Məhkəmə qərarları › İş №e-2-2(117)-258/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-258/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-258/2022 22.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 12972,23 manat əsas borc, 9912,50 manat faiz borcu, 8069,38 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1875,60 manat borcun, cəmi 32829,71 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və ipoteka predmetinə yönəltmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun tutulması, tutmanın xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə), Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi və ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərinin boşaldılaraq təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və üçüncü şəxs X2rşı “Cavabdeh1 12972,23 manat əsas borc, 9912,50 manat faiz borcu, 8069,38 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1875,60 manat borcun, cəmi 32829,71 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Cavabdeh2 və Cavabdeh3 cəlb edilməsini və Cavabdeh1 12972,23 manat əsas borc, 9912,50 manat faiz borcu, 8069,38 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1875,60 manat borcun, cəmi 32829,71 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və ipoteka predmetinə yönəltmə barədə bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun tutulması, tutmanın xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə), Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi və ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərinin boşaldılaraq təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 cavabdeh qismində cəlb edilmiş, Cavabdeh3 xx.xx.2014-cü il tarixdə vəfat ediyindən məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu üzrə qərarına əsasən Cavabdeh3 iştirakına xitam verilərək oğlu olan Cavabdeh1 ilə məhkəmə iclasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanan kredit və ipoteka müqavilələri üzrə kredit verən bank "xxxx" ASC olmuş, sonradan həmin bankın adı dəyişdirilərək "xxxx" ASC olaraq qeydiyyata alınmış, sonuncu bank əvvəlki bankla eyni ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 99/5/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istifadə müddəti 48 ay olan 160 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 7% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 42 % hesablanır və borc alan tərəfindən kredit ödənilir. xx.xx.2009-cu il tarixli 99/5/SKMF nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 3 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 18174,09 manat təşkil edir. Restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə müqavilə üzrə əsas borc 12972 manat, hesablanmış faiz 9912 manat, cərimə 8069 manat və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1875 manat təşkil edir. xx.xx.2009-cu il tarixli İP1-99/5-SKMF nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında öhdəliklərinin təminatı olaraq xx.xx.2009-cu il tarixli 99/5/SKMF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq Cavabdeh3 məxsus Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixli İP1-99/5-SKMF nömrəli ipoteka müqaviləsinə 1 nömrəli Əlavə Sazişdən görünür ki, yeni şərtlərlə tərəflər arasında ipoteka müqavilə bağlanmışdır. xx.xx.2009-cu il tarixli İP2-99/5-SKMF nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında öhdəliklərinin təminatı olaraq 99/5-SKMF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu olaraq Cavabdeh2 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti olaraq qəbul olunmuşdur. xx.xx.2013-cü il tarixdə xx.xx.2009-cu il tarixli İP1-99/5-SKMF nömrəli İpoteka Müqaviləsinə 1 nömrəli Əlavə Saziş imzalanmışdır. xx.xx.2017-ci il tarixli 01-17 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında öhdəliklərinin təminatı olaraq 99/5-SKMF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu olaraq xx.xx.2017-ci il tarixli 03 nömrəli Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evi (0,07 ha torpaq sahəsi ilə birlikdə) qəbul olunmuşdur. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Cavabdeh2 məxsus olan fərdi yaşayış evi xx.xx.2013-xx.xx.2016-ci il tarixlərində İddiaçı ASC-nin Zaqala filialının xeyrinə yüklü edilmişdir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, Qax rayonu, Ağçay kəndində yerləşən və Cavabdeh1 məxsus olan fərdi yaşayış evi xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı Cavabdeh3 məxsus olan fərdi yaşayış evi xx.xx.2013-xx.xx.2016-cı il tarixlərində İddiaçı ASC-nin Zaqala filialının xeyrinə yüklü edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə mühasibatlıq ekspertizasının rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə əsasən xx.xx.2019-cu il tarixə xx.xx.2017-ci il tarixli 3 nömrəli Əlavə Saziş üzrə Cavabdeh1 12719,47 manat əsas borc, 3192,59 manat faiz borcu və gecikdirilən vaxta görə faiz borcu (5%lə) 1906,15 manat təşkil edir. Həmin rəydə qeyd edilir ki, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumatda olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏEM/O-699/22 nömrəli mütəxəssis rəyinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən xx.xx.2022-ci il tarixə ipoteka predmeti olan Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 80 000 manat, Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinin likvid dəyəri 102 000 manat, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri isə 25 000 manat müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, dəqiqləşmə barədə verdikləri ərizədə olan tələblərini müdafiə edirlər və tələbin təmin olunmasını xahiş etdi. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2009cu il tarixli 99/5/SKMF nömrəli kredit müqaviləsi və ipoteka müqavilələri, DƏDRX-in çıxarışları, maliyyə arayışı, ödəniş cədvəli, hesabdan çıxarışlar, ekspertiza rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 739.2). Mülki Məcəllənin: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclara münasibətdə tətbiq edilir. Lakin iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 qeyd edilən Fərmanın qüvvəyə tətbiq edildiyi dövr üzrə bir çox banklardan kredit götürmüş və həmin banklarda olan kredit borcunun qalığı 17000 manatdan çox olmuş, eyni zamanda Cavabdeh1 borclarını hissə-hissə ödədiyindən 360 günlük gecikmə olması sübut edilmir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini hazırkı kredit münasibətinə tətbiq etməmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixli 99/5/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istifadə müddəti 48 ay olan 160 000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 7% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evi (0,07 ha torpaq sahəsi ilə birlikdə), Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixli 99/5/SKMF nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli 3 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 18174,09 manat təşkil edir. Restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılır. Cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun əsas və faiz borcu yaranmışdır. İddiaçının tələbində olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmənin təşəbbüşü ilə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5548 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixə Cavabdeh1 əsas borcu 12719,47 manat, faiz borcu 3192,59 manat və gecikdirilmiş borca əsasən hesablanmış faiz borcu (5 faizlə) 1906,15 manat təşkil edir. Lakin iddia tələbində tələb edilən məbləğlər fərqli olduğundan məhkəmə hesab edir ki, məhkəmənin iddia tələbindən kənara çıxmaq səlahiyyəti olmadığından iddiaçı xx.xx.2022-ci il tarixə 12719,47 manat gecikdirilmiş əsas borc, 3192,59 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış ödənilməyən borc məbləğində münasibətdə illik tətbiq edilən 5 faiz hesablama yolu ilə 1875,60 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “8069,38 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində qeyd edilir ki, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumatda olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, sənədlərdə cərimə borcu göstərilməsə belə tərəflər bununla bağlı yazılı razılığa gəliblər. Belə ki, xx.xx.2009-cu il tarixli 99/5/SKMF nömrəli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 42 % hesablanır və borc alan tərəfindən kredit ödənilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462, 462, 467 maddələri). Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 400 manat cərimə borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə), Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ipoteka qoyanlardan biri olan Cavabdeh3 xx.xx.2014cü il tarixdə vəfat etmişdir. Lakin ona məxsus olan ev sağlığında ipotekaya qoyulduğundan hazırki vəziyyətdə ipoteka predmeti kimi ona tutmanın yönəldilməsi mümkündür. Bundan əlavə iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən onun oğlu Cavabdeh1 iş üzrə cavabdeh olmasını nəzərə almışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinin (0,07 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 80 000 manat, Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 25 000 manat, Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinin (0,05 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri isə 102 000 manat müəyyən edilmişdir. Odur ki, həmin məbləğlər əsas götürülərək həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı və ayrı ayrı mülkiyyətçilər, həmçinin əsas borclu arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi üzrə hər bir ipoteka predmetinə məhkəmə tərəfindən yönəldilmə edilməlidir. Belə ki, qeyd edilən ipoteka müqavilələrində ipoteka predmetinə yönəldilməsi üçün müəyyən şərtlər və hər hansı ardıcıllıq müəyyən edilməmişdir. Bunlar qətnamənin icra mərhələsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həll edilməli olan məsələlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 3215/2020 nömrəli qərarından da görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-198/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsini dəyişdirərkən eyni hüquqi mövqeyi nümayiş etdirmişdir. İddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin məhkəmə tərəfindən təmin edilməsi qanunsuz və ədalətsiz olardı. Belə ki, ipoteka predmetinin satışından hərrac nəticəsində əldə olunacaq vəsaitin məbləği və həmin vəsait borcun tam ödənilməsinə kifayət edib-etməyəcəyi hazırkı vəziyyətdə məlum olmadığından gələcəkdə baş verə biləcək hallarla bağlı məhkəmə fərziyyələrə əsaslanan qərar qəbul edə bilməz. İddia tələbinin “ipoteka predmeti olan yaşayış və qeyri yaşayış sahələrinin 1 ay ərzində boşaldılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu halda məhkəmə qərarı tələb edilmir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 188,49 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 104,41 manat dövlət rüsumu cavabdehdən, 84,08 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci 110,78 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 89,22 manat iddiaçıya aid edilməlidir. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 90 manat rüsumun 49,85 manat cavabdeh, 40,15 manatı isə iddiaçıya aid edilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manatın iddiaçıya ödənilməli ola hissəsi 110,78 manat olduğundan və iddiaçı tərəfindən 84,08 manat dövlət rüsumu ödənilməli olduğundan cavabdeh tərəfindən mediasiya üçün ödəniləcək 110,78 manatın iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 84,08 manat dövlət rüsumu çıxılmaqla 26,7 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 84,08 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 104,41 manat dövlət rüsumuna əlavə edilməklə 188,49 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə rüsumun 40,15 manatı iddiaçıya, 49,85 manatı cavabdehə aid olduğundan, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan mediasiya xərci də iddiaçıya ödənilməli olan 49,85 manat rüsuma əlavə edilməli və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş rüsumun 63,93 manat hissəsi cavabdehdən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilən qanunvericiliyin normalarından çıxış edərək hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış və məhkəmənin əsas götürdüyü tədqiqatın dəyəri olan 1200 manat olması məntiqli həddən çox olmaqla tərəfləri əsassız maliyyə yükü ilə yüklənməsinə səbəb ola bilər. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən qiymətləndirilən hər əmlak üçün 150 manat məbləğində müəyyən edilməsi daha ağılabatan və məntiqli olmaqla daha ədalətli olar. Ona görə də, mütəxəssis tərəfindən verilmiş tədiqatın ümumi dəyərinin 450 manat olması qəbul edilməli, həmin məbləğ iddiaçı və cavabdehlərdən bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat tərəflərdən bərabər qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh1 xx.xx.2022-ci il tarixə 12719,47 manat gecikdirilmiş əsas borc, 3192,59 manat faiz borcu, 400 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1875,60 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş rüsumun 63,93 manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləğinin ödənilməsi məqsədi ilə tutma Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) , Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinin (0,07 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 80 000 manat, Cavabdeh2 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.2 kv.m ümumi, 63.3 kv.m yaşayış, 41.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 25 000 manat, Cavabdeh3 məxsus olan Qax şəhəri, Nazim Hikmət küçəsi, 18 saylı fərdi yaşayış evinin (0,05 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri isə 102 000 manat müəyyən edilsin və həmin əmlaklar açıq hərracda satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış ekspertizanın dəyəri olan 100 manatın 50 manatı ləğv prosesində olan İddiaçı ASC-dən və 50 manatı cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 450 manat pulun 225 manatı ləğv prosesində olan İddiaçı ASC-dən və 225 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. 188,49 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar