Məhkəmə qərarları › İş №e-2-2(117)-36/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-36/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-36/2022 28.01.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı və ya xxxx ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən 2505,59 manat əsas borc, 121,81 manat faiz borcu, 333,81 manat məbləğində cərimə və 382,55 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 3343,95 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 53,44 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən 2505,59 manat əsas borc, 121,81 manat faiz borcu, 333,81 manat məbləğində cərimə və 382,55 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 3343,95 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 53,44 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, məhkəmə bildirişi 2021-ci ilin dekabr ayında Cavabdeh1, Cavabdeh3 çatdırılmış, 13.01.2022-ci il tarixdə digər Cavabdeh2 çatdırılması üçün Yevlax rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi Cavabdeh2 maraqlarına zidd olmadığından, həmin şəxsin əlavə olaraq məlumatlandırılmasına zərurət yaranmır. Məhkəmə, MPM-n 135.3, 135.5 və 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2014-cü il tarixdə 18 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə (18 ay güzəşt müddəti, 18 ay əsas məbləğ və ona hesablanmış faizlər), illik 6% ödənilmək şərtilə 5000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin müqavilə üzrə vaxtı keçmiş kredit faizi illik 12%, cərimə faizi isə 1% müəyən edilmişdir. Həmin müqavilə üzrə verilmiş kreditin təmini üsulu kimi 12.06.2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və həmin şəxs bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacaqlarını öhdəsinə götürmüşlər. Lakin cavabdehlər borcunu müqavilədə nəzərdə tutulan müddətdə qaytarmamış, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Odur ki, iddiaçı həmin borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). İddia tələbinin “pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 121,81 manat faiz borcu, 333,81 manat məbləğində cərimə və 382,55 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2014-cü il tarixdə 18 nömrəli kredit müqaviləsinə əsasən, vaxtı keçmiş kredit faizi illik 12%, cərimə faizi isə 1% müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla belə məlumdur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosialiqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan xeyli müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun, yəni, 2505,59 manatın tutulması hissəsində əsaslıdır. Əsas borc iddiaçının təqdim etdiyi 19.06.2020-ci il tarixli məktubda qeyd edildiyindən, həmin əsas borc restruktrizasiya məbləği olaraq qəbul edilir. Ən azı Bank əsas məbləğlə bağlı cavabdehə təklif göndərməli və güzəştli kredit üzrə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilməsi təklif edilməli idi. İddiaçı bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə isə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, hazırkı iş üzrə əsas borclu ilə bərabər, verilmiş kreditin təmini üsulu kimi 12.06.2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və həmin şəxslər bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacaqlarını öhdələrinə götürmüşlər. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbinin hansı cavabdehlərə qarşı yönəldilə biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı əsas borclu olan Cavabdeh1 kredit borcunu tələb etməkdə haqlı olsa da, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tələb etməsində haqlı deyildir. Belə ki, qeyd edilən hala münasibətdə MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 36 ay, yəni, 12.06.2017-ci il tarixədək müəyyən edilmişdir (Zaminlik müqavilələri 2.1-ci bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti 12.06.2017-ci il tarixidir. Zaminlik müqaviləsinin 4.2-ci bəndində “Bu müqavilə Borcalanın Bank qarşısında öhdəlikləri tam yerinə yetirdikdən sonra qüvvədən düşür. Qanunvericilik zaminlik müqaviləsinin qüvvədə olduğu 36 aydan sonra müəyyən edilən 4.2-ci bəndində (öhdəlik icra edilənədək qüvvədə olur) müddəasına aydınlıq gətirərək müəyyən edilir. Odur ki, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çatdığı vaxtdan 1 il müddətində yəni, 12.06.2018-ci il tarixədək qaldırıla bilərdi. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi həmin müddət ötürülməklə 21.06.2021-ci il tarixdə verilmişdir. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən bir illik müddət iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 4.2-ci bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Belə ki, iddiaçı tərəf standart müqavilə şərtləri ilə Zaminlik müqaviləsinin 2.1-ci bəndində öhdəliyin verilmə müddətini 36 ay müəyyən edir, 4.2-ci bənddə isə qeyri-müəyyən müddətdən asılı edir. Qeyd edilən normalar adi halda bir-birinə ziddiyyət təşkil edir. İkinci halda zaminin öhdəliyi daha da ağırlaşdırılır. Ona görə də məhkəmə bu normanı nəzərə almaya bilməz. Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4-cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 2505,59 manat borc iddiaçının xeyrinə tutulmalı, iddia tələbi digər hissələrdə və digər cavabdehlərə münasibətdə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 39,71 manat hissəsi Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, 13,29 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh1 2505,59 manat əsas borc, 39,71 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd edilsin. Ödənilmiş 13,29 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar