Məhkəmə qərarları › İş №e-2-2(117)-264/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-264/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-264/2023 01.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı “6167,22 manat əsas borc, 982,78 manat faiz borcu olmaqla, cəmi 6487,57 manat borcun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 29 mart 2020-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixədək TM-224/20 nömrəli kredit müqaviləsi bağlanmışdır. TM-224/20 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 tütün əkini üçün illik 8,5 faizlə hesablanmış 10300 manat məbləğində kredit verməyi, sonuncu isə əsas borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ilə ZT-224/20 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin kredit müqaviləsi üzrə borcalanın öhdəlikləri, həmçinin bu kreditlə əlaqədar yaranmış və yarana biləcək hər cür zərər, dəbbə pulu, komisyon, məhkəmə xərcləri üçün borcalanla birgə məsuliyyət daşıyır. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 9572 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 6167,22 manat əsas və 320,35 manat ödənilməmiş faiz borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Kredit üzrə xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 3404,78 manat əsas, 480,61 manat faiz borcundan ödəniş edilmiş, əsas borcundan 6167,22 manat və faiz borcundan 320,35 manat qalıq borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, açıqlama məlumatı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 29 mart 2020-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixədək TM-224/20 nömrəli kredit müqaviləsi bağlanmışdır. TM-224/20 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 tütün əkini üçün illik 8,5 faizlə hesablanmış 10300 manat məbləğində kredit verməyi, sonuncu isə əsas borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 9572 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 6167,22 manat əsas borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının da tələbində qeyd etdiyi 6167,22 manat əsas kredit məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 982,78 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən iddiaçı kredit təşkilatı tərəfindən cavabdehə 9572 manat kredit illik 8,5 % -lə verilmişdir. Kredit üzrə xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən faiz borcu üzrə 480,61 manat ödəniş edilmişdir. Bu hal işin mübahisələndirilməyən hallarına aiddir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsinə barədə məlumata münasibətdə qeyd edir ki, həmin məlumatın faiz borcu hissəsində ödənilmiş məbləğ 480,61 manat, qalıq məbləğ 320,35 manat qeyd olunmuşdur, lakin iddiaçı 982,78 manat faiz borcunu tələb edir. Məhkəmə qeyd dir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirn (MPM – maddə 77.1). İddiaçı istinad etdiyi halları sübut etməli olduğu halda faiz borcunun məhz 982,78 manat təşkil etməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, əksinə məhkəməyə sübut qismində təqdim etdiyi maliyyə arayışında faiz borcunun 320,35 manat olduğunu təsdiq etmişdir. Göründüyü kimi, cavabdehin faiz borcunun məhz 982,78 manat olmasına dair sübut mövcud deyildir. İddiaçı Mülki Prosessual Məcəllənin tələblərinə əsasən iddia tələbinin hüquqi əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etməmiş, əksinə təqdim etdiyi sübutlardan müəyyən olunduğu kimi cavabdehin faiz borcu 320,55 manat təşkil etməsi iddiaçı tərəfindən təsdiq olunur. Belə olan məhkəmə müvafiq ekspertizanın keçirilməsini zəruri hesab etməyərək məhz Mülki Prosessual Məcəllənin tələblərindən çıxış edərək qeyd edir ki, məhkəmə iddiaçının yerinə sübut toplamamalı və yalnız ziddiyətli məqamlar olduğu təqdirdə həmin ziddiyətin aradan qaldırılması üçün araşdırma aparmalıdır. Belə ki, məhkəmə yalnız təqdim edilmiş sübutlara qiymət verməli və məhkəmənin iddiaçının yerinə sübut toplamaq kimi vəzifəsi mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, faiz borcuna münasibətdə iddia qismən təmin edilməli və iddiaçının sübut qismində təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunmuş 320,55 manat borc əsas borclu olan cavabdehdən tutulmalıdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi kredit müqaviləsinə əsasən ümumilikdə 320,35 manat faiz borcu ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. İddia tələbi üzrə borcun zamin Cavabdeh2 da tutulmasına məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2020-ci il tarixli TM-224/20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2020-ci il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 6167,22 manat əsas, 320,35 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (7150 manat) ödənilməli dövlət rüsumu 91,50 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən 8,48 manat, əsas borclu olan cavabdeh tərəfindən 83,02 manat dövlət rüsumu ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya, 83,02 manat dövlət büdcəsinə və iddiaçıdan 8,48 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 8,48 manat dövlət rüsumu çıxılmaqla 91,52 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 8,48 manat hissəsi isə əsas borclu olan cavabdeh tərəfindən ödənilməli olan 83,02 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 91,50 manat dövlət rüsumu bütöv şəkildə əsas borclu olan cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 6167,22 manat əsas, 320,35 manat faiz borcu, 91,52 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh1 ödənilməmiş 91,50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar