Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-346/2020 06.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “3478,51 manat əsas borc, 252,20 manat faiz borcu olmaqla cəmi 3730,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2016-cı il tarixdə borcverən “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh, alıcı İddiaçı MMC və tədarükçü İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X2 və Emalı Məntəqəsi arasında 84 TM nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün illik 6 % olmaqla 8194 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 4,82 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını xx.xx.2016-cı il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın kredit borcu üzrə bağlamağı, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi bank hesabına və ya nəğd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxxxxxxxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X2 və Emalı Məntəqəsi arasında 84 İT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin olmuş şəxslər xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 3478,51 manat əsas borc, 241,49 manat faiz borcu olmaqla ümumilikdə 3720 manat borcu qalmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2-2(84)-91/2018 nömrəli məhkəmə əmri ilə həmin məbləğdə borcun Cavabdeh və “xxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməsi əmr edilmişdir. Kredit təşkilatı ilə İddiaçı MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən 3478,51 manat əsas borc, 252,20 manat faiz borcu olmaqla ümumilikdə 3730,71 manat borc zamin cəmiyyət tərəfindən kredit təşkilatına ödənilmiş və xx.xx.2019-cu il tarixli 13 nömrəli akt əsasında borcalana dair sənədlər kredit təşkilatı tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini icra etməmiş və zaminlik müqaviləsinə əsasən kredit təşkilatına ödənilməli olan borc məbləği zamin İddiaçı MMC tərəfindən kredit təşkilatına ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarışlar, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(84)-91/2018 nömrəli məhkəmə əmri, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 3478,51 manat əsas borcu və kredit müqavilənin 4.6-cı bəndinə əsasən həmin vəsaitə hesablanmış 241,49 manat faiz borcu qalmışdır. Borcun məbləği Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2-2(84)-91/2018 nömrəli məhkəmə əmri ilə öz təsdiqini tapır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxxxxxxxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X2 və Emalı Məntəqəsi arasında 84 İT nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 3478,51 manat əsas borc, 252,20 manat faiz borcu olmaqla ümumilikdə 3730,71 manat borc “xxxxxxxxxxx” QSC BOKT-na ödənilmiş və xx.xx.2019-cu il tarixli akta əsasən cavabdehin sənədləri İddiaçı MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırki iddiaçı tərəfindən ödənilmişdir. Qanunvericliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırki iddiaçı ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən kredit təşkilatına yaranmış 3478,51 manat əsas borc və məhkəmə əmrinin qəbul olunduğu tarixə yaranmış 241,49 manat faiz borcu öhdəliyi zamin tərəfindən icra edildiyindən və qanunvericiliyin tələbinə əsasən kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə keçdiyindən iddia tələbi qismən, yəni cavabdehin kredit təşkilatı qarşısında olan öhdəliyi həcmində (3478,51 manat əsas borc, 241,49 manat faiz borcu) təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, kreditverən təşkilat Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2-2(84)-91/2018 nömrəli məhkəmə əmrinin qəbul olunmasından sonra borcluya əlavə faiz hesablamaqda, zamin isə borclunun öhdəliyi olmayan əlavə faizləri ödəməkdə haqlı olmamışdır. Zamin borclunun öhdəliyindən artıq vəsait ödəmişdir ki, bunu da cavabdehdən tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, rədd edilən hissə faiz borcuna aid olmaqla iddia tələbi əsas borca münasibətdə tam təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3478,51 manat əsas borc, 241,49 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-346/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-346/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver