Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-3/2021 26.01.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh “CavabdehASC-nin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabadeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə, cəmi 355037,31 ABŞ dolları, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabadeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə, cəmi 355037,31 ABŞ dolları, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2020-ci il tarixdə məhkəməyə “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məktub ünvanlayaraq ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün tələb olunan əlavə sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasının mümkün olmamasını bildirmişdir. İş üzrə məhkəmə ekspertizası təyin edildikdən sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi və cavabdehin isə xx.xx.2020-ci il tarixdə iddia tələbi üzrə iki müqavilə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizələri daxil olmuşdur. Məhkəmə ekspertiza aparılmadan iş materialları əsasında işin faktiki hallarını müəyyən etməyi mümkün hesab etdi. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə “İddia müddətinin tətbiq edilməsinə dair” ərizə təqdim edərək iddia tələbinin “xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, xx.xx.2006-cı il tarixli 293926,42 AB, dolları faiz, 61110,89 ABŞ dolları cərimə, cəmi 355037,31 ABŞ dolları məbləğində borcun tutulması” hissəsi üzrə iddia müddəti ötürüldüyündən, həmin hissəyə iddia müddətini tətbiq etməsini və bununla bağlı bütün öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında xx.xx.2005-ci il və xx.xx.2006-cı il tarixlərdə bağlanmış müqavilələr üzrə əsas borc məbləği tam ödənilsə də, birinci müqavilə üzrə cavabdehin 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN məbləğində borcu, ikinci müqavilə üzrə isə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə, cəmi 355037,31 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər edildikdə bank tərəfindən güzəştlər edilərək ödənilən borc məbləği faiz və cərimələrdən tutulmalı olduğu halda, əsas borcdan tutulmuşdur. Göründüyü kimi, bank tərəfindən cavabdehə lazımi güzəştlər edilmişdir. Tərəflər arasında əməkdaşlıq davam etdirilmiş, xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə isə ödənilməmiş 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh" ASC-nin nümayəndələri X5 və X3 məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbini qismən etiraf edərək bildirdilər ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borc mövcuddur. İddia tələbinin qalan hissədə iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqavilələri, hesabdan çıxarışlar, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında 2005-2006-cı illərdə və 2017-2018-ci illərdə müxtəlif müqavilələr bağlanmışdır. xx.xx.2005-ci il tarixdə müqavilə bağlanmış müqaviləyə əsasən 60 ay müddətinə illik 7% olmaqla 489832,3 manat, xx.xx.2006-cı il tarixli müqavilə 12 ay müddətinə illik 20%-lə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilələr üzrə xx.xx.2012-ci ildə 500000 manat, xx.xx.2012-ci ildə 39676,62 manat, xx.xx.2012-ci ildə 150000 manat, xx.xx.2012-ci ildə 300155,58 manat məbləğində gecikdirilmiş əsas borc üzrə ödənişlər edilmiş və həmin müqavilə üzrə əsas borc məbləği tam ödənilmiş, birinci müqavilə üzrə 44223 manat faiz, 160975 manat cərimə, ikinci müqavilə üzrə isə 293926 manat faiz, 61111 manat cərimə borcu qalmışdır. Cavabdehin nümayəndəsi qeyd edilən müqavilələr üzrə “İddia müddətinin tətbiq edilməsi barədə” ərizə verdiyindən, məhkəmə həmin müqavilələr üzrə tələblərə iddia müddəti tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı həmin müqavilələr üzrə faiz və cərimə borclarının qaytarılmasını tələb etməkdə haqlı deyildir və iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -371.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -380-ci maddəsinə görə isə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi qanunverici, iddia müddətlərini iddia tələbinin əsasında dayanan hüquq münasibətinin xarakterinə görə fərqləndirmiş, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuş, həmçinin iddia müddətinin axımının hansı hallarda kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə üzrə edilən son ödəniş xx.xx.2012-ci il tarixdə və xx.xx.2006-cı il tarixli müqavilə üzrə xx.xx.2012-ci il tarixdə həyata keçirildiyindən, iddia müddətinin axımı müvafiq olaraq 2012-ci ilin 31 avqust və 07 fevral tarixlərindən başlamış və qanunvericiliklə müəyyən edilmiş 3 (üç) illik iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia tələbinin “xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borcun tutulması” hissəsinə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi həmin hissədə etiraf edildiyindən və məhkəmə tərəfindən etiraf qəbul edildiyindən, bu hal tərəflərin və digər şəxslərin hüquq və qanuni mənafelərinə zidd olmadığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin “xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli müqavilənin 7-ci, xx.xx.2018-ci il tarixli müqavilənin 8-ci hissəsində öhdəliyin vaxtından əvvəl xitamı halları qeyd edilmişdir. Həmin müqavilələr üzrə borc məbləğinin iddiaçının xeyrinə tutulması məhkəmə tərəfindən qət edildiyindən faktiki olaraq tərəflər arasında müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verilmişdir. Odur ki, həmin müqavilələrin formal olaraq qüvvədə qalması gələcəkdə cavabdeh üçün əlavə öhdəliklər yaranmasına, lüzumsuz faiz və cərimə borclarının hesablanmasına səbəb ola biləcəyindən, həmçinin iddiaçı da tələbində israrlı olduğundan məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabadeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələri ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddia tələbinin təmin edilmiş hissəsi üzrə məbləğ yüksək olduğundan, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 manat əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borc və 30 AZN dövlət rüsumu tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabadeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələri ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Kommersiya Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-3/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-3/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver