Məhkəmə qərarları › İş №e-2-2(117)-292/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-292/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-292/2025 18.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12640.5 manat əsas borc, 1111.54 manat faiz borcu və 88.17 manat cərimə borcu olmaqla, cəmi 13840.21 manat borcun və 131.52 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12640.5 manat əsas borc, 1111.54 manat faiz borcu və 88.17 manat cərimə borcu olmaqla, cəmi 13840.21 manat borcun və 131.52 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit limitinin ayrılmasına dair xx.xx.2022-ci il tarixli 36-MCR-1-73-22 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə, aylıq 2,5% olmaqla 50000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. Eyni zamanda xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşma üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında müvafiq olaraq xx.xx.2022ci il tarixdə Z/13410/22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin (Cavabdeh2) xx.xx.2022-ci il tarixli 36-MCR-1-73-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 36-MCR-1-73-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə əsas borc üzrə 2359.5 manat, faiz borcu üzrə isə 5505.75 manat məbləğində ödəniş edilmişdir. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin Qəbələ filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin noyabrın 20-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12640.5 manat əsas borc, 1111.54 manat faiz borcu və 352.67 manat cərimə borcu olmaqla cəmi 14104.71 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 352.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 88.17 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş öhdəlikləri yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara – kredit limitinin ayrılmasına dair razılaşma, kredit verilməsinə dair müqavilə, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 36-MCR-1- 73-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixə 12640.5 manat əsas, 1111.54 manat faiz, 352.67 manat cərimə borcunun mövcudluğu maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 12640.5 manat əsas, 1111.54 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “88.17 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cərimə borcu 352.67 manat olsa da, iddiaçı 88.17 manat məbləğində cərimə borcu tələb etmişdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı 88.17 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 131.52 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12640.5 manat məbləğində əsas borc, 1111.54 manat məbləğində faiz borcu və 88.17 manat cərimə borcu və ödənilmiş 131.52 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar