Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-271/2024 16.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “10 avqust 2022-ci il tarixdə tərtib edilmiş 600281 nömrəli akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “10 avqust 2022-ci il tarixdə tərtib edilmiş 600281 nömrəli akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia məbləği on min manat məbləğindən az olduğundan iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 0,0163 kv.m torpaq sahəsində yerləşən 123,2 kv.m qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsini içməli su ilə təmin etmək üçün M.Mayılovun həyat yoldaşı Çingiz Mayılovla Cavabdeh ASC ilə müqavilə bağlamış, həmin müqavilə əsasında sonuncunun adına abonent kodu açılmışdır. Bir müddət sözügedən obyekt çay evi kimi fəaliyyət göstərmiş, sonradan qeyri-yaşayış sahəsi və həmin binanın yerləşdiyi torpaq sahəsi Minayə Mayılova tərəfindən xx.xx.2016-cı il tarixdə X1. Fəxrəddin Muradov sözügedən obyekti aldıqdan sonra bir müddət təyinatına uyğun istifadə etsə də, sonradan, yəni 2021-ci ildə qeyri-yaşayış sahəsini sökmüş, boş torpaq sahəsi kimi saxlamışdır. Obyekt söküldükdən sonra, Fəxrəddin Muradov qeyri-yaşayış sahəsinə xidmət edən su sayğacını "xxxx" MMC-nin istifadəsinə vermişdir. Sonradan o, 0,0163 kv.m torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda 0,0163 kv.m torpaq sahəsi "xxxx" MMCnin xüsusi mülkiyyətindədir. Cavabdehin nümayəndələri ünvan 2 ünvana gəlmişlər və həmin ərazidə yerləşən subartezian quyusuna baxış keçirmişlər. Baxışın keçirilməsinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli 600281 saylı akt tərtib olunmuşdur. Aktı tərtib edənlər tərtib etmələrinə səbəb kimi tərəflərindən həmin ünvanda yerləşən “Təzə Bazar” nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasıya sisteminə baxış keçirilməsini qeyd etmişlər. Aktda istehlakçının adı Təzə Bazar qeyd edilmişdir. Aktın məzmunundan qeyd olunmuşdur ki, obyektdə baxış keçirilən zaman 1 ədəd çıxış diametri d=40 mm olan subartezian quyusundan istifadə edildiyi aşkar olundu. Halbuki 280333 saylı kod altında 41316389 saylı müqavilə Cavabdeh ASC tərəfindən “Təzə Bazar” arasında bağlanmamışdır. Ümumiyyətlə “Təzə Bazar” adlı hüquqi şəxs mövcud deyil. Ona görə də həmin akt üzrə cərimə təyin edilə bilməz. Odur ki, hazıki iddia tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddia ərizəsinin surəti cavabdeh orqana Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehə təqdim edilməmişdir. Qeyd edilən maddədə göstərilir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı yalnız pretenziya məktubu qanunla müəyyən edilmiş qaydada cavabdehin elektron kabinetinə göndərməsini təsdiq edən sübutları təqdim etmişdir. Bundan əlavə, MPM-in: 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, bu halda məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı qeyd edir ki, cavabdeh onun barəsində akt tərtib etmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, akt tərtib edilən hüquqi şəxs və məhkəməyə müraciət edən hüquqi şəxs müxtəlif şəxslərdir. Cavabdeh orqan səhvən akt tərtib etsə də, iddiaçı özünün abonent kodunu təsdiq edən, həmçinin borcun iddiaçının hesabına yazılmasını təsdiq edən sənədləri təqdim etməmişdir, eyni zamanda təqdim edilmiş 600281 nömrəli akt ümumiyyətlə oxunmur. Bundan əlavəŞ iddiaçı silinməsini tələb etdiyi məbləği iddia ərizəsinin “xahiş” hissəsində qeyd etməmişdir, məhkəmə hansı məbləğin silinməsinin tələb edilməsini müəyyən edə bilmir. İddiaçının diqqətinə çatdırılır ki, ilkin olaraq iddia ərizəsinin surətini qanunla müəyyən edilmiş qaydada cavabdehə təqdim etməli, onun barəsində tərtib edilmiş müvafiq aktın oxunan formasını, eyni zamanda ərizənin “xahiş ” hissəsində silinməsini tələb etdiyi məbləği aydın qeyd etməli, iddiaçıya məxsus abonent kodunu və borcunu təsdiq edən sənədləri təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-cı, 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “10 avqust 2022-ci il tarixdə tərtib edilmiş 600281 nömrəli akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-271/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-271/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver