə də, tərəflər arasında münasibətlərin korlanmadığını və şərikli fəaliyyət faktı öz təsdiqini tapdığını nəzərə alaraq, obyekt üçün çəkilmiş xərclərin də 50%-lik hissəsi tərəflər arasında bərabər bölüşdürülməlidir. Düzdür mübahisəli obyekt hazırda Cavabdeh istifadəsində və mülkiyyətində olsa da, İddiaçı ona etibar edərək və qazanılmış gəlirlərin aralarında bölünməsinə ümid edərək obyekti təmir etmiş və təmirlə bağlı 16181 manat xərc çəkmişdir. Eyni zamanda tərəflərin qeyd edilən məhkəmə hökmündə verdikləri izahatlarda da müəyyən olunur ki, onlar əvvəlcədən şərikli işləməyi planlaşdırmış, bu səbəbdən də Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binası 2295 manata hərrac yolu ilə alınmışlar. Cavabdeh tərəf təqdim edilən mağazanın şəkillərində mağazanın təmirli vəziyyətdə olmasını qeyd etməsi, bu təmirin əsasən 2019-cu ildən əvvəl tərəflərin davamlı və etibarlı münasibətlərinə əsasən iddiaçı tərəfindən təmir edilməsi faktının doğruluğunu bir daha təsdiq edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin obyektin alınması və təmiri dövründə münasibətlərinin normal olması və gəlirləri aralarında 50%-lik həcmdə bölüşdürmələri nəzərə alınaraq, obyektin təmiri üçün çəkilmiş 16181 manat xərcin 8090.5 manatlıq hissəsi və hərrac vasitəsilə obyektin alınması üçün verilmiş 2295 manat vəsaitin 1147.5 manatlıq hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi qismən təmin oldunduğundan 200 manat mediasiya xərcinin 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8090.5 manat məbləğində təmir xərci, 1147.5 manat hərracın keçirilməsi ilə bağlı xərc və 100 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar