Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-328/2023 02.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “603,80 ABŞ dolları əsas, 288,34 ABŞ dolları faiz, 1930,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 80,64 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 9,36 manat dövlət rüsumu və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın Cavabdeh2 məxsus olan ümumi çəkisi 6 qram təşkil edən 583 əyyarlı üzük, ümumi çəkisi 7 qram təşkil edən 583 əyyarlı komplekt və ümumi çəkisi 16.6 qram təşkil edən 750 əyyarlı komplektə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 18 ay müddətinə ümumilikdə 2700 ABŞ dolları məbləğində əsas vəsaitin artırılması məqsədilə kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 32 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 64 % dərəcəsilə, aylıq isə 5,33 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən ödənilir. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli ********* nömrəli girov müqaviləsində göstərilmiş Cavabdeh2 məxsus olan ümumi çəkisi 6 qram təşkil edən 583 əyyarlı üzük, ümumi çəkisi 7 qram təşkil edən 583 əyyarlı komplekt və ümumi çəkisi 16.6 qram təşkil edən 750 əyyarlı komplekt girov predmeti kimi qəbul olunmuşdur. Eyni zamanda xx.xx.2014-cü il tarixdə bankla Cavabdeh1 arasında 360004529/ZM nömrəli borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixdə bankla borclu və zamin arasında bağlanmış R113/15 nömrəli kredit müqaviləsinə və zaminlik müqaviləsinə əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 1567,14 ABŞ dolları təşkil etmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə bankla borclu və zamin arasında bağlanmış 2 nömrəli əlavə sazişlərə əsasən kredit bank tərəfindən restruktruzasiya edilmiş, borcalanın kredit öhdəliyi 3823,95 ABŞ dolları (2046,92 ABŞ dolları əsas, 1210,19 ABŞ dolları faiz və 566,84 ABŞ dolları cərimə bocu), saziş imzalandığı tarixdən illik faiz dərəcəsi 8 % təşkil etmiş və restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh olan əsas borclu kredit müqaviləsi və sazişlər üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə borcalana əsas vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 2700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 360004529/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus olan ümumi çəkisi 6 qram təşkil edən 583 əyyarlı üzük, ümumi çəkisi 7 qram təşkil edən 583 əyyarlı komplekt və ümumi çəkisi 16.6 qram təşkil edən 750 əyyarlı komplekt banka girov qoyulmuş, daha sonra bank ilə borclu Cavabdeh2 arasında girov müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3823.95 dollar təşkil edən kredit öhdəliyinin qalığı təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməli idi. Kredit və Zaminlik müqavilələri üzrə tərəflər arasında bağlanmış R113/15 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 1567.14 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə tərəflər arasında bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyi (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3823.95 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi tələbi” ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə MŞŞ/MT018/2023-00366 nömrəli xx.xx.2023cü il tarixli arayış tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********205 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun banka 603,80 dollar əsas, 288,34 dollar faiz borcu var. Həmin borcu bağlamaq istəyir. Lakin qızıllarını ona göstərmirlər. Qızıllar ona qaytarıldığı təqdirdə borcunu bağlayar. Keçən məhkəmə iclasından sonra bankın əməkdaşı ilə əlaqə saxlamış, ona bildirilmişdir ki, qızılların qaytarılacağına söz vermir. Bundan başqa ona yenidən pul lazım olduğundan müqavilə müddətini uzadıb bankdan yenidən pul götürmüşdür. 2019-cu ildə ölkə rəhbərinin problemli kreditlərin restrukturizasiyası ilə bağlı imzaladığı fərmandan sonra ona heç bir məlumat verilməyib. Təxminən 2017-2018-ci illərdə banka kredit ödənişlərini dayandırmışdır. 2017-ci ildən 2019-cu ilədək kredit ödənişlərində gecikmələri olmuşdur. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankın nümayəndəsi ilə mediasiya prosesində 1540 manatın ödənilməsi ilə bağlı razılaşmışlar. Elsevərin oğlu pulu ödəmək üçün Bakıya getmiş, lakin oradakı nümayəndə 500 manatın indi ödənilməsini, qalan məbləğin isə sonra ödənilməsini bildirmişdir. Qızılları onlara göstərmədiklərinə görə pulu ödəməmişlər. Cavabdehlər əsas və faiz borcuna münasibətdə iddia təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Girov müqaviləsi, Zaminlik müqaviləsi, Əlavə sazişlər, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 603,80 ABŞ dolları əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 18 ay müddətinə ümumilikdə 2700 ABŞ dolları məbləğində əsas vəsaitin artırılması məqsədilə kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 32 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə bankla borclu və zamin arasında bağlanmış R113/15 nömrəli kredit müqaviləsinə və zaminlik müqaviləsinə əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 1567,14 ABŞ dolları təşkil etmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə bankla borclu və zamin arasında bağlanmış 2 nömrəli əlavə sazişlərə əsasən kredit bank tərəfindən restruktruzasiya edilmiş, borcalanın kredit öhdəliyi 3823,95 ABŞ dolları (2046,92 ABŞ dolları əsas, 1210,19 ABŞ dolları faiz və 566,84 ABŞ dolları cərimə bocu), saziş imzalandığı tarixdən illik faiz dərəcəsi 8 % təşkil etmiş və restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh olan əsas borclu kredit müqaviləsi və sazişlər üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 603,80 ABŞ dolları borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında məhz 603,80 ABŞ dolları məbləğində əsas borcunun olmasını etiraf etmişdir. Bu səbəbdən həmin borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdeh olan əsas borclu Cavabdeh2 tutularaq iddiaçı banka ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 288,34 ABŞ dolları faiz, 1930,29 ABŞ dolları cərimə, müqavilə bitəndən sonra hesablanmış 80,64 ABŞ dolları faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixdə bankla borclu və zamin arasında bağlanmış 2 nömrəli əlavə sazişlərə əsasən kredit məbləği bank tərəfindən restruktruzasiya edilərək borcalanın kredit öhdəliyi 3823,95 ABŞ dolları (2046,92 ABŞ dolları əsas, 1210,19 ABŞ dolları faiz və 566,84 ABŞ dolları cərimə bocu) məbləğində müəyyən edilmiş və həmin tarixli saziş üzrə cavabdeh tərəfindən edilən ödənişlərdə gecikmələr olmuşdur. Belə ki, cavabdehə cərimə borcunun hesablanması bunu bir daha təsdiq edir. Bundan sonra Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan dörd ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyə qədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, bank tərəfindən məhz Fərmanın tələblərinə uyğun restruktruzasiya aparılmadığından məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi qiymət verilən hissələrdə rədd edilməlidir. İddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Cavabdehlə restruktruzasiya tətbiq olunmaqla yeni müqavilə bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borcunu silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamış olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borclarını tələb edə bilərlər. Bundan başqa iddiaçı Fərmanın tələblərini yetirə yetirmiş olsaydı cavabdehin ABŞ dollarında olan və devalvasiyalar nəticəsində yüksəlmiş məzənnə ilə ödədiyi kreditə görə kompensasiya da ala bilərdi. Eyni zamanda məhkəmə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişə münasibətdə onu qeyd edir ki, həmin saziş əsasında kredit məbləği bank tərəfindən restruktruzasiya edilmiş, qeyd olunan ölkə başçısının Fərmanı isə 28 fevral 2019-cu il tarixdə imzalanmışdır. Bundan başqa Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın 8.6-cı bəndinə əsasən, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Cavabdehlə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin pozulması və bu münasibətlərin məhz Fərmanın təsir dairəsinə düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış borcun restrukturizasiya olunması barədə xx.xx.2017-ci il tarixli əlavə saziş ilə müəyyən edilir ki, cavabdeh olan borcalanın kredit öhdəliyi 3823,95 ABŞ dolları (2046,92 ABŞ dolları əsas, 1210,19 ABŞ dolları faiz və 566,84 ABŞ dolları cərimə borcu) təşkil edir. Göründüyü kimi, iddiaçı borcun gecekdirilməsinə görə cavabdehə xx.xx.2017-ci il tarixə 566,84 ABŞ dolları məbləğində borc hesablamış və bu hal kreditin problemli kredit olmasını təsdiq edir. Bundan başqa iddiaçı iddia ərizəsinin əsaslandırmasında göstərmişdir ki, “borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi”. Göründüyü kimi, iddiaçı tərəf kreditin problemli olması və müddətin Fərmanla müəyyən edilmiş 360 gündən çox gecikdirilmiş olması aşkardır ki, cavabdehdə məhkəmə iclasında izahatında gecikdirmələrinin olmasını təsdiq edir. Hazırki münasibətlər kreditin müqaviləsinin bağlanma tarixi, məbləği və gecikdirmə müddətinə görə Fərmanın təsir dairəsinə düşür və bu səbəbdən də Fərmanın tələbləri tətbiq edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı bankın ləğvetmə prossesində olması sonuncunu və ya onun ləğvedicisini Fərmanın tələblərinin tətbiq edilməsindən azad etmir. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın 10-cu bəndnə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin etirafına uyğun iddiaçının da tələb etdiyi kimi 603,80 ABŞ dolları borc Cavabdeh2 tutulmalı iddia digər borcların tutulması hissələrində rədd edilməlidir. Bunlardan başqa məhkəmə borcun zamin Cavabdeh1 da tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, zaminlik müqaviləsi və əlavə sazişlər üzrə müddət müəyyən edilmiş, lakin müqavilələrin məzmunundan görünür ki, müqavilənin qüvvədə olma müddəti kredit müqaviləsindən irəli gələn öhdəliklərinin qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2020-ci il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 məxsus olan ümumi çəkisi 6 qram təşkil edən 583 əyyarlı üzük, ümumi çəkisi 7 qram təşkil edən 583 əyyarlı komplekt və ümumi çəkisi 16.6 qram təşkil edən 750 əyyarlı komplektə yönəldilməsi, açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı banka borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin girov predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, girov predmeti olan qızıl-zinət əəşyaları açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borcun cavabdehlərdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın girov predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında Qanunun tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissələrdə rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, girov qoşulmuş qızıl-zinət əşyaları ipotekanın deyil girovun predmetini təşkil edir. Girov qoyulmuş əşyaların ilkin satış dəyərinin müəyyən edilməsi və qətnamədə göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də girov qoyulmuş əşyalara, əşyalar təqdim olunmadan onun dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamış və bu hal icra qaydasında icra qurumları tərəfindən həyata keçirilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi ilə hazırki iş üzrə iddianın qiymətinə əsasən (2903,07 ABŞ dolları = 4935,219 manat) ödənilməli dövlət rüsumu 69,35 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən 54,93 manat, əsas borclu olan cavabdeh tərəfindən 14,42 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən 9,36 manat dövlət rüsumu ödənildiyindən həmin məbləğ onun tərəfindən ödənilməli olan 54,93 manat rüsumdan çıxılmalı və iddiaçı tərəfindən 45,57 manat dövlət rüsumu ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci əsas borclu olan cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya, 14,42 manat dövlət büdcəsinə və iddiaçıdan 45,57 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 45,57 manat dövlət rüsumu çıxılmaqla 14,43 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 45,57 manat hissəsi isə əsas borclu olan cavabdeh tərəfindən ödənilməli olan 14,42 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 59,99 manat dövlət rüsumu bütöv şəkildə əsas borclu olan cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 603,80 ABŞ dolları əsas borc, 14,43 manat mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh2 məxsus olan ümumi çəkisi 6 qram təşkil edən 583 əyyarlı üzük, ümumi çəkisi 7 qram təşkil edən 583 əyyarlı komplekt və ümumi çəkisi 16.6 qram təşkil edən 750 əyyarlı komplektə yönəldilsin, həmin daşınar əmlaklar açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 59,99 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-328/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-328/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver