Məhkəmə qərarları › İş №e-2-2(117)-291/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-291/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-291/2020 20.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Mübariz Hüseynov Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı X2 (bundan sonra mətndə iddiaçı və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən 10371,53 manat əsas borc, 514,77 manat faiz borcu, 1363,91 manat məbləğində cərimə və 1576,80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 13827,01 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehlərə məxsus olan Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 3 otaqlı, 2 mərtəbəli, 193.29 kv.m ümumi, 72.46 kv.m yaşayış, 120.83 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ləğv prosesində olan İddiaçı X3 ilə Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixdə 20 nömrəli kredit müqaviləsi bağlanaraq illik 6% olmaqla 36 ay müddətinə (18 ay güzəşt, cərimə faizi 1 %, vaxtı keçmiş kredit faizi 12%) 14500 manat kredit verilmiş və xx.xx.2014cü il tarixli 20/i ipoteka müqaviləsinə əsasən öhdəliyinin icrasının təmini üsulu kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Lakin cavabdehlər tərəfindən həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi təmin edilmədiyindən ididaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi A.Nəcəfzadə xx.xx.2020 tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh4 məhkəmə prosesində təqdim etdiyi ərizəsində və verdikləri izahatında bildirmiş ki, iddiaçıya 10371,53 manat borcları mövcuddur. O, İddiaçı ASC-nin Yevlax filialına müraciət etmiş, həmin filialdan ölkə Prezidentinin problemli kreditlərlə bağlı Fərmanının onlara şamil olunduğu bildirilmişdir. Ona görə də bununla bağlı Zamin bank ASC-yə ərizə ilə müraciət etmiş, yeni müqavilənin bağlanması ilə bağlı təklif verildiyi bildirilsə də, onların borc məbləğinə həmin Fərmanın tətbiqi ilə bağlı təklif gəlməmişdir. Həmin bankın Yevlax filialı bağlandığı üçün əllərində heç bir sübutu yoxdur. İddiaçı tərəfindən hazırkı vaxta kimi nə onlara bununla bağlı müraciət edilmiş, nə də ki onlar kimə müraciət etmələrini bilməmişlər. Ona görə də dövlət başçısının Fərmanın onlarla bağlanmış kredit müqaviləsinə də tətbiq edilməsini və hissə-hissə həmin məbləği ödəmək istədiklərini bildirmişdir. Cavabdeh2 əvvəlki cavabdehin izahatında göstərdiklərini təsdiq edərək kredit borcunu ödəmək istədiklərini, lakin dövlət başçısının Fərmanının onlarla bağlanmış kredit müqaviləsinə də tətbiq edilməsini və onlara həmin borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı pretenziya qaydasına tam riayət etmədiyindən və bu imkanı itirmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir.Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında müqavilə xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, həmin müqavilə əsasında cavabdehə 14500 manat kredit verilmişdir və kreditin ödənilməmiş əsas məbləği hazırda iddaçının iddia etdiyi kimi 10371,53 manat təşkil edir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. İş materiallarından və cavabdehlərin ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırkı borc məbləğinin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restruktruzasiya olunması təklif olunmuş və “X1” barədə sənəd verilmişdir. Lakin yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması üçün şərait yaradılmamış və pretenziya qaydasına tam riayət edilməmişdir. İddiaçının təqdim etdiyi “X1” ilə bağlı xx.xx.2020-ci il tarixli sənəddə Cavabdeh4 münasibətdə restruktrizasiya olunması təklif edilən məbləğin 10371,53 manat olması qeyd edilir. Həmin sənəddə borcalana illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restruktruzasiya olunması təklif olunması qeyd edilsə də, iddiaçı bu təklifin cavabdehə verilməsi və ya sonuncuların bu təklifdən imtinası ilə bağlı sənəd təqdim etməmiş, Cavabdeh4 isə belə təklifin olmadığını bildirmiş, hazırkı vəziyyətdə həmin təkliflə razı olduğunu bildirmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, qeyd edilən halların araşdırılması üçün ilkin anda mülki iş məhkəmənin icraatına qəbul edilsə də, hazırkı vəziyyətdə iddiaçı tərəfindən yuxarıda qeyd edilən Fərmanın tələbləri yerinə yetirilmədiyindən işə məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı X2 (bundan sonra mətndə iddiaçı və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən 10371,53 manat əsas borc, 514,77 manat faiz borcu, 1363,91 manat məbləğində cərimə və 1576,80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 13827,01 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehlərə məxsus olan Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 3 otaqlı, 2 mərtəbəli, 193.29 kv.m ümumi, 72.46 kv.m yaşayış, 120.83 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar