Məhkəmə qərarları › İş №e-2-2(117)-338/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-338/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-338/2021 14.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh Göyçay rayon Yalman Bələdyyəsinə qarşı “205,34 manat ziyanın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Göyçay rayon Yalman Bələdyyəsinə qarşı iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək “205,34 manat ziyanın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdida ərizəsinə qoşma kimi iddia ərizəsinin cavabdehə göndərilməsi barədə qəbz və pretenziya məktubu və qəbzin adları qeyd olunsa da, sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan sənədlərin adları iddia ərizəsinə qoşma kimi qeyd olunduğundan hazırki iş məhkəmənin icraatına qəbul edilmiş və 19.05.2021-ci il tarixli məktubla həmin sənədlər iddiaçıdan tələb edilmiş, lakin hazırki vaxtadək məhkəməyə təqdim edilməmişdir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair sənədi iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. İddiaçının diqqətinə çatdırılır ki, qanunvericiliyin tələblərinə riayət etməklə yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırıb yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Göyçay rayon Yalman Bələdyyəsinə qarşı “205,34 manat ziyanın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar