Məhkəmə qərarları › İş №e-2-2(117)-336/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-336/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-336/2021 20.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədova Zərifə Faiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və “X4 Sanayi və Ticaret Limited” Şirkətinin Cavabdeh MMC-yə qarşı İddiaçı1 şirkətinə ödənilməli olan 53216,59 Avro əsas borc, 11175,48 Avro faiz, X4 Sanayi və Ticaret Limited” şirkətinə ödənilməli olan 26015,06 Avro əsas borc, 5463,16 Avro faiz və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və “X4 Sanayi və Ticaret Limited” Şirkəti Cavabdeh MMC-yə qarşı İddiaçı1 şirkətinə ödənilməli olan 53216,59 Avro əsas borc, 11175,48 Avro faiz, X4 Sanayi və Ticaret Limited” şirkətinə ödənilməli olan 26015,06 Avro əsas borc, 5463,16 Avro faiz və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şirkətlər tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş sənədlərdən müəyyən edilir ki, X4 VE SENAYİ VE TİCARET LİMİTİD Şirkəti ********** vergi nömrəsi altında Türkiyə Respublikasında qeydiyyata alınmış, ünvan1 ünvanında fəaliyyət göstərir. Eyni zamanda, X6 şirkəti X1vericiliyi əsasında fəaliyyət gösətərən Azad Zona orqanı kimi qeydiyyata alınmış qeydiyyat nömrəsi 548-dir. Cavabdeh ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış və ünvan 1 ünvanında fəaliyyət göstətərir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 07.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07.09.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 01.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlər əsasında cavabdehin online alqı-satqı nəticəsində iddiaçılara borcunun mövcud olduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 09.07.2021-ci il tarixli məktubuna əsasən 2009-2014-cü illər ərzində aparılan idxal-ixrac əməliyyatları haqqında sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. 2009-2012-ci illər üzrə təqdim edilmiş cavabdehin iddiaçı şirkətlərdən idxal etdiyi malların siyahısına əsasən, ümumilikdə həmin dövr ərzində vaxtaşırı plastik çöplər-truboçkalar, şirələrin qablaşdırılması üçün qutular və plyonkalar və s. sifariş verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, tərəflər arasında meyvə şirələri üçün ləvazimatların online alqı-satqı həyata keçirilmiş, malların göndərilməsi elektron poçt və digər yazışmalar vasitəsilə icra edilmiş, nəticədə cavabdehin iddiaçı şirkətlərə borcu yaranmışdır. İddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatında bildirdi ki, tərəflər arasında ticarət münasibətləri mövcud olsa da, cavabdeh tərəfindən bütün göndərilən malların dəyəri ödənilmiş, tələbdə qeyd edilən borc məbləği əsassızdır, iddiaçının təqdim etdiyi təhvil-təslim aktından qarşı tərəfin məlumatı olmayıb, həmin aktda imza mövcud deyildir. Əgər əsaslıdırsa, qanunvericiliyin müəyyən etdiyi iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada alqı-satqı üzrə materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara gömrük sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, hazırkı mübahisə beynəlxalq elementli mübahisədir və Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı işə baxılması ilə bağlı səlahiyyəti mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda….. və digər hallar. Tərəflər mübahisənin digər dövlətin məhkəmələri və ya arbitraj məhkəmələri tərəfindən baxılmalı olması ilə bağlı hər hansı bir saziş təqdim etməmişlər və hazırkı işə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmasına hər hansı bir etiraz bildirməmişlər. Bu səbəbdən cavabdehin fəaliyyət göstərdiyi yer işə baxan məhkəmənin yurisdiksiyasına aid olduğundan məhkəmə hazırkı işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 406.1, 406.3, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 442-ci maddələrində nəzərdə tutulmuşdur. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Məhkəmə əvvəlcə cavabdehin nümayəndəsi və vəkili Vəkil “iddia müddətinin tətbiqi barədə” ərizəsinə münasibətdə qeyd edir ki, cavabdehin ərizəsi hazırkı halda qəbul edilməsi mümkün deyildir. Belə ki, mülki qanunvericiliyin tələbinə görə tələb üzrə iddia müddəti o vaxt tətbiq edilə bilər ki, ilkin olaraq mübahisə üzrə borcun mövcud olması, yaranma vaxtı və ödənilməmə halları müəyyən edilsin, həmçinin bununla müddətin başlaması, kəsilməsi və ya dayandırılması halları ilə bağlı xüsusatlar tam məlum olsun. Hazırkı vəziyyətdə isə borcun mövcudluğunu təsdiq edən sübutlar yoxdur və ya iddiaçı tərəf təqdim edə bilməmişdir. Bu səbəbdən də, iddiaçıların iddia etdiyi borc məbləğinin hansı dövrləri əhatə etdiyi konkret müəyyən edilmədiyindən və iddiaçılar iddialarını sübut edə bilmədiyindən, iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilə bilər. Məhkəmə işə mahiyyəti üzrə baxaraq müəyyən etmişdir ki, tərəflər arasında mövcud olmuş alqı-satqı münasibətlərini təsdiqləyən müqavilə məhkəməyə təqdim edilməsə də, iş materialları ilə, həmçinin tərəflərin nümayəndə və vəkillərinin məhkəmə iclaslarında verdikləri izahatları ilə sübut olunur ki, tərəflər arasında cavabdehin mallarının qablaşdırılması ilə müvafiq ləvazimatların alınması ilə bağlı online alqı-satqı münasibətləri mövcud olmuşdur. Bu işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçı şirkətlərdən hər birinə münasibətdə ayrılıqda iddia tələbinin əsaslılığı, həmçinin ümumilikdə borcun mövcudluğunu iddiaçı tərəf sübut edə bilməmişdir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı həmin alqı-satqı münasibətləri nəticəsində cavabdehin İddiaçı1 şirkətinə ödənilməli olan 53216,59 Avro əsas borc, 11175,48 Avro faiz, X4 Sanayi və Ticaret Limited” şirkətinə ödənilməli olan 26015,06 Avro əsas borc, 5463,16 Avro faiz borcunun olmasıdır. Məhkəmə iş materiallarını araşdırmış və müəyyən etmişdir ki, tərəflər arasında sonuncu dəfə 2014-cü il tarixdə online alqı-satqı müqaviləsinin icrası üzrə malların göndərilməsi həyata keçirilmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, 2009-2012-ci illər üzrə təqdim edilmiş cavabdehin iddiaçı şirkətlərdən idxal etdiyi malların siyahısına əsasən, ümumilikdə həmin dövr ərzində vaxtaşırı plastik çöplərtruboçkalar, şirələrin qablaşdırılması üçün qutular və plyonkalar və s. şifariş verilmiş və cavabdehə çatdırılmışdır. Həmçinin, iş materiallarında olan hesab-fakturalardan da göründüyü kimi, iddiaçılar tərəfindən 10.10.2008-ci il tarixdə 3120,53 Avro, 24.09.2009-cu il tarixdə 5775,37 Avro, 01.04.2010-cu il tarixdə 1802,88 Avro, 07.04.2010-cu il tarixdə 6355,41 Avro, 08.07.2010cu il tarixdə 9168,46 Avro, 23.03.2011-ci il tarixdə 936,27 Avro, 22.11.2011-ci il tarixdə 2499,35 Avro, 11.04.2012-ci il tarixdə 2072,95 Avro məbləğində mal satılmış və xidmət göstərilmişdir. İddiaçı tərəfin təqdim etdiyi mühasibat cədvəllərdə cavabdeh tərəfindən ödənilmiş məbləğlərə dair qeydlər edilmişdir. Lakin, iddiaçılar cavabdehin həmin müddətdən əvvəl və sonra hansı məbləğdə borcunun olmasını təsdiqləyən sübutları təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 30.04.2019-cu il tarixli üzləşmə aktında X1 Şirkəti tərəfindən 01.08.2013-31.07.2018-ci illər ərzində CavabdehMMC-yə mal göndərmiş, ümumi ödəniş məbləği 319981,51 AVRO qeyd edilmiş, borc məbləği 53216,59 Avro borc qaldığı göstərilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş 30.04.2019-cu il tarixli üzləşmə aktında X1 Şirkəti tərəfindən 31.03.2009-11.04.2012-ci illər ərzində CavabdehMMC-yə mal göndərmiş, ümumi ödəniş məbləği 28088,01 AVRO qeyd edilmiş, borc məbləği 26015,06 Avro borc qaldığı göstərilmişdir. Qeyd edilən hər iki üzləşmə aktı kimi təqdim edilən sənəd yalnız iddiaçı Şirkətlər tərəfindən təsdiq edilmiş cavabdehin həmin aktda heç bir təsdiqedici imzası və ya möhürü olmamış və ya elektron qaydada təsdiq etməsi müəyyən edilməmişdir. İddiaçı tərəfə qeyd edilən üzləşmə aktında göstərilən sənədləri ayrılıqda məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəf həmin sübutları təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilən məsələlərin aydınlaşdırılması üçün məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspert tərəfindən verilən rəydə təqdim edilən sənədlər əsasında cavabdehin iddiaçı şirkətlərə borcunun olduğunu müəyyən etməyin mümkün olmadığı nəticəsinə gəlmişdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçılar cavabdeh tərəfindən hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir. Odur ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulması hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. Məhkəmə iddiaçıların tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, həmin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə hüquqi qiymət verib belə qənaətə gəlir ki, ekspert rəyi iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlarla istisna edilə bilmədiyindən, məhkəmə tərəfindən həmin rəyin sübut olaraq qəbul edilməsi və qiymətləndirilməsi əsaslıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat ekspertiza xərci hər iki tərəfdən tutulmalıdır. Nəticəvi hissə: İddiaçılar İddiaçı1 və “X4 Sanayi və Ticaret Limited” Şirkətinin Cavabdeh MMC-yə qarşı “İddaçı İddiaçı1 şirkətinə ödənilməli olan 53216,59 Avro əsas borc, 11175,48 Avro faiz, iddiaçı “X4 Sanayi və Ticaret Limited” şirkətinə ödənilməli olan 26015,06 Avro əsas borc, 5463,16 Avro faiz və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulması” tələbinə dair iddiası rədd edilsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı1 və “X4 Sanayi və Ticaret Limited” Şirkətindən və 25 manatı Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar