Məhkəmə qərarları › İş №e-2-2(117)-341/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-341/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-341/2023 20.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlu, iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “NDQ 009812 nömrəli akt əsasında hesablanmış 2113 manat borc məbləğinin **********8 nömrəli abonent hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Ucar rayonunun Qulabənd kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində quraşıdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, A fazasında quraşdırılmış cərəyan tranformatorunun 2-ci cərəyan komutasiya naqilləri ilə həmin fazanın 2-ci tərəf gərginlik naqili ilə üst-üstə düşmür. həmin fazanın cərəyan naqilləri A fazasına, gərginlik naqilləri isə C fazasına qoşulmuşdur. C fazasında quraşdırılmış cərəyan tranformatorunun 2-ci tərəf cərəyan naqilləri C fazasına, gərginlik naqilləri isə A fazasına qoşulmuş, bucaq sürüşməsi əmələ gəlmişdir. Sayğac sxemindən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yük Pfaza=35,2 kvt, Psoy=26,3 kvt . Aktla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək 2113 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, sayğac obyektə onun tərəfindən qoşulmamış, sayğacın qoşulması üçün texniki şərtdə göstərilən bütün müddəalara əməl etmişdir. Cavabdeh təşkilatın Texniki Departamenti xx.xx.2020-ci il tarixdə ona məxsus obyektin şəbəkəyə qoşulmasına etiraz etmədiyini bildirmiş, həmin obyektin şəbəkəyə qoşulması ilə bağlı cəmi 1 il əvvəl müvafiq sənədlər yığılmış və bundan sonra sayğac şəbəkəyə cavabdeh təşkilatın müvafiq idarəsinin razılığı ilə qoşulmuşdur. Hazırda cavabdeh təşkilatın bir idarəsi sayğacın qoşulması üçün heç bir problem olmadığını bildirsə də, cavabdehin digər idarəsi tərəfindən sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olmasını bildirilməklə ona 2113 manat cərimə hesablamışdır. Odur ki, “NDQ 009812 nömrəli akt əsasında hesablanmış 2113 manat borc məbləğinin **********8 nömrəli abonent hesabından silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin TMX-20/0061 nömrəli, xx.xx.2020ci il tarixli texniki şərti O.Hüseynli tərəfindən yerinə yetirilmiş və cavabdeh təşkilat tərəfindən obyektin şəbəkəyə qoşulmasına etiraz edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş və cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinə qarşı etirazını və tələb olunan sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq tərəflərindən sayğaca baxış keçirilərək akt tərtib edilmiş, müvafiq qüsurlar aradan qaldırılaraq yenidən möhürlənmişdir. xx.xx.2022-ci il tarixdə yenidən hesablama aparılaraq dəyəri 2136,60 manat təşkil edən 23740 kvt.saat miqdarında itirilmiş enerji bərpa edilmişdir. Akt tərtib edilərkən və yenidən hesabat aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. xx.xx.2021-ci il tarixli 009812 nömrəli aktdan görünür ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Sayğac sxemindən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yük 35,2 kvt.-dır. “Abunə haqqında” çıxarışdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri və xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə işıq sərfiyyatı fərqli dərəcədə aşağı səviyyədə qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış işıq sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Qeyd edilən baxış keçirilən cərəyan transfarmatorunun yerləşdiyi ərazi iddiaçının inzibati ərazisinə aid olmasını tərəflər etiraf etmişlər. Ona görə də cavabdeh müəssisənin iddiaçının yerləşdiyi əraziyə daxil olub baxış keçirərkən mütləq yoxlamalar reyestrində qeydiyyata alınmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Qeyd edilən halın ortada olması cavabdehin hazırkı mübahisələndirilən məbləğin iddiaçının hesabına yazılması ilə bağlı fəaliyyətinin qanunsuzluğunu təsdiq edir. Həmin yoxlama qanunvericiliyin tələbləri pozulmaqla və reyestrdə qeydiyyat aparılmadan keçirilmişdir. Bundan əlavə, məhkəmə işin mahiyyəti ilə tərəflər üçün aydın olması üçün qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “Elektrik enerjisindən İstifadə Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş işıq sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Qaydaların: 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Hazırkı mübahisənin mövzusu cərimənin hesablanması qaydası deyil, sayğacda mövcud olan qüsurlarla bağlı iddiaçının təqsirinin olub-olmamasıdır ki, hazırkı vəziyyətdə də iddiaçının təqsiri sübut olunmur. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Ucar rayonunun Qulabənd kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində quraşıdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, A fazasında quraşdırılmış cərəyan tranformatorunun 2-ci cərəyan komutasiya naqilləri ilə həmin fazanın 2-ci tərəf gərginlik naqili ilə üst-üstə düşmür. həmin fazanın cərəyan naqilləri A fazasına, gərginlik naqilləri isə C fazasına qoşulmuşdur. C fazasında quraşdırılmış cərəyan tranformatorunun 2-ci tərəf cərəyan naqilləri C fazasına, gərginlik naqilləri isə A fazasına qoşulmuş, bucaq sürüşməsi əmələ gəlmişdir. Sayğac sxemindən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yük Pfaza=35,2 kvt, Psoy=26,3 kvt. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan "xxxx" ASC-nin TMX-20/0061 nömrəli, xx.xx.2020-ci il tarixli texniki şərtinin O.Hüseynli tərəfindən yerinə yetirilməsi və cavabdeh təşkilat tərəfindən obyektin şəbəkəyə qoşulmasına etiraz edilmədiyi müəyyən olunur. Sayğacın şəbəkəyə qoşulma sxemi səhv olmasına görə istehlakçı məsuliyyət daşıya bilməz, buna görə məsul olan cavabdehdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işıq sayğacına müdaxilədə iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən və aparılmış yoxlama qanunvericiliyin tələblərinə uyğun olmadan aparıldığından həmin akt əsasında hesablanmış 2113 manat borc məbləği silinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya hesablanan itirilmiş enrji dəyəri 2136,6 manat olduğu müəyyən edilsə də, iddiaçı 2113 manat məbləğin abonenet hesabdan silinməsini tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmaq hüququ olmadığını və iddia tələbi həcmində iddiaya baxmalı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı 60 manat mediasiya xərci ödədiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən ödənilməli dövlət rüsumu 41,13 manat olmalıdır ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, 41,13 manat dövlət rüsumu iddia təmin edildiyi üçün cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli NDQ 009812 nömrəli akt əsasında hesablanmış 2113 manat borc iddiaçı X1 **********8 nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 41,13 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar