Məhkəmə qərarları › İş №e-2-2(117)-287/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-287/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-287/2025 29.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Şəki rayon sakini Cavabdeh31000 (otuz bir min) manat məbləğində pulu,1 ədəd dəyəri 6000 manat olan Buxarlı iki mərtəbəli elektrik sobası, 1 ədəd dəyəri 1700 manat olan böyük mikser, 1 ədəd dəyəri 1100 manat olan orta boy mikser, 1 ədədinin dəyəri 900 manat olan 2 ədəd cəmi dəyəri 1800 manat olan şirniyyat üçün vitrin soyuducusu, 1 ədəd dəyəri 400 manat olan orta boy ləpə üyüdən, 1 ədədin dəyəri 10 manat olan 45 ədəd cəmi dəyəri 450 manat olan dəmir podnos, 1 ədəd dəyəri 700 manat olan xəmir yoğuran, 1 dəst dəyəri 400 manat olan şirniyyat ləvazimatları, 1 dəst dəyəri 450 manat olan şirniyyat ləvazimatları, 1 ədəd dəyəri 300 manat olan tərəzi, 1 ədəd dəyəri 250 manat olan nerj metaldan təkərli araba, 1 ədədinin dəyəri 250 manat olan 3 ədəd cəmi dəyəri 750 manat olan nerj metaldan 4 mərtəbəli setkalı rəf, 1 ədəd dəyəri 300 manat olan nerj metaldan 2 gözlü qabyuyan, 1 ədəd dəyəri 150 manat olan nerj metaldan stol, 1 ədəd dəyəri 200 manat olan nerj metaldan üstü taxtalı stolu, mövcud olmadıqda onların naturada dəyərini, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat pulun və ödənilmiş 229 (iki yüz iyirmi doqquz manat) manat məbləğindəki dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ildə evinin birinci mərtəbəsini qeyri yaşayış sahəsinə çevirərək oranı icarəyə vermək qərarına gəldi. Həmin yerə xəmir məhsullarının (simit, çörək, şirniyyat və s) hazırlanması, bişirilməsi üçün müvafiq avadanlıqlarla təhciz etmişdir. İcarəyə münasibətləri üzrə Cavabdeh ilə tanış oldu. 2022-ci ilin birinci yarsından obyekti avadanlıqları ilə birlikdə Cavabdeh icarəyə vermişdir. İlk başlanığıcda iş zəifliyindən işləməsində çətinliklər yaranmışdır. Buna görə cavabdeh material alması üçün, işçilərin əmək haqlarını ödəmək üçün hissə-hissə olmaqla ondan pul götürməyə başlamışdır. Yekunda bu günə icarə haqqı daxil olmaqla 31000 manat borcu yaranmışdır. Bir neçə ay işlədikdən sonra İlqar onun obyektinin yerləşdiyi yerin satış üçün səmərəsiz olduğunu və daha yaxşı yerdə icarə götürərək işləmək istədiyini bildirdi. Ondan bir neçə avadanlığı da işləri düzələnə kimi götürüb borcu ilə birlikdə geri qaytaracağını xahiş etdi. O da verdiyi borc pulun geri qaytarılacağının ümidi ilə məcburən razılşadı. Lakin işdən axşam evə gəldikdə obyektdə olan bütün avadanlıqların aparıldığını görmüşdür. Cavabdehlə danışdıqda bildirdi ki narahatçılığa ehtiyac yoxdur, borcla birlikdə geri qaytaracaq. Aralarında yazılı bir razılaşma olmadığı üçün ona dəfələrlə zənglə, Whatsapp yazışması ilə avadanlıqların siyahısı və borcun etirafı barədə yazı yazmasını bildirdi. İlk əvvəllər müxtəlif bəhanələrlə yazacağını və ya yazdığı yazının evə olduğu və göndərəcəyini bildirirdi. Sonda ümumi borcunun və avadanlığın siyahısını WhatsAPP yazışması ilə ona bildirdi. Bundan bir müddət sonra 2023-cü ilin mart ayında onun işlədiyi obyektə getdikdə obyektin tam boş vəziyyətdə olduğunu və cavabdehində orda olmadığını gördüm. Orda olan şəxslərdən soruşduqda İlqarın avadanlıqları satdığını və özünün də bir neçə gün əvvəl obyekti təhvil verib getdiyini bildirdilər. Özü ilə əlaqə saxlamağa çalışsa da mümkün olmadı. Hərdən anası onunla əlaqə saxlayaraq məhkəməyə verməməyini və borcu qaytaracaqlarını bildirir. Bu faktla bağlı olaraq Səbail rayon Polis şöbəsinə müraciət etsə də əməlin mülki xarakterli olması və cavabdehin əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra vəkil vasitəsilə müqavilə bağlayaraq cavabdeh şəxsdən ona dəymiş ziyanın (avadanlıqların dəyəri) və borc məbləğinin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflə aralarında olan yazışmalardan göründüyü kimi ona məxsus olan və qaytarılmayan avadanlıqların siyahısı aşağıdakılardır. Həmin avadanlıqların qiyməti "xxxx" MMC-nin qiymətləndiriciləri tərəfindən aşağıdakı şəkildə qiymətləndirilmişdir: 1 ədəd 6000 manat dəyərində buxarlı iki mərtəbəli elektrik sobası, 1 ədəd 1700 manat dəyərində böyük mikser, 1 ədəd dəyəri 1700 manat olan böyük mikser, 1 ədəd dəyəri 300 manat olan nerj metaldan 2 gözlü qabyuyan, 2 ədəd dəyəri 1800 manat olan vitrin soyuducusu (birinin dəyəri 900 manat), 1 ədəd dəyəri 400 manat olan orta boy ləpəüyüdən, 1 ədəd dəyəri 150 manat olan nerj metaldan stol, 45 dəst ümumi dəyəri 450 manat olan dəmir podnos, 1 ədəd 700 manat dəyərində xəmir yoğuran, 1 dəst 400 manat dəyərində şirniyyat ləvazimatları, 1 dəst 450 manat dəyərində şirniyyat ləvazimatları, 1 ədəd 300 manat dəyərində tərəzi, 1 ədəd 250 manat dəyərində nerj metaldan təkərli araba, 3 ədəd ümumi dəyəri 750 manat olan nerj metaldan 4 mərtəbəli setkalı rəf, 1 ədəd 200 manat dəyərində nerj metaldan üstü taxtalı stol. İş materiallarına əlavə etdiyi WhatsAPP yazışmasından göründüyü kimi, tərəflər arasında icarə münasibətləri və borc alıb-vermək münasibətləri olmuşdur. Sonda cavabdeh yazışma ilə borcunu və onda olan ləvazimatların siyahısını iddiaçıya etiraf kimi yazmışdır. Daha sonrakı yazışmalarda borcunu ödəməyi öhdəsinə götürsə də vədinə əməl etməmişdir. Onunla olan bu münasibətləri 2023-cü ilin mart ayından sonra dayanmışdır. Məhz buna görə də hesab edir ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün məndən götürdüyü borcunu, icarə haqqını və ona məxsus olan ləvazimatların dəyərini ödəməyə borcludur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdeh məhkəmə bildirişləri Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetinə göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Whatsapp yazışmalarından görünür ki, Cavabdeh iddiaçıya 31000 manat məbləğində pul borcunun olduğunu, həmçinin peç (buxarlı iki mərtəbəli elektrik sobası), 1 ədəd ortaboy mikser, 1 ədəd böyük mikser, 1 ədəd nerj metaldan 2 gözlü qabyuyan, 2 ədəd vitrin soyuducusu, ləpəüyüdən, 1 ədəd qabaq stolunun da onda olduğunu qeyd etmişdir.

8. "xxxx" MMC-nin 31 oktyabr 2024-cü il tarixli Qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd 6000 manat dəyərində buxarlı iki mərtəbəli elektrik sobası, 1 ədəd 1700 manat dəyərində böyük mikser, 1 ədəd dəyəri 1700 manat olan böyük mikser, 1 ədəd dəyəri 300 manat olan nerj metaldan 2 gözlü qabyuyan, 2 ədəd dəyəri 1800 manat olan vitrin soyuducusu (birinin dəyəri 900 manat), 1 ədəd dəyəri 400 manat olan orta boy ləpəüyüdən, 1 ədəd dəyəri 150 manat olan nerj metaldan stol, 45 dəst ümumi dəyəri 450 manat olan dəmir podnos, 1 ədəd 700 manat dəyərində xəmir yoğuran, 1 dəst 400 manat dəyərində şirniyyat ləvazimatları, 1 dəst 450 manat dəyərində şirniyyat ləvazimatları, 1 ədəd 300 manat dəyərində tərəzi, 1 ədəd 250 manat dəyərində nerj metaldan təkərli araba, 3 ədəd ümumi dəyəri 750 manat olan nerj metaldan 4 mərtəbəli setkalı rəf, 1 ədəd 200 manat dəyərində nerj metaldan üstü taxtalı stol olmaqla əşyaların ümumi dəyəri 14950 manat olduğu müəyyən edilmişdir.

V. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

VI. Məhkəmənin mövqeyi:

10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı icarə müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni icarə obyektini və əşyaları cavabdehin istifadəsinə vermiş, cavabdeh isə icarə haqqını ödəməmiş, həmçinin iddia ərizəsində göstərilən əşyaların bir hissəsini, yəni 1 ədəd dəyəri 6000 manat olan buxarlı iki mərtəbəli elektrik sobası, 1 ədəd dəyəri 1100 manat olan ortaboy mikser, 1 ədəd dəyəri 1700 manat olan böyük mikser, 1 ədəd dəyəri 300 manat olan nerj metaldan 2 gözlü qabyuyan, 2 ədəd dəyəri 1800 manat olan vitrin soyuducusu (birinin dəyəri 900 manat), 1 ədəd dəyəri 400 manat olan orta boy ləpəüyüdən, 1 ədəd dəyəri 150 manat olan nerj metaldan stolu özündə saxlayaraq iddiaçıya geri qaytarmamışdır. Bu hal iş materiallarında olan Whatsapp yazışmaları ilə öz təsdiqini tapmışdır.

12. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir.

13. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

14. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, 300 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan Şəki Regional Vəkil Bürosunun 03 noyabr 2024-cü il tarixli arayışına əsasən İddiaçı vəkilə hüquqi yardım göstərilməsi ilə əlaqədar Büronun bank hesabına 300 manat ödəniş etmişdir.

15. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 217,35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

16. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və Cavabdeh 31000 manat məbləğində pul və 1 ədəd dəyəri 6000 manat olan buxarlı iki mərtəbəli elektrik sobası, 1 ədəd dəyəri 1100 manat olan ortaboy mikser, 1 ədəd dəyəri 1700 manat olan böyük mikser, 1 ədəd dəyəri 300 manat olan nerj metaldan 2 gözlü qabyuyan, 2 ədəd dəyəri 1800 manat olan vitrin soyuducusu (birinin dəyəri 900 manat), 1 ədəd dəyəri 400 manat olan orta boy ləpəüyüdən, 1 ədəd dəyəri 150 manat olan nerj metaldan stol, əşyalar naturada mövcud olmadıqda dəyəri 11450 manat məbləğində pul, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 217,35 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir.

Vİ. Nəticə:

17. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 31000 manat məbləğində pul və 1 ədəd dəyəri 6000 manat olan buxarlı iki mərtəbəli elektrik sobası, 1 ədəd dəyəri 1100 manat olan ortaboy mikser, 1 ədəd dəyəri 1700 manat olan böyük mikser, 1 ədəd dəyəri 300 manat olan nerj metaldan 2 gözlü qabyuyan, 2 ədəd dəyəri 1800 manat olan vitrin soyuducusu (birinin dəyəri 900 manat), 1 ədəd dəyəri 400 manat olan orta boy ləpəüyüdən, 1 ədəd dəyəri 150 manat olan nerj metaldan stol, əşyalar naturada mövcud olmadıqda dəyəri 11450 manat məbləğində pul, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 217,35 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar