Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-280/2025 05.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2024-cü il tarixli, RBYF-7417 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1797,22 manat, faiz borcuna görə 141,49 manat olmaqla, cəmi 1938.71 manat məbləğində pulun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2024-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında RBYF-7417 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh2 əsas vəsaitlərin artırılması məqsədilə 3000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.7-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilir. 1.2-ci bəndinə əsasən kreditə görə illik 24% faiz hesablanır. Müqavilə üzrə FİFD 25.38% təşkil edir. 3.1-ci bəndinə əsasən, müştəri aldığı krediti Ümumi Şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Borcalan Cavabdeh2 xx.xx.2024-cü il tarixli, RBYF-7417 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə xx.xx.2024-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında RBYF-7417 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə zamin bank qarşısında əsas borclu Cavabdeh2 öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalanla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 1797,22 manat kredit borcu, 141,49 manat faiz borcu qalmışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş ümumilikdə 1938.71 manat bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehlərin ünvanları üzrə göndərilmiş, lakin həmin sənədlər xx.xx.2025-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, xx.xx.2025-ci il tarixdə rəsmi qaydada cavavdehlərə və ya ailə üzvlərinə çatdırılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə göndərilmiş və həmin tarixdə elektron poçt vasitəsilə qəbul edilmişdir. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, arayış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2024-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında RBYF-7417 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh2 əsas vəsaitlərin artırılması məqsədilə 3000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli, RBYF-7417 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 3000 manat məbləği Cavabdeh2 vermiş, lakin sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 1797,22 manat əsas borcu və 141,49 manat faiz borcu qalmışdır. Borcun mövcudluğuna dair arayışı iddiaçı məhkəməyə təqdim etmişdir. Həmin arayışdan da göründüyü kimi cavabdehin xx.xx.2025-ci il tarixə qalıq borcu əsas və faiz olmaqla cəmi 1938,71 manat təşkil etmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı haqlı olaraq hazırkı tələbi irəli sürmüşdür. Cavabdehlər əsas və faiz borcuna münasibətdə hər hansı bir etiraz və ya münasibət bildirməmiş, borcu mübahisələndirməmiş, bu səbəbdən məhkəmə tərəfindən də borc məbləğinin reallığa uyğun olmaması ilə bağlı arqumentlər mövcud olmadığından əlavə araşdırma aparılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və buna görə də əsas borclu Cavabdeh2 və zamin olan Cavabdeh1 1797,22 manat əsas borc və 141,49 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 39,39 manat təşkil edir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən tam ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1797,22 manat əsas, 141,49 manat faiz borcu olmaqla, ümumilikdə 1938.71 manat məbləğində pul və 39.39 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov