Məhkəmə qərarları › İş №e-2-2(117)-348/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-348/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-348/2023 23.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 012688 nömrəli akt əsasında hesablanmış 6970 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 1500 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Göyçay rayonu Potu kəndində yerləşən qeyri-yaşayış sahəsinə məxsus sayğaca elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə qaydalarına” riayət olunması məqsədilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğacın giriş xətti 4x35 mm2 elektrik naqilini zədələyərək sayğacın giriş xəttində skopun altında 10 mm2 naqil qoşularaq kənar xəttdən istifadə edilir. Kənar xəttin ləğv edilməsi tələb kimi göstərilməklə NDQ seriyalı 012688 nömrəli akt tərtib edilmiş və aparılmış yoxlama texniki vasitələrlə audio-video şəklində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli akt komissiyasının icra vərəqəsinə əsasən 6834,60 manat ((15 kvt x 12 saat x 365 gün = 65700 kvts. 19620 kvts x 0,09 manat = 1765,80 manat və 46080 kvts x 0,11 manat = 5068,80 manat. Cəmi 6834,60 manat) məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndində yerləşən paltar satışı mağazası vardır. Həmin mağazaya elektrik xətti çəkdirmiş, abonent kodu almış və "xxxx" ASC ilə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında sayğaca baxış keçirildikdən sonra ona təqdim edilmiş bildirişə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir. "xxxx" ASC-nin əməkdaşları 14 iyul 2022-ci il tarixdə ona məxsus Göyçay rayonu Potu kəndində yerləşən paltar satışı mağazasında yoxlama apararaq həmin obyektə quraşdırılmış elektrik enerjisindən istifadəyə görə sayğaca baxış keçirmiş, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib etmiş və istifadə olunmuş elektrik enerjisindən istifadəyə görə 6970 manat cərimə hesablanmışdır. Hesab edir ki, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktla cərimə hesablanması qanunsuzdur. Ona görə ki, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına verilən elektrik enerjisini qeyd edən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi "xxxx" ASC daşıyır. Bu səbəbdən o "xxxx" ASC-nə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli 012688-nömrəli akt əsasında hesablanmış 6970 manat pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən ona təqdim edilmiş aktda qeyd olunur ki, qeyri-yaşayış obyektinə baxış keçirilmiş, kənar xətt aşkar olunub. Həmin kənar xəttdən 20 gün müddətində istifadə olunub. Çünki 20 gün əvvəl "xxxx" ASC-nin əməkdaşı sayğaca baxış keçirib bildiriş yazmış, lakin həmin vaxt kənar xətt mövcud olmadığından "xxxx" ASC-nin əməkdaşı tərəfindən müəyyən edilməmişdir. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında cərimə hesablanmış və ona təqdim olunan akta əsasən (**********6) abonent kodunun qarşısına 6970 manat borc yazılmışdır. Sayğacda problem yarandığına görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə 20 gün müddətində mağazaya elektrik enerjisinin verilməsi təmin edilmişdir. Mağazada 20 gün müddətində istifadə edilən elektrik enerjisinə görə 6970 manat borc hesablanması qanunsuzdur. Həmçinin hesab edir ki, aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun aparılmamışdır. "xxxx" ASC-nin əməkdaşları, aramızda bağlanmış elektrik enerjisinin satılmasına dair alqı-satqı müqaviləsini əsas götürərək yoxlama apararkən təmsil etdiyi orqanın yoxlama aparmaq barədə yoxlayıcı orqanın rəhbəri tərəfindən imzalanaraq qəbul etdiyi qərarı elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və yoxlamanın başlamasından əvvəl reyestrdən onun adına çıxarış almalı olduğu halda çıxarışı almadan (çıxarış başqa şəxsin adına alınıb) yoxlamanı həyata keçirməklə hüquq normalarının tələblərini pozmuşlar. Mülkiyyətində olan qeyri-yaşayış obyektində işıqlandırmadan başqa elektrik enerjisindən istifadə etmir, başqa heç bir əlavə cihazdan istifadə etmir. Uzun müddətdir ki, obyektdə ayda təxminən 20 - 30 manat dəyərində elektrik enerjisi sərf edilir. Əlavə olaraq qeyd etmişdir ki, borcun silinməsi üçün "xxxx" ASC-nə mediasiya təklifi göndərdiyi ərəfədə cavabdehin əməkdaşları mağazaya gələn elektrik enerjisini xəttdən ayırmışlar və o, məcbur olub əsassız hesablanmış borc məbləğindən 1500 manat ödəmiş, sonra elektrik enerjisinin verilişi bərpa edilmişdir. Cavabdeh elektron kabinet vasitəsilə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçıya məxsus Göyçay rayonu Potu kəndində yerləşən mağazanın elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, sayğacın girişinə daxil olan 4x35 mm2 elektrik naqilini zədələyərək sayğacın giriş xəttində skopun altında 10 mm2 naqil qoşularaq kənar xəttdən istifadə edilir. Kənar xəttdən keçən yük xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçüldükdə İ=17 A, İ=24 A və İ=25 A, Pfak= 15 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə bağlı abonent barəsində 012688 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində kənar xətt ləğv olunsun qeydiyyatı aparılmış, akt müəssisənin əməkdaşları tərəfindən imzalansa da, abonent tərəfindən imzalamaqdan imtina edilmişdir. Aktlar üzrə komissiya tərəfindən sutkanın 12 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq 6834,60 manat təşkil edən 65700 kvt.saat miqdarında itirilmiş enerji bərpa edilmişdir. İddiaçı ona məxsus olan mağazanı elektrik enerjisi ilə təchiz edən sayğacda hər hansı bir problemin olması və aradan qaldırılması barədə Göyçay EŞ-nə müaricət etməmişdir. Götərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə elektron kabinet vasitəsilə etirazını və iş üçün əhəmiyyət kəsb edən sənədləri (akt, protokol, icra vərəqəsi, abonentin məlumatı, çıxarış, video material) məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, çıxarış, İcra vərəqəsi, Etiraz, Video disk, Xəbərdarlıq məktubu, Abonent haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əvvəla məhkəmə iddiaçının "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və mübahisə predmeti olan 012688 nömrəli aktın tərtib edilməsi ilə nəticələnən yoxlamanın sahibkarlıq sahəsinə aparılan yoxlama olmaqla vahid məlumat reyestrində digər şəxsin adına qeydə alınması barədə iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.4 və 5.2-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və həmin çıxarışda yoxlanılan sahibkarlıq subyektinin adı İddiaçı qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən aparılan yoxlama qanuni olmuşdur və iddiaçının yoxlamanın qanunsuzluğu ilə bağlı iddia dəlilləri əsassızdır. Bundan başqa məhkəmə yoxlama zamanı müəyyən edilmiş sayğacın giriş xətti 4x35 mm elektrik naqilinin zədələnərək sayğacın giriş xəttində skopun altında 10 mm2 naqil 2 qoşularaq kənar xəttdən istifadə edilməsi və qanunvericiliyin tələbinə uyğun akt yazılmasına münasibətdə onu qeyd edir ki, Elektrik enerjisindən İstifadə Qaydalarının 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Şərh olunan qanunvericiliyin tələbindən göründüyü kimi, Qaydaların 8.17-1-ci bəndində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş pozuntular texniki vasitələr (foto və ya videoçəkiliş aparılmaqla) vasitəsi ilə qeydə alınmalıdır. Bu hal aşkar olunmuş qüsurların sübutetmə vasitəsi kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə mübahisə predmeti olan aktın tərtib edilməsinə əsas olan pozuntular texniki vasitələrlə qeydə alınanaraq məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video materiala baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan aktla müəyyən edilmiş hallar mövcuddur, yəni sayğaca giriş xətti skopun altından zədələnməklə beton divarın içindən istifadə edilməklə sayğacdan kənar xəttdən istifadə edilir. Sayğac tam söndürülməklə elektrik enerjisi dayandırılsa da, mağazada olan kondisionerlər sayğacdan kənar qoşulmuş xətt vasitəsilə qidalanmaqla işləyir. Video materiala baxış zamanı da göründüyü kimi, sayğacdan kənar qoşulmuş xətt beton divarın içi ilə aparılmaqla kənardan heç bir şəkildə görünmür, yalnız cavabdeh tərəfindən xüsusi cihazlarla naqillərin gərginliyi ölçüldüyü zaman kənar qoşulma halının olması müəyyən edilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı özü də iddia ərizəsində sayğacdan kənar xətt qoşulduğunu və 20 gün müddətində də olsa istifadə etdiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, yoxlama zamanı müəyyən edilmiş pozuntular həqiqəti əks etdirməklə, iddiaçının təqsiri, hətta qəsdi nəticəsində (naqili zədələyərək kənar xətt qoşma) baş verdiyindən tərtib edilmiş akt tam qanunidir. Akt əsasında hesablanmış borca münasibətdə də məhkəmə qeyd edir ki, kənar xəttdən keçən yük xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçülməklə İ=17 A, İ=24 A və İ=25 A, Pfak= 15 kvt olduğu müəyyən edilmiş, həmin 15 kvt istehlakçının işləmə saatına uyğun, yəni sutkanın 12 saatına və 12 ay müddətinə, yəni 365 günə vurulmaqla 65700 kvt itirilmiş elektrik enerjisi hesablanmışdır ki, 19620 kvts x 0,09 manat = 1765,80 manat və 46080 kvts x 0,11 manat = 5068,80 manat olmaqla 6834,60 manat borc abonentin hesabına yazılmışdır. Göründüyü kimi, cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən aparılmış hesablama Elektrik enerjisindən İstifadə Qaydalarının 8.17-1-cı bəndinin tələblərinə uyğun olaraq aparılmışdır və tam qanunidir. Belə ki, Elektrik enerjisindən İstifadə Qaydalarının tələblərinə əsasən istehlakçıya istifadə edilmiş elektrik enerjisinin dəyəri hesablanarakən elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri hesablana bilər. Belə olan halda hesablamanın aparılması üçün önəmli olan hal qaydaların 10.18.9-1ci bəndinə əsasən elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixinin müəyyən edilməsidir. Belə ki, talanmanın qarşısının aqlınması məqsədi ilə aparılmış baxış nəticəsində kənar qoşulmanın olub-olmaması araşdırmanın predmetini təşkil edərək sonrakı dövr üçün kənar qoşulmanın vaxtını müəyyən etməyə imkan verir. Hazırki işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş məlumatdan müəyyən edilmişdir ki, abonentin elektrik təsərrüfatına elektrik enerjisinin talanmasının qarşısının alınması məqsədi ilə ümumiyyətlə baxış keçirilməmişdir. Belə olan halda kənar qoşulmanın vaxtını müəyyən etmək mümkün deyildir ki, cavabdeh Elektrik enerjisindən İstifadə Qaydalarının tələblərinə əsasən düzgün olaraq hesablamanı on iki müddətinə aparmışdır. Bu isə qaydalarını tələblərinə əsasən qanuni və əsaslıdır. İddiaçı elektrik şəbəkəsinə qanunsuz qoşulmanın 20 gün öncə baş verdiyini iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir (MPM – 77.1). Bundan başqa iddiaçı tələbində akt əsasında ona 6970 manat borc hesablandığını göstərsə də, iş materiallarında olan Akt komissiyasının icra vərəqəsi və abonent haqqında məlumatdan görünür ki, işin məhkəmə arşdırması zamanı da müəyyən edildiyi kimi akt əsasında hesablanmış məbləğ 6834,60 manat təşkil edir. Bundan başqa məhkəmə iddiaçının “istifadəsində olan qeyri-yaşayış binasına verilən elektrik enerjisini qeyd edən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi "xxxx" ASC daşıması” ilə bağlı iddia dəlilinə münasibətdə qeyd edir ki, əvvəla fiziki şəxsin istifadəsində olan sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin enerjitəchizatı müəssisəsinin daşıması ilə bağlı qanunvericilik norması mövcud deyildir. Hazırda mübahisə predmeti olan borc sayğacın qüsurlu olmasından, işlək vəziyyətdə olmamasından, bir sözlə sayğacla bağlı yaranmamış, iddiaçı tərəfindən sayğaca qədər olan xəttə qanunsuz qoşulmanın nəticəsində yaranmışdır ki, hətta qanunvericilikdə iddiaçının qeyd etdiyi kimi bir qayda olsaydı belə, onun hazırki mübahisəyə aidiyyəti olmazdı. Bunlardan əlavə iddiaçı dəlilində sayğacda problem yarandığına görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə 20 gün müddətində mağazaya elektrik enerjisinin verilməsinin təmin edildiyini bildirsə də, əvvəla bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh də etirazında sayğacda problem olması ilə bağlı Göyçay EŞ-nə müraciət edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə bu halla bağlı onu da qeyd edir ki, əgər sayğacda iddiaçının dediyi kimi nasazlıq olsaydı, bu zaman enerjitəchizatı müəssisəsi divarı deşməklə gizli şəkildə sayğacdan kənar qanunsuz xətt qoşmaz, qanunericiliyin tələbinə uyğun olaraq sayğacı müvəqqəti və ya daimi yenisi ilə əvəz edərdi. Bundan başqa məhkəmə iddiaçının “mülkiyyətində olan qeyri-yaşayış obyektində işıqlandırmadan başqa elektrik enerjisindən, başqa heç bir əlavə cihazdan istifadə etməməsi və uzun müddət obyektdə ayda təxminən 20-30 manat dəyərində elektrik enerjisi sərf edilməsi” barədə iddia dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən aparılan yoxlamanın qeydə alınmasını təsdiq edən audio-video materialdan da göründüyü kimi, təkcə işıqlandırma deyil, mağazada bir neçə ədəd kondisionerlərdən istifadə edilir. Lakin həmin kondisionerlər sayğacdan kənar xəttlə qidalandığı üçün iddiaçının sərfiyyatının məbləği aşağıdır. Belə ki, audio-video materialdan da göründüyü kimi, sayğac söndürülməklə obyektə verilən elektrik enerjisi dayandırılsa da, mağazadakı kondisionerlər işlək vəziyyətdə qalır ki, bu da iddiaçının dəlillərinin əsassız olduğunu bir daha təsdiq edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına quraşdırılmış elektrik sayğacı ilə bağlı aparılmış yoxlama, yoxlama nəticəsində tərtib edilmiş akt və akt əsasında aparılmış hesablaşma Elektrik enerjisindən İstifadə Qaydalarının tələblərinə uyğun olmaqla tam qanuni olduğundan iddiaçının həmin borcun silinməsi və borcun ödənilmiş 1500 manat hissəsinin qaytarılması ilə bağlı tələbi əsassızdır və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 89,70 manat olmalıdır ki, iddia rədd edildiyindən həmin məbləğ iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 100 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5ci (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad deyildir. Belə ki, bu hal şəxsi təlabatın ödənilməsi ilə bağlı istehlak hüquqlarına aiddir ki, bu norma sahibkar subyektinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı istehlakını nəzərdə tutmur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, istehlakçı məhz şəxsi tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Hazırki iş üzrə isə elektrik enerjisinin verilməsi ərizəçinin şəxsi tələbatını ödəmək üçün deyil, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazaya göstərilən xidmətdir ki, ərizəçi sahibkarlıq fəaliyyətini həyata keçirərək mənfəət götürmək məqsədi ilə elektrik enerjisindən istifadə edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ”xx.xx.2022-ci il tarixli 012688 nömrəli akt əsasında hesablanmış 6970 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 1500 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 89,70 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar