Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-265/2021 03.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “1618,20 manat əsas borc, 144,45 manat faiz borcu, 129,43 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 226,60 manat faiz məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2118,68 manat borcun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli 2339 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 22.04.2015-ci il tarixli 2339 nömrəli zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 və Cavabdeh3 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 1618,20 manat əsas borc, 144,45 manat faiz borcu, 129,43 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 226,60 manat kredit borcu olduğunu əsas gətirərək borcun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh3 27.04.2021-ci il, Cavabdeh1 28.04.2021-ci il tarixlərdə məhkəmə bildirişləri çatdırılmış, Cavabdeh2 göndərilən məhkəmə sənədləri “köçüb” qeydi ilə geri qaytarılmış, məhkəmə sənədləri sonuncuya və ya onun ailə üzvlərinə çatdırılması üçün Yevlax şəhər İcra Hakimiyyətinə 17.05.2021-ci il tarixdə çatdırılmışdır. Buna baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqavilələri, Bildiriş, Ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 1618,20 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli 2339 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 1618,20 manat borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 144,45 manat faiz borcu, 129,43 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 226,60 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 144,45 manat faiz borcu, 129,43 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 226,60 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin borcun zaminlərdən müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırkı iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı 22.04.2015-ci il tarixli kredit müqaviləsinin 2.1-ci bəndindən müəyyən edilmişdir ki, müqavilə üzrə bank 36 ay müddətinə qaytarmaq şərtilə borcalan Cavabdeh1 5000 manat məbləğində krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 5.11-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu, cərimə faizləri və dəbbə pulu tam ödənildikdən sonra öz qüvvəsini itirir. 22.04.2015-ci il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən bu müqavilə borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. 4.7-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edildikdən sonra bu müqavilə öz qüvvəsini itirir. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh1 arasında 22.04.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 22.04.2015-ci il tarixdən etibarən kredit müqaviləsinin müddəti 22.04.2018-ci il tarixdə bitmişdir. Eyni zamanda 22.04.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, müqaviləsinin 4.2-ci bəndində müqavilənin borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşməsinə dair müqavilə şərti qeyrimüəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi Mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biridə tərəflərin intizamlandırılmasına yönəlib. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətilərin mövcud oldğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qqnunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir..... Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 22.04.2018-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 22.04.2019-cu il tarixdə bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, 1618,20 manat əsas borc kredit müqaviləsi üzrə borclu Cavabdeh1 tutularaq iddiaçı banka ödənilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tələb tam təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1618,20 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-265/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-265/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver