Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-288/2025 01.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı hasarın sökülməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı İstahsalat Birliyinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPSdan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş QPSdan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin Ağdaş şəhəri H. Əliyev prospektindən keçən 160 p/m hissəsi özünə məxsus tikilinin (“Orelay” firması) həyətyanı sahəsinə salınmışdır. Bununla əlaqədar olaraq X2 istismarı İdarəsi tərəfindən cavabdehin ünvanında xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X01928 saylı xəbərdarlıq məktubu ünvanlanaraq sözügedən qaz kəmərinin mühafizə zonasının təmin edilməsi xahiş edilmişdir. Lakin keçən müddət ərzində qanun pozuntusu cavabdeh tərəfindən hələ də aradan qaldırılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 4 və 5 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər.
3. İddiaçı İstahsalat Birliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda iddia tələbini dəqiqləşdirilməsinə zərurət olduğundan tələbin Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş giriş qapısı (darvaza) və ona bitişik istinad hasarların cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dan qidalanan Zeynəddin RDUK-dan çıxan d- 219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş giriş qapısı (darvaza) və ona bitişik istinad hasarların cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
IV. Tədqiq olunan sübutlar:
8. İddiaçı İstahsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, X7 İstismarı İdarəsinin Ağdaş xidmət sahəsinə məxsus Ağdaş QPS-dən qidalanan Zeynəddin RDUK-dən çıxan D 219-lik yerüstü orta təzyiqli daşıyıcı qaz kəmərinə baxış zamanı məlum olmuşdur ki, Ağdaş XS-nə məxsus D 219 mm-lik qaz kəmərinin 160 m hissəsi “Orelay” firması tərəfindən zəbt edilmişdir. Həmin akt İddiaçı İstahsalat Birliyinin əməkdaşları tərəfindən imzalanmışdır.
9. Zaqatala RQİİ-nin Ağdaş üzrə QDX-nin rəisi tərəfindən təsdiq edilmiş orta təzyiqli qaz xəttinin sxemindən görünür ki, “Orelay” Konfet sexi ərazisindən istismarda olan D-219 mm-lik orta təzyiqli paylayıcı qaz xətti keçir və həmin qaz xəttinin 160 m-lik hissəsi “Orelay” Konfet sexinin ərazisinə düşür.
10. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(014)-1862/2023 nömrəli qərardadı ilə hazırki iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş və qeyd edilən ekspertiza üzrə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1271 nömrəli rəy məhkəməyə daxil olmuşdur. Həmin rəydə Cavabdeh istifadəsində olan tikilinin təxminən künc hissəsində yerləşən hissəsi ilə X5 məxsus d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəməri arasında işıq (ara) məsafəsinin 3.73 mm olduğu nəzərə alaraq tikilinin təxminən künc hissəsinin 1,27 metrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 5 № li əlavəsində göstərilən 5 metrlik mühafizə sonasına düşdüyü müəyyən edilmişdir. Həmçinin ekspertlər tərəfindən qeyd olunan qaz kəmərinin “Orelay” Konfet sexi istifadəsində olan torpaq sahəsindən keçən hissəsinin şəkilləri çəkilmiş və həmin şəkillər ekspert rəyində əks olunmuşdur.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seiya MA ******* nömrəli Çıxarışa əsasən görünür ki, Ağdaş şəhəri, H.Əliyev pr., 1 ünvanında yerləşən ümumi sahəsi 3268,43 m2 olan, torpaq sahəsinin ölçüsü 0,7682 olan əmlak komleksi kimi müəssisə Cavabdeh mülkiyyətindədir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev pr., 1 ünvanında yerləşən ümumi sahəsi 3268,43 m2 olan, torpaq sahəsinin ölçüsü 0,7682 olan əmlak komleksinə məxsus torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır.
13. İddiaçı tərəfindən təqdim edilən Ağdaş-Zeynəddin d-219 mm-lik orta təzyiqli qaz kəmərinin pasportunda qaz kəmərinin texniki əlamətləri göstərilmişdir.
14. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyətinin Başçısının Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilən 5-32312/2 *** **** nömrəli məktubda qeyd olunumuşdur ki, “Orelay” Şokolad Fabrikinə nümayəndə göndərilərək araşdırma aparılmış və məlum olmuşdur ki, qaz borusu keçdiyi ərazi qanunsuz olaraq hasarlanaraq fabrikin həyətinə daxil edilmişdir. Fabrikin sahibi Cavabdeh zərurət yarandığı halda hasarlanmış ərazinin tərəfindən söküləcəyi bildirilmişdir.
15. İş materiallarında olan X8 Enerji-Təchizatı və Satışı İdarəsi tərəfindən təqdim edilən MA 2197 nömrəli xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, “Orelay” şirniyyat fabrikinin arxa tərəfində həyətyanı sahənin ərazisində müəsssənin elektrik təchizatına xidmət edən və onun balansında olan 10 KV-luq 1 sənaye hava xətti yerləşir. Həmin ərazidə başqa obyektə məxsus 10 KV-luq 3 sənaye hava xətti və şəbəkəyə məxsus 35 kv-luq Ağdaş-2 hava xəttinin keçdiyi bildirilmişdir.
İV. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsində əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
84.(1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.(1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.(3). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır.
18. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun:
19. Mühafizə zonası və tədbirləri.
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: -boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; -çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. -Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 2.13-cü maddəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 3.21-ci maddəsinə əsasən yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metrdən az olmayan məsafədə, habelə ona xidmət etmək üçün əlçatan yerdə yerləşdirilməlidir. Çöl şəraitində quyuların ağzı yerin səthindən 0,4—0,5 metr hündürdə olmalı və asanlıqla açılan, qıfıllı qapaqla örtülməlidir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;
20. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir.
V. Məhkəmənin mövqeyi:
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
22. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında yaradılan maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağdaş rayonu H.Əliyev prospekti ərazisindən keçən Cavabdeh istifadəsində olan “Orelay” konfet sexinin ərazisindən keçən İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş QPSdan qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin Ağdaş şəhəri, H. Əliyev prospektindən keçən 160 p/m hissəsi özünə məxsus tikilinin (“Orelay” firması) həyətyanı sahəsinə salınmışdır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola biləcəyindən qaz kəmərinə İddiaçı lazımı qaydada nəzarət edə bilməməsi kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır.
23. Məhkəmə həmçinin qeyd edir ki, Ağdaş rayon İcra Hakimiyyətinin Başçısının Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilən məktubla da təsdiq edilir ki, “Orelay” Şokolad Fabrikinin yaxınlığında qaz borusu keçdiyi ərazi qanunsuz olaraq hasarlanaraq fabrikin həyətinə daxil edilmişdir.
24. Nəticə etibarilə, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş mühafizə zonası və təhlükəsizlik tədbirləri qaydaları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir.
25. Məhkəmə iddia tələbinin “Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dan qidalanan Zeynəddin RDUKdan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş giriş qapısı (darvaza) və ona bitişik istinad hasarların cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, qaz kəmərinin mühafizə zonasında inşa edilmiş giriş qapısı (darvaza) və ona bitişik istinad hasarların kimin mülkiyyətində olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportunda Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev pr., 1 ünvanında yerləşən ümumi sahəsi 3268,43 m2 olan, torpaq sahəsinin ölçüsü 0,7682 olan əmlak komleksinə məxsus torpaq sahəsinin planında da hasarlanmış ərazinin cavabdehə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hasarın tikildiyi ərazinin mülkiyyətçisini, eləcə də həmin hasarın qanunsuz tikilməsini müəyyən etmək mümkün olmadığından həmin tikili barədə məhkəmə qərarının çıxarılması da yolverilməzdir.
26. Bundan başqa, məhkəmə qeyd edir ki, magistral qaz kəmərinin yerinin dəyişdirilməsi məsələsi araşdırılmaqla və bunun texniki imkanları müzakirə olunmaqla hasarın sökülməsi yerinə qaz kəmərinin yerinin dəyişdirilməsi daha ədalətli və sosial tarazlıq baxımından daha məqsədəmüvafiq olar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozulduğundan, iddia qismən təmin edilməli, Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dən qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.
28. Bundan başqa məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat pul İddiaçı İstahsalat Birliyindən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilməlidir.
Vİ. Nəticə:
30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən Ağdaş QPS-dən qidalanan Zeynəddin RDUK-dan çıxan d-219 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İstahsalat Birliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat pul İddiaçı İstahsalat Birliyindən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova