Məhkəmə qərarları › İş №e-2-2(117)-259/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-259/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-259/2024 28.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “dövlət büdcəsinə 4500 manat icarə haqqı borcunun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “dövlət büdcəsinə 15975 manat icarə haqqı borcunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcmini azaldaraq Cavabdeh “dövlət büdcəsinə 4500 manat icarə haqqı borcunun tutulması” tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmədə iştirak etməmiş, iddiaçı ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizəsində bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Belə ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısı ilə X1 (VÖEN: **********) arasında xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci ilə qədər 300 (üç yüz) hektar dövlət ehtiyat fondundan torpaq sahəsinin icarəsi üzrə müqavilə bağlanmış və həmin müqavilə üzrə öhdəliklər xx.xx.2018-ci il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair alqı-satqı” müqaviləsi üzrə Cavabdeh (VÖEN **********) verilmişdir. xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən bir illik icarə haqqı 900,00 manat təşkil etməklə 300 (üç yüz) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2024-cü il tarixə torpaq icarə haqqı üzrə 4500 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixli **********748400 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı ərizəsində Cavabdeh “dövlət büdcəsinə 4500 manat icarə haqqı borcunun tutulması” tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə bildirişlərini qəbul etsə də, iddia tələbinə münasibət bildirməmiş və ya hər hansı etirazı daxil olmamışdır. Siyəzən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 100 nömrəli sərəncamı ilə həmin tarixdə X1 (VÖEN: **********) arasında xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci ilə qədər 300 (üç yüz) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsinin icarəsi üzrə müqavilə bağlanmış və JN-7293 kod 30400001 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə qeyd edilən torpaq sahəsindən müvəqqəti istifadə hüququ dövlət qeydiyyatına alınmıışdır. Qeyd edilən torpaq sahəsinin müvəqqəti istifadə edən X1 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə notariat qaydasında bağlanmış “Torpaqdan müvəqqəti istifadə hüququna dair alqı-satqı” müqaviləsi üzrə xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklər Cavabdeh (VÖEN **********) verilmişdir. xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2.4-cü bəndinə əsasən bir illik icarə haqqı 900,00 manat təşkil etməklə 300 (üç yüz) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsi Cavabdeh 1 il 3 ay 19 gün müddətinə icarəyə verilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2 % həcmində dayanıqsızlıq ödəməlidir. Müqavilənin 2.6-cı bəndinə əsasən bu müqavilə üzrə ödənişlər hər ilin yanvar ayının 5-də Ağsu RYXO-nun X3 filialındakı AZ39AİİB********************5 nömrəli hesabına ödənilməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən icarə haqqının miqdarı müqavilədə göstərildikdə bir ildə bir dəfə və ya tərəflərin birinin tələbi normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. Müqavilənin 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı axırıncı ayının 25dən gec olmayaraq ödənilir. Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 15975 manat borcu vardır. Həmçinin xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə 900 manat məbləğində icarə haqqı ödənilmişdir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı 4500 manat icarə haqqı borcunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış torpaq icarəsi müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1.Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan respublikası Qanununun 14-cü maddəsinin 9cu bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanıın 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Siyəzən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 100 nömrəli sərəncamı və həmin tarixdə X1 (VÖEN: **********) arasında xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci ilə qədər 300 (üç yüz) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsinin icarəsi üzrə müqavilə bağlanmış və JN- 7293 kod 30400001 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə qeyd edilən torpaq sahəsindən müvəqqəti istifadə hüququ dövlət qeydiyyatına alınmıışdır. X1 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə notariat qaydasında bağlanmış “Torpaqdan müvəqqəti istifadə hüququna dair alqı-satqı” müqaviləsi üzrə xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklər Cavabdeh (VÖEN **********) verilmişdir. xx.xx.2019cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2.4-cü bəndinə əsasən bir illik icarə haqqı 900,00 manat təşkil etməklə 300 (üç yüz) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsi Cavabdeh 1 il 3 ay 19 gün müddətinə icarəyə verilmişdir. Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 15975 manat borcu vardır. Həmçinin xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə 900 manat məbləğində icarə haqqı ödənilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh icarəçi olaraq ona icarə müqaviləsi üzrə hüquqların ötürüldüyü xx.xx.2018-ci il tarixdən və əsas icarə müqaviləsinin qüvvədə olduğu xx.xx.2020-ci il tarixədək yaranmış icarə haqqı borcu üzrə məsuliyyət daşıyır. Düzdür Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə yeni icarə müqaviləsi bağlansa da, həmin şəxsə icarə hüququnun keçdiyi həmin vaxtdan təxminən bir əvvəl baş vermiş və əvvəlki icarə müqaviləsi üzrə də öhdəliklərə görə xx.xx.2018-ci il tarixdən məsuliyyət daşımalıdır. Digər borclara görə məsuliyyət daşıyan şəxs isə əvvəlki icarəçi olan X1 məsuliyyət daşıyır. Qeyd edilən icarə müqaviləsi ilə illik icarə haqqı 900 manat məbləğində müəyyən edilmiş, iş üzrə cavabdeh tərəfindən isə xx.xx.2020-ci il tarixdə 900 manat icarə haqqı ödəmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin Müqavilənin 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı axırıncı ayının 25-dən gec olmayaraq ödənilir. Yuxarıda qeyd edildiyi kimi, icarə hüququ cavabdehə keçdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan olan dövr təxminən 2 il 3 ay 10 gün təşkil edir. Cavabdeh isə bir il üçün 900 manat icarə haqqını ödədiyindən, 1 il 3 ay 10 gün üçün isə icarə haqqı ödənilməmişdir. Bir il üçün 900 manat və 3 ay 10 gün üçün isə (900/12=75; 75x3=225; 75/30=2,5; 2,5x10=25) 250 manat icarə haqqını cavabdeh ödəməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə 1150 manat icarə haqqı borcu olduğu təsdiq olunur. Bundan başqa cavabdehin iddia tələbinin əsassızlığı ilə bağlı etirazı və hazırki iş üzrə əks arqumentlərin olması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1150 manat icarə haqqı borcu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunur. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 38 manat olmalıdır. Odur ki, ödənilməmiş 38 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1150 manat icarə haqqı tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməmiş 38 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar