Məhkəmə qərarları › İş №e-2-2(117)-356/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-356/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-356/2025 02.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 6400.22 manat əsas borc, 1150,64 manat faiz borcu, 1013,80 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2161,81 manat faiz borcunun, cəmi 10726,47 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 30 manat xərcin və ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 141 saylı binanın 8 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 6400.22 manat əsas borc, 1150,64 manat faiz borcu, 1013,80 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2161,81 manat faiz borcunun, cəmi 10726,47 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 30 manat xərcin və ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 141 saylı binanın 8 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə və digər Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələrindən göründüyü kimi xx.xx.2015-ci il tarixli 58/15/SKMF nömrəli kredit və ipoteka müqavilələrinin müddətinin xx.xx.2018-ci il tarixdə bitdiyini bildirərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin tarixdə kredit üzrə cavabdeh tərəfindən banka 120 manat ödəniş edilmişdir. Bu səbəbdən iddia müddəti ötürülməmişdir. xx.xx.2015-ci il tarixli 58/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 58/15/SKMF nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 58/15/SKMF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 141, mənzil 8 ünvanında yerləşən mənzil qəbul olunmuşdur. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, bina 141, mənzil 8 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsusdur və həmin daşınmaz əmlak RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışla İddiaçı ASC-nin İsmayıllı filialının xeyrinə yüklü edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri, M.Orucov küçəsi, bina 141, mənzil 8 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixə likvid dəyəri 40 000 manat müəyyən edilmişdir. xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2022-ci ildə 120 manat ödəniş edilmişdir. 2022ci ilin 24 iyun tarixində 140 manat, 16 may 2022-ci il tarixdə 100 manat, xx.xx.20222-ci il tarixində 140 manat, xx.xx.2022-ci il tarixdə 140 manat, xx.xx.2021-ci il tarixdə 140 manat, 05 .11.2021-ci il tarixdə 1140 manat və əvvəlki illərdə yəni, 2020-ci, 2019-cu və 2018-ci illərdə də müvafiq ödənişlər edilmişdir. xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6400 manat məbləğində əsas borcu, 1150.64 manat faiz borcu, 1013.80 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2161,81 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “borc məbləğinin restrukturizasiya olunmasına” dair ərizədən göründüyü kimi Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq kredit müqaviləsi üzrə olan 8490.22 manat borcunun restrukturizasiya edilməsini və hesablanmış faiz borclarının silinməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “problemli kreditlərin kompensasiyası” ilə bağlı məlumatdan göründüyü kimi borclunun kredit müqaviləsi üzrə restrukturizasiya məbləği 8490.22 manat müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2015-ci il tarixli 58/15/SKMF nömrəli kredit və ipoteka müqavilələri, DƏDRX-in çıxarışları, arayış, ödəniş cədvəli, hesabdan çıxarışlar, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflər arasında yaranmış mübahisənin araşdırılması zamanı müəyyən etmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən yaranmış mübahisə yaranmışdır. Beləliklə, hazırkı mübahisədə məhkəmənin hüquqi qiymət verməli olduğu aşağıdakı hallar vardır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 58/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 141, mənzil 8 ünvanında yerləşən mənzil qəbul olunmuşdur. İddia tələbinin 6400.22 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borc pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra MM) maddə - 385.1, 386.1, 449.1, 739.2). Məhkəmə əvvəlcə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “İddia müddətinin tətbiqi barədə” ərizələrinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddət 36 ay yəni 3 illik müddət xx.xx.2018-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh2 həmin müqavilənin qüvvədə olma müddəti bitən xx.xx.2018-ci il tarixdən sonra sonuncu dəfə xx.xx.2022-ci ildə 120 manat ödəniş etmişdir. Eyni zamanda, həmin tarixdən əvvəl yəni 2021,2020-ci,2019-cu və 2018-ci illərdə müvafiq aralıqlarla ödənişlər edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən edilən ödəniş aralıqları arasında 3 müqavilə tələbləri üzrə 3 illik müddət ötürülməmiş, iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 oğundan 6400.22 manat məbləğində əsas borcun tutularaq İddiaçı ASC-yə ödənilməsini tələb etməkdə haqlı olduğundan, iddia tələbi bu hissədə təmin edilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 1150,64 manat faiz borcu, 1013,80 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2161,81 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borcların başa düşülür. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı cavabdehin kredit borcunun restrukturizasiyası ilə bağlı müraciət ərizəsi xx.xx.2019-cu il tarixdə təqdim edilsə də, cavabdehlə yeni güzəştli müqavilənin hansı səbəbdən bağlanmaması iə bağlı tərəflər tutarlı arqument irəli sürməmişlər. Mövcud vəziyyətdə tərəflər arasında müqavilə bağlanmasa da, məhkəmə cavabdehin müraciətini, iddiaçının təklif göndərsə belə, cavabdehin ödənişi gecikdərməsinə baxmayaraq hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etməsi hallarını nəzərə alaraq Fərmanın şərtlərinin nəzərə alınmasını əsaslı hesab edir. Lakin tərəflər arasında müqavilə bağlanmadığından ötən dövr üçün qeyd edilən Fərmanın tələblərində olan faiz məbləği hesablanmadığından, həmçinin iddiaçı belə tələb irəli sürmədiyindən illik 1 % lə müvafiq məbləğin hesablanamsı qanuni hesab edilmir və əks təqdirdə iddia tələbindən kənara çıxma halı mövcud olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 1150,64 manat faiz borcu, 1013,80 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2161,81 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 141 saylı binanın 8 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri, M.Orucov küçəsi, bina 141, mənzil 8 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixə likvid dəyəri 40 000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən mənzilin ilkin satış dəyəri 40 000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Bundan əlavə olaraq iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin mənzil cavabdeh tərəfindən boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən əvvəl bağlandığından iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən Cavabdeh2 73,39 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün rüsumun ödənilməsi” barədə məlumatla təsdiqlənən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 350 manat pul Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6400.22 manat əsas borc, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 30 manat xərc, ödənilmiş dövlət rüsmunun 73,39 manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh1 məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 141 saylı binanın 8 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti olan İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 141 saylı binanın 8 saylı mənzilinin ilkin satış üçün likvid dəyəri 40 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin mənzil cavabdeh tərəfindən boşaldılsın. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 manat pul Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına (Bank Vöen-i: **********, m/h: AZ03NABZ********************, H/h: AZ47İBAZ********************, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar