Məhkəmə qərarları › İş №e-2-2(117)-330/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-330/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-330/2023 27.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, 363,31 manat cərimə borcu olmaqla, cəmi 7757,35 manat, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu, 886,43 manat cərimə borcu olmaqla, cəmi 6663,60 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/4514 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixidək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 6000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixidək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15% olmaqla, 5000 manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, 363,31 manat cərimə borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu, 886,43 manat cərimə borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas borcu yaranmışdır. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3618 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 6000 manat əsas, 1615 manat faiz, 379,95 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 5000 manat əsas, 1224,93 manat faiz və 916,85 manat cərimə borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqavilələri, hesabdan çıxarış, xəbərdarlıq, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/4514 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixidək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 6000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixidək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15% olmaqla, 5000 manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu yaranmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3618 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 6000 manat əsas, 1615 manat faiz, 379,95 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 5000 manat əsas, 1224,93 manat faiz və 916,85 manat cərimə borcu vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi həcmində DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir. Bundan başqa, məhkəmə DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 363,31 manat, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 886,43 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 363,31 manat deyil, 100 manat, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 886,43 manat deyil, 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırki iş üzrə iddianın qiymətinə əsasən (14420,95 manat) ödənilməli dövlət rüsumu 133,26 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 133,26 dövlət rüsumunun 8,78 manat hissəsi iddiaçıdan, 124,48 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 50 manat xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 124,48 manat dövlət büdcəsinə və iddiaçıdan 8,78 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 8,78 manat dövlət rüsumu çıxılmaqla 191,22 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 8,78 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 124,48 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 133,26 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, 100 manat cərimə borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu, 200 manat cərimə borcu, 191,22 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh X1 133,26 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci cavabdeh X1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar