Məhkəmə qərarları › İş №e-2-2(117)-36/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-36/2020

03.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-36/2020 03.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 2364,20 manat əsas borcun, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət olmaqla ümumilikdə 2394,60 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı İBnin hesabına ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satıqısına dair xx.xx.2016-cı il tarixli 1466-09-16 nömrəli müqavilə bağlanmış və “X2 Kompleksi” MMC-yə təbii qazın verilməsi təmin edilərək ona abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən onun təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və fevral 2020-ci il tarixə ödənilməmiş 339 manat borcu qalmışdır. Cavabdehin 339 manat debitor borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 2394,60 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı tərəfindən müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəmədiyindən qaz hesabında 2394,20 manat debitor borc yaranmışdır. Tələb olunan borc ödənilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ödənişlər edilmiş və cavabdehin fevral 2020-ci il tarixə istehlak olunmuş təbii qazdan istifadəyə görə ödənilməmiş ümumilikdə 339 manat borcu vardır. 339 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilə, qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı, abonentlərin saldoları, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilə bağlanmış və cavabdehə abonentə kodu verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirərək abonenti təbii qazla ilə təhciz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən cavabdehin müqavilə öhdəlikləri üzrə borcu yaranmışdır. Belə ki, abonentin saldosu və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, cavabdehin 2394,20 manat debitor borcu olmuş, məhkəmə araşdırması dövründə sonuncu tərəfindən iddiaçıya ödəniş edildiyindən onun hazırda 339 manat borcu vardır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehdən cəmi 339 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının 4,36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 26,04 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X2 Kompleksi” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 339 manat məbləğində borc, 4,36 manat dövlət rüsumu olmaqla ümumilikdə 343,36 manat pul tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 26,04 manat dövlət rüsumu İddiaçı İB-nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar