Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-34/2020 18.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nümayəndə və X1 “Tac” Kredit İttifaqı nın Cavabdeh oğluna qarşı “1156,02 manat kredit, 161,84 manat faiz və 323,68 manat cərimə borcu olmaqla cəmi 1641,97 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq “Tac” Kredit İttifaqına ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətə 157/SKMF-130 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditverən “Tac” Kredit İttifaqı kreditalan Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün illik 6 % və güzəşt müddəti 12 ay olmaqla 36 ay müddətinə 5000 manat kredit verməyi, kreditalan Cavabdeh isə kredit borcunu hesablanmış faizlə birlikdə qeyd olunan müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə illik 6 % faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. 6.1-ci bəndinə əsasən, bu müqaviləyə 1 saylı əlavədə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Kreditverən kredit müqaviləsi ilə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, kreditalan öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1156,02 manat kredit borcu qalmışdır. “Tac” Kredit İttifaqı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh kredit borcu haqqında maliyyə arayışından görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə faiz borcu 40,46 manat, həmin tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə 80,92 manat təşkil edir. İddiaçı tərəfindən kredit, faiz borcu və cərimənin ödənilməsi ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq borc ödənilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, “Tac” Kredit İttifaqından 5000 manat kredit götürmüşdür. Həmin kredit üzrə ittifaqa 1156,02 manat ödənilməmiş kredit borcu vardır, borcunu etiraf edir. Cərimənin və faizlərin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2020-ci il tarixli 180/848 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Maliyyə arayışı, Bildirişlər, cavabdehin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, “X4” ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətə 157/SKMF-130 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditverən “Tac” Kredit İttifaqı kreditalan Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün illik 6 % və güzəşt müddəti 12 ay olmaqla 36 ay müddətinə 5000 manat kredit verməyi, kreditalan Cavabdeh isə kredit borcunu hesablanmış faizlə birlikdə qeyd olunan müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Kreditverən kredit müqaviləsi ilə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, kreditalan öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1156,02 manat kredit borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, “Tac” Kredit İttifaqından 5000 manat kredit götürmüşdür. Həmin kredit üzrə ittifaqa 1156,02 manat ödənilməmiş kredit borcu vardır, borcunu etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddia olunan 1156,02 kredit borcu cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın həmin hissəsinin etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi etiraf olunan 1156,02 manat kredit borcunun ödənilməsi hissəsində təmin edilməlidir. İddia tələbinin 161,84 manat faiz və 323,68 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 1.1-ci və 6.1-ci bəndində kreditin faizi və cərimə (dəbbə pulu) barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı eyni zamanda iş üzrə iddiaçı “X4” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh kredit borcu haqqında maliyyə arayışından müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə Cavabdeh faiz borcu 40,46 manat, həmin tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə isə 80,92 manat təşkil edir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcu 161,84 manat deyil, 40,46 manat, əsas borca görə hesablanmış cərimə borcu isə 323,68 manat deyil, 80,92 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və bununla da tərəflərin müqaviləyə istinadən hər hansı öhdəliyi mövcud olmadığından iddiaçı həmin tarixdən sonra əsas borca münasibətdə faizin və cərimənin hesablanmasını davam etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, kredit müqaviləsinin müddəti bitdikdən sonra həmin müqaviləyə istinadən faizlərin və dəbbə pulunun hesablanması qanuni deyildir. İddiaçı kredit müqaviləsi bitdikdən sonra real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər ki, hazırda məhkəmə tərəfindən qiymət verilən iddianın predmetini nə zərərin, nə əldən çıxmış faydanın, nədə ki bank uçot dərəcəsi əsasında hesablanmış pulun tutulması təşkil etmir. İddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitməsindən sonra həmin kredit müqaviləsinə əsasən hesabladığı faiz və dəbbə pulunu tələb edir ki, bunda da haqlı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin faiz borcu və cərimə hissəsi qismən təmin edilərək 40,46 manat faiz borcu, 80,92 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 23,29 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,71 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 1156,02 (bir min bir yüz əlli altı manat iki qəpik) manat kredit, 40,46 (qırx manat qırx altı qəpik) manat faiz və 80,92 (səksən manat doxsan iki qəpik) cərimə borcu olmaqla cəmi 1277,40 (bir min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat borc və ödənilmiş 23,29 (iyirmi üç manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq Nümayəndə və X1 “Tac” Kredit İttifaqına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 6,71 (altı manat yetmiş bir) manat dövlət rüsumu iddiaçı Nümayəndə və X1 “Tac” Kredit İttifaqına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-34/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-34/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver