Məhkəmə qərarları › İş №e-2-2(117)-325/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-325/2025

29.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-325/2025 29.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.979,06 manat, habelə hüquqi xidmətə görə ödənilmiş 1.500 manat, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,8 manat, cəmi isə 6.548,86 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “Xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alqısatqısı haqqında” GCY-021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə: 1.1. Cavabdeh Çobankərə kəndi ərazisində 10.85 ha torpaq sahəstində öz işçi qüvvəsi ilə ərizəçi İddiaçı MMC-yə məxsus texnika ilə bütün kənd təsərrüfat işlərinin yerinə yetirərək məhsuldarlıqlı pambıq əkib-becərmə və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. 1.2. 2024-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Cavabdeh sahəsində aparılan işlər) xidmətlərin göstərilməsi nəticəsində formalaşmış avans İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verdiyi xam pambığın dəyərindən tutulur. 1.3. Cavabdeh tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə "xxxx" MMC-yə təhvil verilib satılması və İddiaçı MMC tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Cavabdeh verilməsi təmin olunur. 2.1.2. Cavabdeh 10.85 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentrdən az olmamaqla istehsal etdiyi xampambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıq təmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Cavabdeh saxlanılan etalonlara uyğun olan kondisiya çəkidə müqavilədə qeyd olunmuş İddiaçı MMC-nin mülkiyyətinə tədarük mövsumu vaxtı, lakin 31 dekabr 2024-cü il tarrixdən gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. 5.2. Cavabdeh xam pambığın yığımı və təhvili zamanı müqavilə şərtlərini pozduqda və məhsulu başqa müştəriyə satmağa cəhd etdikdə İddiaçı MMC bu zaman dəymiş ziyanı hesablayır və onun dəyəririn 305-dən artıq olmamaqla Cavabdeh cərimə edir və bu barədə müvafiq dövlət orqanlarına sənədləri təqdim edir və Cavabdeh tərəfindən həmin vəsaitin ödənilməsini tələb edir. İddiaçı MMC, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh istifadəsində olan 10.85 ha torpaq sahəsi MMC-nin texnikaları və dərman preparatları hesabına pambıq səpini üçün hazırlanmış, xam pambığın istehsalı prosesində zəruri olan bütün aqrotexniki tədbirlər həyata keçirilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə həmin işlərə görə 18.640,29 manat məbləğində xərc çəkilmişdir. Cavabdeh iddiaçı tərəfindən görülən işlərin həcminə və keyfəyyətinə qarşı hə hansı iradə, tələbi olmamışdır. İddiaçı bütün işləri vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Lakin Cavabdeh müqaviənin şərtlərinin icrasına vicdanla yanaşmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 10.85 ha torpaq sahəsində İddiaçı MMC-nin dəstəyi ilə xam-pambığı əkib becərmiş, lakin yığdığı məhsulu tam həcmdə İddiaçı MMC-yə təhvil verməmişdir. Cavabdeh, onunla İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə zidd olaraq 3.5 ha torpaq sahəsindən yığdığı məhsulu başqa tədarükçü olan hüquqi şəxsə təhvil vermişdir. Cavabdeh bu hərəkəti qəsdən etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin pozulması nəticəsində İddiaçı MMC-yə olan 2.819,06 manat məbləğində borcunun qaytarılmasından yayınmışdır. Cavabdeh "xxxx" MMC-yə 2.819,06 manat məbləğində əsas borcun olması onun özünün imzaladığı xx.xx.2024-cü il tarixli ərizə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh imzaladığı həmin ərizədə qeyd olunur ki, Cavabdeh özünə məxsus bank kartını İddiaçı MMC-yə təhvil verir ki, xam pambıq əkilməsi ilə bağlı dölət tərəifndən ona vreilən subsidiyadan İddiaçı MMC-yə olan 2.819,06 manat məbləğində pulun ödənilməsi təmin olunsun. Bundan başqa, iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtləri əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2.100 manat cərimə hesablanmışdır. Belə ki, müqavilə şərtlərinə görə, Cavabdeh hər ha yığacağı məhsulun minimum həcmi 1.5 ton olmalıdır. Hər bir ton məhsulun dəyəri isə 800 manat təşkil edir. Belə olan halda, Cavabdeh kənar tədarükçüyə 3.5 ha ərazidən yığdığı məhsulu satıdığına görə İddiaçı MMC tərəfindən Cavabdeh tətbiq edilən cərimənin (ziyanın) məbləği 2.100 manat təşkil edir.

3. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiyaları Sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki ərizə ilə iddia tələbini dəqiqləşdirərək, iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranmış 2.819,06 manat əsas borcun, 2.160 manat cərimənin, cəmi isə 4.979,06 manat məbləğində pulun, habelə hüquqi xidmətə görə ödənilmiş 1.500 manat, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,8 manat, cəmi 6.548,86 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişlər.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, cavabdeh məhsulu onlara verməli idi, lakin pambığı başqasına satıb. İddiaçının hüquqi xidmətə görə ödədiyi 1.500 manat pula dair sübutu yoxdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İş materiallarında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GCY-021 nömrəli “xam pambığın becərilməsi birgə fəaliyyəti və məhsulun alqı-satqısı haqqında” müqavilənin predmentinə əsasən satıcı (Cavabdeh) özünə məxsus və ya icarəyə götürdüyü Çobankərə kəndində 10,85 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə Alıcıya (İddiaçı MMC) məxsus texnika ilə bütün kənd təssərüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlığlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığın bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən satıcı xam pambığın yığımı və təhvili zamanı müqavilə şərtlərini pozduqda və məhsulu başqa müştəriyə satmağa cəhd etdikdə alıcı bu zaman dəymiş ziyanı hesablayır və onun dəyərinin 30 %-dən artıq olmamaqla həmin satıcının cərimə edir və bu barədə müvafiq dövlət orqanına sənədləri tədim edir və satıcı tərəfindən həmin vəsaitin ödənilməsini tələb edir. 5.4-cü bəndinə əsasən satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda məhsul təhvil verirsə, onda ödənilməyən xam pambığın 30 % miqdarında alıcıya cərimə ödəyir.

8. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məxsus torpaq sahəsinə qeyd olunan müqavilədən irəli gələn iş və xidmətlərin adları və qiymətləri öz əksini tapmışdır. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

9. Cavabdeh tərəfindən imzalanan öhdəlik ərizəsinə əsasən Cavabdeh İddiaçı MMCyə 2819,06 manat məbləğində borcu olduğunu qeyd etmiş və həmin ərizə cavabdeh tərəfindən imzalanmışdır.

10. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

V. Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

13. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı və podrat müqaviləsindən irəli gəlir.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GCY-021 nömrəli “xam pambığın becərilməsi birgə fəaliyyəti və məhsulun alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ona məxsus torpaq sahəsinə pambıq əkilməsi üçün iş və xidmətlər göstərməyi, cavabdeh isə öz növbəsində həmin xidmətlər hesabına torpaq sahəsinə pambıq əkib həmin pambıqı iddiaçıya satmağı öhdəsinə götürmüşdür.

15. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini qismən icra etmiş və bununla da cavabdehin iddiaçıya 2819,06 manat həcmində borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli alqı-satqı və podrat hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin alqı-satqı və podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.

16. Beləliklə məhkəmə hesab edir ki, iddia əsas borcun yəni 2819,06 manatın tələb edilməsi hissəsində əsaslıdır və Cavabdeh xx.xx.2023-cü il tarixli GCY-021 nömrəli “xam pambığın becərilməsi birgə fəaliyyəti və məhsulun alqı-satqısı haqqında” müqavilə üzrə 2819,06 manat məbləğində əsas borc pul tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə “xam pambığın becərilməsi birgə fəaliyyəti və məhsulun alqı-satqısı haqqında” müqavilə üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda məhsul təhvil verirsə, onda ödənilməyən xam pambığın 30 % miqdarında alıcıya cərimə ödəyir.

18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli GCY-021 nömrəli müqavilə üzrə 140,9 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

20. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 1500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsində rədd edilməlidir.

21. Belə ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün “X5” MMC ilə “hüquq xidmətlərinin göstərilməsi barədə” müqavilə bağlandığı və həmin xidmətin əvəzi olaraq “X5” MMC-yə 1500 manat ödənildiyi iddia edilsə də, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddianın bu hissədə əsaslılığını sübut etmə yükü iddiaçının üzərində olduğu halda onun əsaslığını sübut edəcək dəlillər məhkəməyə təqdim edilməmiş və sübut edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.

22. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə uyğun olaraq 49,59 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Vİ. Nəticə:

23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh xx.xx.2023-cü il tarixli GCY-021 nömrəli müqaviləyə əsasən 2819,06 manat əsas borc, 140,9 manat cərimə borcu olmaqla cəmi 2959,96 manat məbləğində pul və 49,59 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar