Məhkəmə qərarları › İş №e-2-2(117)-275/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-275/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-275/2025 24.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 3445/K nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5449.79 manat, faiz borcu üzrə 932.40 manat, cərimə borcu üzrə 126.82 manat olmaqla, cəmi 6509.01 manat kredit borcunun, ödənilmiş 85.10 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3445/K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və refinans məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 9000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 cədvələ uyğun olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 283.55 manat, sonuncu ay isə 283.91 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 3445/Z nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3445/K saylı Kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə müvafiq olaraq zamin Kredit müqaviləsi üzrə borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və 09 dekabr 2028-ci il tarixədək qüvvədədir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində 3550.21 manat əsas borc, ona hesablanmış 3497.27 manat faiz borcu və 95.47 manat cərimə borcu ödənilmiş, 5449.79 manat əsas borc, 932.4 manat faiz borcu və 126.82 manat cərimə borcu ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 5449.79 manat əsas borc, 932.4 manat faiz borcu və 126.82 manat cərimə bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyat ünvanı üzrə xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3445/K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və refinans məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 9000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində 3550.21 manat əsas borc, ona hesablanmış 3497.27 manat faiz borcu və 95.47 manat cərimə borcu ödənilmiş, 5449.79 manat əsas borc, 932.4 manat faiz borcu və 126.82 manat cərimə borcu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5449.79 manat məbləğində kredit borcu və 932.4 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “126.82 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınmaqla iddiaçı 126.82 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən əsas, faiz, cərimə məbləğlərindən qismən ödənilmiş, qalan borc məbləğləri ödənilməmişdir. Odur ki, 5449.79 manat əsas, 932.4 manat faiz, 126.82 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 85.10 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5449.79 manat əsas, 932.4 manat faiz, 126.82 manat cərimə bоrcu, ödənilmiş 85.10 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar