Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-257/2023 05.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12466,98 manat əsas borc, 667,72 manat faiz borcu, 188,75 manat cərimə borcu və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12466,98 manat əsas borc, 114,32 manat faiz borcu, 16,44 manat cərimə borcu və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12466,98 manat əsas borc, 667,72 manat faiz borcu, 188,75 manat cərimə borcu və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 21068 manat məbləği illik faiz dərəcəsi 17%, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 17%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,09% olmaqla xx.xx.2023-cü il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 32% dərəcəsi tətbiq edilir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 12466,98 manat, faiz borcu 667,72 manat, cərimə borcu 188,75 manat təşkil edir və borcu 204 gün gecikdirdiyi təsdiq olunur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/72334 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəsinin formasının şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 12 096,62 manat, faiz borcu 531,24 manat, cərimə borcu isəc 76,39 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7132 nömrəli təkrar ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəsinin formasının şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 12 216,96 manat, faiz borcu 628,83 manat təşkil edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni, qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 21068 manat məbləği illik faiz dərəcəsi 17 %, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 17%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,09 % olmaqla xx.xx.2023-cü il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 32 % dərəcəsi tətbiq edilir. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi” üzrə tələbində cavabdehdən 12466,98 manat əsas borc, 667,72 manat faiz borcu, 188,75 manat cərimə borcunun ödənilməsini tələb edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/72334 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəsinin formasının şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 12 096,62 manat, faiz borcu 531,24 manat, cərimə borcu isə 76,39 manat təşkil edir. İddiaçının nümayəndəsi həmin ekspert rəyi ilə razılaşmadığından təkrar ekspertiza keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7132 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəsinin formasının şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 12 216,96 manat, faiz borcu isə 628,83 manat borcunun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının razılaşmadığı ödəmə və borcun silinmə ardıcıllığı nəzərə alınmaqla verilmiş sonuncu ekspert rəyi daha mötəbər sübut olaraq qəbul edilməlidir. xx.xx.2023-cü il tarixli 9/7132 nömrəli ekspert rəyinə əsasən, 12216,96 manat əsas, 628,83 manat faiz borcunun olduğu təsdiq edildiyindən və ekspert rəyi iddiaçının etiraz və mülahiizələrinə qiymət verilməklə verildiyindən iddiaçı həmin məbləğdə əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə “188,75 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 17% cərimə hesablanacağı bildirilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixə yəni, məhkəməyə müraciət olunan tarixə 76,39 manat cərimə məbləği hesablandığından, həmin cərimə məbləği iddia tələbindəki məbləğdən aşağı olduğundan, həmçinin məhkəmə qeyd edilən halları nəzərə alıb cərimə məbləğini 50 manat müəyyən edilməsini qanuni, əsaslı və tərəflərin mənafelərinə uyğun hesab edir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən 129,97 manat dövlət rüsumu tam şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, ekspertiza tədqiqatlarının dəyəri olan 295 manatın 147,5 manatı iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından, 147,5 manatı isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Eyni zamanda ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh DC00372556-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12 216,96 manat əsas, 628,83 manat faiz borcu, 50 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 129,97 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatlarının dəyəri olan 295 manatın 147,5 manatı iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından, 147,5 manatı isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov