Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-327/2025 10.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı MMC-nin cavabdehlər “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1 - yə qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1yə qarşı “cavabdehlər “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1dən xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən ödənilməli 308 308,20 ABŞ dollarının, məhkəmə üçün ödənilmiş 814,62 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh “Cavabdeh3” şirkətinin iddia ərizəsində ünvanı Polşa Respublikası, Varşava şəhəri, Pori küçəsi, 78 göstərilsə də, onun müvafiq xarici ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədlər (həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd) iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 442.1. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. 442.2. Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 15/2023 nömrəli, “14” dekabr 2023-cü il tarixli Qərarına əsasən : 1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. 1.4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti: 1) vətəndaşı olduqları dövlətin qanunları ilə; 2) bir neçə vətəndaşlığı olduqda onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə; 3) vətəndaşlığı olmadıqda daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə; 4) qaçqın olduqda sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir (MPM-in 441-ci maddəsi). 1.5. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından xarici fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici sənəd(lər)lə müəyyən etməlidirlər. 1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. 1.7. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən öz ölkəsində prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər (MPM-nin 442.1-ci maddəsi). 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.7. Məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz. 2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh “Cavabdeh3” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli İİB002/2024 saylı və Appendix №3a razılaşma müqaviləsinin 9-cu maddəsinə əsasən tərəflər aralarında yarana biləcək mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılacağı barədə razılığa gəlmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqi ünvanı ünvan 1baycan Respublikasının məhkəməsi hazırki mübahisəyə baxılmasında beynəlxalq səlahiyyətə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 15/2023 nömrəli, “14” dekabr 2023-cü il tarixli Qərarında həmçinin qeyd edilir ki; 3.7. Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir. 4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. 4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. 4.7. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barədə verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilir (MPM-in 457-ci maddəsi). 4.8. Konsul leqallaşdırması “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına üzv olmayan dövlətlərdə verilmiş sənədlərdəki imzaların həqiqiliyini, bu sənədin konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etmək üçün həyata keçirilir. Sənədlərin apostil edilməsinə nisbətən konsul leqallaşdırması daha uzunmüddətli prosedur olaraq bir neçə qurumun təsdiqini zəruri edir; sənədin təqdim olunması nəzərdə tutulmuş xarici dövlətin diplomatik və konsulluq idarələri tərəfindən təsdiq edilməsi üzrə formallıqların həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilən sənədləri geri qaytarır. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən cavabdeh “Cavabdeh3” şirkətinin Polşa Respublikasında mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədlər (həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd) iddia ərizəsinə əlavə edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ödənilmiş 815 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin cavabdeh “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1ə qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixli Rabitəbank ASC vasitəsi ilə ********** nömrəli hesaba ödənilmiş 815 manat dövlət rüsumu İddiaçı MMC -yə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-327/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-327/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver