Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-31/2021 04.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “8917,77 manat əsas borc, 362,98 manat faiz borcu, 14654,58 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1249,92 manat faiz məbləği olmaqla cəmi 25185,25 manat kredit borcu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat, məhkəmə mübahisəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri F.İsayev küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılmaları, evin boşaldılması və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 115.LN.2004.201114.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə istifadə müddəti xx.xx.2017-ci il tarixədək olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri F.İsayev küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 5 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Bundan sonra Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərmanına əsasən kredit borcunun restruktruzasiya olunmasını xahiş etmiş və tərəflər arasında xx.xx.2019-cu il tarixdə 115.LN.1676.271219.00001 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kredit və k/x ödənilməsi məqsədləri üçün bank tərəfindən borcalan Cavabdeh1 illik 1 faizlə 8917,77 manat kredit ayırmış və müqavilə, müqavilənin 10.1-ci bəndinə əsasən imzalandığı andan qüvvəyə minmişdir. Buna baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC xx.xx.2014-cü il tarixli 115.LN.2004.201114.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin ödənilməmiş 8917,77 manat əsas borc, 362,98 manat faiz, 14654,58 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1249,92 manat faiz məbləği olmaq cəmi 25185,25 manat kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərlə məhkəməyə müraciət etmiş və iddiasını onnla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 115.LN.2004.201114.00001 nömrəli kredit müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmədiyindən sonuncunun banka əsas, faiz, cərimə və əlavə hesablanmış faizlər üzrə borcu yaranmışdır. İşin məhkəmə araşdırması zamanı “X4” MMC tərəfindən təqdim edilmiş evin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax şəhəri F.İsayev küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 49000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmənin sualına cavab olaraq bildirdi ki, cavabdeh 2019-cu ildə bağlanmış yeni müqavilə üzrə də öhdəliklərini yerinə yetirmədiyindən hazırkı iddanı irəli sürmüşlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2014-cü ildə 15000 manat məbləğində kredit götürmüş və müəyyən ödənişlər etmişdir. Lakin, iqtisadi gərginliklə əlaqədar ödənişləri davam etdirə bilməmişdir. Banka dəfələrlə borcun restrukturizasiyası ilə bağlı müraciət etdikdən sonda 2019-cu ildə onunla yeni müqavilə bağlanaraq illik 1 faizlə 8917,77 manat kredit ayırmışdır. Buna baxmayaraq, bank tərəfindən 25000 manat borc tələb edildiyindən yeni müqavilə üzrə ödənişləri etməmişdir. 2019-cu ildə baqlanmış müqaviləyə əsasən 8917 manatı ödəməyə hazırdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 115.LN.2004.201114.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə istifadə müddəti xx.xx.2017-ci il tarixədək olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 8917,77 manat borcu qalmışdır. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Hazırkı iş üzrə borclu Cavabdeh1 qeyd olunan Fərmanına tələblərinə uyğun olaraq kredit borcunun restruktruzasiya olunması ilə bağlı müraciət etmiş və tərəflər arasında xx.xx.2019-cu il tarixdə 115.LN.1676.271219.00001 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kredit və k/x ödənilməsi məqsədləri üçün bank tərəfindən borcalan Cavabdeh1 illik 1 faizlə 8917,77 manat kredit ayırmışdır. Göründüyü kimi, Fərmanın tələblərinə əsasən problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı hazırki iş üzrə iddiaçı banka ayrılmış dövlət vəsaiti hesabına cavabdehin borcu restruktruzasiya olunmuş, onunla yeni müqavilə bağlanmış və ödəmə qrafiki tərtib edilmişdir. Buna baxmayaraq, ləğv prosesində olan İddiaçı ASC ilkin, yəni xx.xx.2019-cu il tarixli müqavilə ilə öz hüquqi qüvvəsini itirən xx.xx.2014-cü il tarixli 115.LN.2004.201114.00001 nömrəli kredit müqaviləsinə əsaslanaraq cavabdehdən 8917,77 manat əsas borc, 362,98 manat faiz, 14654,58 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1249,92 manat faiz məbləği olmaq cəmi 25185,25 manat kredit borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərmanına əsasən cavabdehin kredit borcu restruktruzasiya olunduğundan və bununla da xx.xx.2014-cü il tarixli 115.LN.2004.201114.00001 nömrəli kredit müqaviləsi artıq hüquqi qüvvəsini itirdiyindən cavabdehin həmin müqavilə üzrə heç bir öhdəliyi yoxdur və həmin müqavilə əsasında cavabdehdən kredit borcu, eyni zamanda cərimə və faiz tutula bilməz. Belə olan halda, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 30,40 manat dövlət rüsumu və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 32 manat xərc iddiaçıya aid edilməlidir. Eyni zamanda ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pul iddiaçıdan tutularaq “X4” MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “8917,77 manat əsas borc, 362,98 manat faiz borcu, 14654,58 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1249,92 manat faiz məbləği olmaqla cəmi 25185,25 manat kredit borcu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat, məhkəmə mübahisəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri F.İsayev küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılmaları, evin boşaldılması və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pul İddiaçı ASC-dən tutularaq “X4” MMC-nin “xxxx” ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-31/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-31/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver