Məhkəmə qərarları › İş №e-2-2(117)-299/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-299/2020

27.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-299/2020 27.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxx” ASC “X1” MMC-yə qarşı “Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə cavabdehin hesabına su sayğacının qoyulması və qeyriqanuni olaraq göstərilməyən xidmət üçün hesablanmış 40 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə içməli və istehsalat məqsədli suyun verilməsi, habelə tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı su təchizatı və kanalizasiya xidmətlərinə dair xx.xx.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmıdır. Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin su təminatı dayandırılmış, yeni xətt çəkildikdən sonra sayğaç quraşdırlmayaraq qeyri-yaşayış sahəsinə suyun verilməsi bərpa edilməmişdir. İddiaçının bununla cavabdehə və “xxxxxx” ASC-nin yerli bölmələrinə müraciətləri isə nəticəsiz qalmışdır. İddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh kafeni su ilə təchiz etməyi, o isə suyun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq xx.xx.2019-cu ildə ona heç bir xəbərdarlıq edilmədən və yeni su xətti çəkilmədən suyun verilişi dayandırılmış, buna baxmayaraq həmin ilin noyabr və dekabr ayları üçün ayda 20 manat olmaqla borc hesablanmışdır. Dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq hazırkı vaxtadək kafeyə su xətti çəkilməmiş, sayğac quraşdırılmamışdır və ona əsassız olaraq 40 manat borc hesablanmışdır. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Şəki şəhəri M.Füzuli adına bağın giriş hissəsində yerləşən mülkiyyətində olan Bahar kafesinə 2019-cu ilin noyabr ayından etibarən cavabdeh tərəfindən suyun verilişi dayandırılmışdır. Yeni su xətti çəkilsə də mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su sayğacının quraşdırılmasından sayğacın dəyərinin onun tərəfindən ödənilməli olduğunu bildirilərək imtina edilmişdir. Bundan başqa noyabr ayı ərzində göstərilməyən xidmətin müqabilində ona 40 manat qanunsuz borc hesablanmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndə R.İ.Məhərrəmova ərizə ilə məhkəməyə müraciət edərək məlum hadisələrlə əlaqədar məhkəmə iclasında nümayəndənin iştirakının məqsədəmüvafiq hesab edilmədiyini bildirmiş və məhkəmə iclasının qeyri-müəyyən müddətə təxirə salınmasını məhkəmədən xahiş etmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə məhkəmə icraatı elektron kabinet vasitəsi ilə həyata keçirildiyindən cavabdeh elektron kabinet vasitəsi ilə iddia tələbinə münasibət bildirmək imkanına malik olmuşdur ki, cavabdehin məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciəti əsassızdır. Bundan başqa cavabdeh digər məhkəmə iclasılarında da nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbinə münasibət bildirmək əvəzinə yalnız məhkəmə iclaslarının təxirə salınması ilə bağlı vəsatətlərlə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə, bildirişlər, xəbərnamələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə cavabdehin hesabına su sayğacının qoyulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında iddiaçıya məxsus Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə içməli və istehsalat məqsədli suyun verilməsi, habelə tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı su təchizatı və kanalizasiya xidmətlərinə dair xx.xx.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmış və Şəki şəhərinin icməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlərin görülməsinə qədar həmin müqavilə əsasında öhdəliklərini icra etmişlər. Yeni su xətti çəkildikdən sonra iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sayğaçının quraşdırılması cavabdeh tərəfindən təmin edilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.1-ci bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDKnın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (yeməkxanalar tərəfindən xidmətlərin gösətrilməsi) vergi orqanında qeydiyyata alındığından və fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirildiyindən, iddia tələbi bu hissədə təmin edilməli və iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bahar kafesinə cavabdehin vəsaiti hesabına su sayğacı quraşdırılmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin qeyri-qanuni olaraq göstərilməyən xidmət üçün hesablanmış 40 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ona hansı tarixdən suyun verilişinin dayandırılması, ümumiyyətlə 40 manat borcun hesablanması, habelə su verilməyən aylar üçün suyun dəyərinin hesablanması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi sayğacın cavabdehin vəsaiti hesabına quraşdırılması hissəsində təmin edildiyindən ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə cavabdeh “xxxxxx” ASC “X1” MMC-nin hesabına su sayğacı quraşdırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 10 manat Dövlət rüsumu cavabdeh “xxxxxx” ASC “X1” MMC-dən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar