Məhkəmə qərarları › İş №e-2-2(117)-296/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-296/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-296/2024 08.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rəfail qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 9490 manat borcun, 5000 manat cərimənin və 134 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh 9490 manat borcun, 5000 manat cərimənin və 134 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli NA-2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, alıcı tərəfindən qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 1 dəst ünvan 1i ünvanında 7.5 ha ərazidə quraşdırılan damlama suvarma sistemini satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği 17500 manat təşkil etmişdir. Müqavilənin 1.4-cü bəndinin tələbinə əsasən müqavilə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfinfən ayrılan güzəştin məbləği 5334 manat təşkil edir. Güzəştin məbləği çıxıldıqdan sonra alıcı tərəfindən ödəniləcək məbləğ 12166 manat təşkil etmişdir. (yekun güzəşt məbləği və onun ayrılma qərarı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin qaydalarına (texnikaların yük gömrük bəyannaməsində qeyd olunan məbləğin 40 faizi) uyğun olaraq hesablanacaq və təsdiqlənəcəkdir). Müqavilənin 1.5-ci bəndinə əsasən güzəşt məbləğinin ayrılmasına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olunarsa, müqavilənin məbləği tam olaraq alıcı tərəfindən ödənilməlidir. Müqavilənin 2.2.2-ci bəndində göstərilmişdir ki, satıcı malları alıcıya xx.xx.2022-ci il tarixindən gec olmayaraq təqdim edilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1 faiz məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə mallar satıcı tərəfindən təhvil verilmişdir və malların təhvil-təsliminə dair aktı hər iki tərəf imzalamışdır. Cavabdeh ona verilmiş malların dəyərindən 8010 manat ödəniş etmiş, lakin malların dəyərinə görə ödənilməmiş 9490 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 9490 manat malların dəyəri üzrə əsas borcu və 5000 manat cərimə borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin və cərimənin ödənilməsini tələb edir. İddiaçı məhkəmənin sorğusuna cavab olaraq bildirir ki, cavabdeh ödəməli olduğu 12166 manatdan yalnız 8010 manat ödəniş etmiş və 4156 manat borcu ödəmədiyinə görə ona güzəşt tədbiq edilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2024-cü il tarixli 3-22-2/2-587/2024 nömrəli məktubla bildirmişdir ki, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respubliaksı Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na əsasən idxal edilən texnikanın və avadanlığın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın və avadanlığın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt Azərbaycan Respubliaksının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. xx.xx.2022-ci il tarixli NA-2022 nömrəli alqı-satqı müqaviləsində qeyd edilən texnika və avadanlıqlar üçün Agentlik tərəfindən İddiaçı MMC-nin və Cavabdeh hesablarına ödənilməsi məqsədi ilə 40 faiz güzəşt məbləği ayrılmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. Sadalanan sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli NA-2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı, alıcı tərəfindən qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 1 dəst Ucar rayonu, Qulabəndə kəndində 7.5 ha ərazidə quraşdırılan damlama suvarma sistemini satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə mallar satıcı tərəfindən təhvil verilmişdir və malların təhvil-təsliminə dair aktı hər iki tərəf imzalamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 1.4-cü bəndinin tələbinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfinfən ayrılan güzəştin məbləği 5334 manat təşkil edir. Güzəştin məbləği çıxıldıqdan sonra alıcı tərəfindən ödəniləcək məbləğ 12166 manat təşkil etmişdir. (yekun güzəşt məbləği və onun ayrılma qərarı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin qaydalarına (texnikaların yük gömrük bəyannaməsində qeyd olunan məbləğin 40 faizi) uyğun olaraq hesablanacaq və təsdiqlənəcəkdir). Müqavilənin 1.5-ci bəndinə əsasən güzəşt məbləğinin ayrılmasına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olunarsa, müqavilənin məbləği tam olaraq alıcı tərəfindən ödənilməlidir. Məhkəmənin sorğusuna əsasən qeyd edilən 40% güzəşt məbləğinin tərəflərə ayrılmadığı bildirilmişdir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən isə Agentlik müvafiq vəsaiti hər hansı bir səbəbdən verməzsə, qeyd edilən ödənişlər (5334 manat da daxil) bütövlükdə alıcı tərəfindən yəni cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı öhdəliyin mövcud olduğu qeyd edilmişdir. Məhkəmə də qeyd edilən müqavilə tələbləri baxımından müəyyən edir ki, iddiaçının bildirdiyinə görə cavabdeh müqavilə üzrə 8010 manat məbləğində vəsaiti iddiaçının hesabına ödəmiş, öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı ödənilməmiş qalan 9490 manat borc məbləğinin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdeh tərəfindən məhkəmə bildirişləri alınsa da məhkəmə iclaslarında iştirak etməməsi (hazırlıq iclası təxirə salınsa da) və cavabdehə sübutların təqdim edilməsi təklif edilsə də, sübutlar təqdim edilmədiyindən məhkəmə aidiyyəti orqana sorğu verməkdən əlavə araşdırma aparmamış və işdəki sübutları müvafiq qətnamənin qəbul edilməsi üçün kifayət hesab etmişdir. İddia tələbinin “5000 manat cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən alıcı öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1 faiz məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin əmlak mənafeləri, iddiaçının məhkəməyə vaxtında müraciət etməməsini, borc üzrə qismən də olsa ödəniş edilməsini və digər hallar nəzərə alınmaqla cərimə borcunun azaldılaraq cavabdehdən 400 manat cərimə borcunun tutulmasını ədalətli, qanuni və ağlabatan hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə tərəfindən cərimə borcu azaldılsa da, ümumilikdə əsas borcun mövcudluğu təsdiq edilmiş, lakin yuxarıda qeyd edilən normaların tələbləri baxımından rüsum iddia tələbinə münasib tərəflər arasında bölüşdürülməlidir. Ona görə də cavabdehdən 91,46 manat tutularaq iddiaçıya ödənilməli, 42,54 manat isə iddiaçının hesabına aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9490 manat borc, 400 manat cərimə və ödənilmiş dövlət rüsumunun hissəsi olan 91,46 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar