Məhkəmə qərarları › İş №e-2-2(117)-275/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-275/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-275/2024 06.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “4600 manat borcun və 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi, müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan 1 ədəd Niva Effekt SK- 5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılması” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı ASC) 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı Cavabdeh satmağı, sonuncu isə texnikanın dəyərini əvvəlcədən ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texnikanın qiymətləndirilən dəyəri 11200 manat təşkil edir. 1.3-cü bəndinə əsasən texnikanın vəziyyəti qismən yararlıdır. Alıcı texnikanın vəziyyəti ilə yerində tanış olmuş, onun keyfiyyətinə və texniki vəziyyətinə hər hansı irad və narazılığı olmamışdır. 2.1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən məbləğdən 5600 manat əvvəlcədən ödənildiyi təqdirdə satıcı texnikanı alıcıya təhvil verir. 2.2.1-ci bəndinə əsasən texnikanın 11200 manat məbləğində qiymətləndirilən dəyərindən əvvəlcədən 5600 manat məbləğində hissəsini dərhal, 5600 manat hissəsini isə taxıl biçinin mövsümünün sonunadək, 2022-ci ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürmüşdür. 2.2.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəmədiyi halda əvvəlcədən ödənilmiş 5600 manat məbləğində vəsait satıcıda saxlanılmaqla texnikanı qeyd şərtsiz geri qaytarır. 3.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənişi yerinə yetirdikdən sonra müqavilə hüquqi qüvvəyə minir. xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixdə imzalanmış razılaşma protokoluna əsasən müqavilənin 2.2.1-ci bəndindəki “5600 manat hissəsini isə taxıl biçinin mövsümünün sonunadək, 2022-ci ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri “4600 manat hissəsini isə taxıl biçinin mövsümünün sonunadək, 2023-cü ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri kimi dəyişdirilməsi ilə bağlı tərəflər razılaşmışlar. xx.xx.2022-ci il tarixli akta əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyinin lazımınca yerinə yetirməmiş, 11200 manat məbləğində olan öhdəliyindən 6600 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və müqavilə müddətinin başa çatmasına baxmayaraq ödəməli olduğu məbləği tam ödəməmişdir. Belə ki, o, şərtlərə əsasən 2023-cü il 15 sentyabr tarixinədək 11200 manat ödəməli olduğu halda 6600 manat məbləğdə ödəniş aparmış və müqavilə üzrə 4600 manat borcu yaranmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada ünvanı üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədləri çatdırılması üçün göndərilmiş, lakin həmin sənədlər cavabdehin məhkəməyə məlum olan bir ünvanına (Oğuz Astarxanovka) çatmamış və xx.xx.2024-cü il tarixdə “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. “Poçt göndərişlərinin izlənməsi” sənədindən göründüyü kimi cavabdehin digər ünvanı üzrə (Oğuz Çaldaş) göndərilmiş məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Buna baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Alğı-satqı müqaviləsi, Akt, Razılaşma protokolu, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə 4600 manat borcun ödənilməsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı ASC) 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı alıcı Cavabdeh satmağı, sonuncu isə texnikanı qəbul etməyi və dəyərini əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixdə imzalanmış razılaşma protokoluna əsasən müqavilənin 2.2.1-ci bəndindəki “5600 manat hissəsini isə taxıl biçinin mövsümünün sonunadək, 2022-ci ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri “4600 manat hissəsini isə taxıl biçinin mövsümünün sonunadək, 2023-cü ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri kimi dəyişdirilməsi ilə bağlı tərəflər razılaşmışlar. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyinin lazımınca yerinə yetirməmiş, 11200 manat məbləğində olan öhdəliyindən 6600 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal maliyyə arayışı ilə təsdiq olunduğundan 4600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılmasına münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır və ləğv edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğısatqı müqaviləsinin 2.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin 1.2-ci bəndində göstərilən məbləği tam ödədikdən sonra texnikanın alıcının mülkiyyətinə verilməsi barədə əmr verilir. 3.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənişi yerinə yetirdikdən sonra müqavilə hüquqi qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında yaranmış münahisəbtlər lizinqdən irəlıi gələn münasibətlər deyildir və bunu təsdiq edən iş materillarında sübut mövcud deyildir. Texnikanın alğı-satqı müqaviləsindən başqa cavabdehin istifadəsinə hansı əsasla verilməsini təsdiq edən sübut mövcud deyildir. Müqavilənin şərtlərinə əsasən lizinq predmetinin qaytarılması və ödənilmiş vəsaitini iddiaçıda qalmasına dair müddəa mövcud olsa da bu hal iddiaçının əsassız varlanmasına, cavabdehin isə həm tenkanın əldən cıxmasına və ödədiyi vəsaitin itirilməsinə gətirib çıxarar. Bu səbəbdən də məhkəmə tərəflərin alğı-satqı müqaviləsində olan iradə ifadələrini və onlarının yaratmaq istədikləri həqiqi hüquqi nəticələri nəzərə alaraq hesab edir ki, iddia tələbi qiymət verilən hissələrdə rədd edilməli və cavabdehdən yalnız borc tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 67 manat olmalıdır ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən 70 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4600 manat borc və 70 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh 67 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar