Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-286/2024 20.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Logistik Şirkətinə qarşı “xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli olan 83950 ABŞ dolları, yəni, 142715 manat borcun və 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Logistik Şirkətinə qarşı “xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli olan 83950 ABŞ dolları, yəni, 142715 manat borcun və 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, cavabdeh "xxxx" Logistik Şirkəti xarici hüquqi şəxsdir və yalnız hər hansı elektron poçt ünvanı və ya əlaqə nömrəsi ilə əlaqə yarana bilər. İddia ərizəsində isə cavabdeh adı qeyd edilsə də, onun nümayəndəsinin hər hansı əlaqə nömrələri, elektron poçt ünvanı qeyd edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyədək pretenziya qaydasına əməl edilməsi və iddia ərizəsinin cavabdehə çatdırılması barədə tələblərə riayət edilməmişdir. MPM-in: 150.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. Yəni cavabdehin məhkəmədə onun barəsində olan mübahisədən məlumatı olmalıdır. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. MPM-in 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddia ərizəsinin sonunda “Ərizəyə əlavə edilən sənədlərin siyahısı”nda dövlət rüsumunun ödənilməsi barədə qəbz qeyd edilməmiş, “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumat hissəsində hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə tələbkar dövlət rüsumundan azaddır” qeyd edilmişdir. Qeyd edilən hal hazırki iddia ərizəsi üzrə iddia tələblərinə deyil, artıq icra sənədi verilmiş və tutulmamış pul məbləği ilə bağlı tələbkarın tələblərinə aiddir. Həmçinin, məhkəmə bildirir ki, iddia ərizəsinə 434,65 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilsə də, qeyd edilən qəbzin nömrəsi elektron iddia ərizəsində qeyd edilmədiyinə görə etibarlılığı şübhə altındadır. Həmin sənəddə dövlət rüsumunun Bakı Kommersiya Məhkəməsinə ödənildiyi faktı da bunu təsdiqləyir. Həmin rüsumun başqa iş üzrə istifadə edilmədiyi şübhəsini aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Belə ki, iddia ərizəsində cavabdehin elektron poçt ünvanları, telefon nömrələri, digər məlumatlar qeyd edilməli, iddia ərizəsi, həmçinin ona əlavə edilmiş sənədlər cavabdehə ən azı elektron poçt vasitəsilə çatıdırlmalı, iddia ərizəsinin sonunda dövlət rüsumunun ödənilməsi ilə bağlı məbləğ və məlumatlar qeyd edilməli (qəbzin rekvizitlərini daxil edəndə sistem vasitəsilə avtomatik qeyd edilir), o cümlədən yuxarıda sadalanan nöqsanlar aradan qaldırlmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Logistik Şirkətinə qarşı “xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli olan 83950 ABŞ dolları, yəni, 142715 manat borcun və 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-286/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-286/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver