Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-304/2023 06.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli müqavilə üzrə 5970 manat əsas borc, 1791 manat faiz borcu olmaqla cəmi 7761 manat, eləcə də 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “xx.xx.2015-ci il tarixli müqavilə üzrə 5970 manat əsas borc, 1791 manat faiz borcu olmaqla cəmi 7761 manat, eləcə də 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyaların alqı satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən məişət avadanlıqlarının alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 6840 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqavilələrinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 870 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Onun xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu əsas borcunun məbləği 5970 manat təşkil edir. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə müddəti keçmiş dövr ərzində illik 30 faiz məbləğində artırılmış faizləri ödəməlidir. Lakin cavabdehin maddi vəziyyətini nəzərə alaraq müddəti ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz üzrə borcunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1791 manat tələb edir. Hazırda cavabdehin ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5970 manat əsas borcu və 1791 manat hesablanmış faiz üzrə borcu, cəmi 7761 manat hesablanmış borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından işə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisədə tərəflərin subyektiv tərkibi mübahisənin kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırki iş üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır, fərdi sahibkar statusu malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, vergi ödəyici olmayan şəxsin iştirakı ilə yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir. Belə ki, İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarında göstərilmidir ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrə 2 hal istisna olmaqla ümumi məhkəmələr tərəfindən baxılır ki, hazırki iş üzrə işin kommersiya məhkəmələri tərəfindən baxılmalı olması imkanı olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmadığından və mübahisə subyektiv tərkibinə görə mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalı və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli müqavilə üzrə 5970 manat əsas borc, 1791 manat faiz borcu olmaqla cəmi 7761 manat, eləcə də 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-304/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-304/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver