Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-254/2024 18.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “4057.67 manat əsas, 612.58 manat faiz, 501.17 manat cərimə, 1005.20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 6176.62 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumunun Cavabdeh tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2315 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 36 ay müddətinə, 12 ay güzəşt müddəti- faizdən ödəniş, 12 ay əsas məbləğ və ona hesablanmış faizləri qaytarmaq şərtilə illik faiz 6 % dərəcəsilə 14500 manat məbləğində kredit verməyi, sonuncu isə bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan krediti və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə gecikdirilmiş hər gün üzrə aylıq ödəniş məbləğinin 1 %-i həcmində cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına əsasən cavabdehin 4057,67 manat əsas, 612,58 manat faiz, 501,17 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1005,20 manat faiz borcu vardır. xx.xx.2019-cu il tarixdə borclu tərəfindən iddiaçıya 4057,67 manat məbləğində borcun restrukturizasiyasına dair ərizə təqdim edilməsinə baxmayaraq borcun restrukturizasiya olunmasına dair müqavilə bağlanmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin bildiriş xx.xx.2024-cü il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə sənədləri cavabdehə məxsus elektron kabinetdə yerləşdirilməsi üçün 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş və həmin idarə tərəfindən cavabdehin kabinetinə xx.xx.2024-cü il tarixdə göndərilmiş, eyni zamanda cavabdehə qeydiyyat ünvanı üzrə məhkəmə sənədlərinin ona və ya ailə üzvlərinə çatdırılması üçün Yevlax Rayon Nərimanabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Buna baxmayaraq Cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Ödəniş planı, Xəbərdarlıq məktubu, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 4057,67 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış 2315 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 36 ay müddətinə, 12 ay güzəşt müddəti faizdən ödəniş, 12 ay əsas məbləğ və ona hesablanmış faizləri qaytarmaq şərtilə illik faiz 6 % dərəcəsilə 14500 manat məbləğində kredit verməyi, sonuncu isə bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 14500 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü krеdit öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 4057,67 manat əsas kredit borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 612.58 manat faiz borcu, 501.17 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən güzəştli kredit dedikdə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq qeyd edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil olunur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı cavabdehin borcun restukturizasiya olunaması barədə müraciətinin olmasına baxmayaraq hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Eyni zamanda borcun, Fərmanın təsir dairəsinə düşməsinə dair mübahisə mövcud deyildir və iddiaçı tərəfindən bu halı təsdiq edən sübutlar iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 612.58 manat faiz borcu, 501.17 manat cərimə borcunun ödənilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin müqavilə müddəti bitdikdən sonra hesablanmış 1005.20 manat faiz məbləğinin tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı həmin vəsaiti Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri baxımından illik 5 faizin ödənilmənə dair iddiaçının dəlilləri ilə razılaşsa da, hesablanmış məbləğlə razılaşmır. İddia ərizəsində iddiaçı tərəfindən illik 5 faizlə tələb olunan məbləğin hansı tarixdən hesablanması dair əsaslandırma mövcud deyildir. Məhkəmə qeyd edir ki, tərflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavadeh öhdəliklərini icra etməmiş və nəticədə kredit problemli hesab edilərək "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın təsir dairəsinə düşmüşdür. Fərman qüvvədə olduğu müddətdə cavabdeh iddiaçıya borcun restrukturizasiya olunması ilə bağlı müraciət etsə də onunla müqavilə bağlanmamışdır. Fərmanın icrası tarixi 2019-cu ilin sonunadək müəyyən edilmişdir ki, məhkəmənin qənaətinə görə Fərmanın tələbləri baxımından cavabdehə əsas borcdan başqa hesablanmış bütün borcların silinməli olması əksini tapdığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablamanın xx.xx.2020-ci il tarixdən hesablanmalı olması qanuni və əsaslı hesab olunar. xx.xx.2020-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixin əvvəlinə, yəni xx.xx.2024-cü il tarixədək bu müddət 49 ay təşkil edir. 4057,67 manat əsas borca münasibətdə 49 aya illik 5 faiz 828,10 manat (4057,67 x 5% = 202,88 manat illik, 202,88 manat / 12 ay = 16,90 manat aylıq, 16,90 manat x 49 ay = 828,10 manat) təşkil edir ki, bu səbəbdən də iddia qismən təmin edilərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 828,10 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 81,77 manat təşkil edir. İddia tələbi qismən edildiyindən ödənilməli dövlət rüsumunun 17,09 manatı iddiaçıdan, 64,68 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 82 manat dövlət rüsumu ödənilmiş və həmin rüsumu cavabdehdən tələb etmişdir. Ödənilmiş 82 manat dövlət rüsumundan iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 17,09 manat rüsum çıxılmaqla cavabdehin ödəməli olduğu 64,68 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 0,23 manat rüsum iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4057,67 manat kredit borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 828,10 manat faiz borcu və 64,68 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Artıq ödənilmiş 0,23 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-254/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-254/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver