Məhkəmə qərarları › İş №e-2-2(117)-36/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-36/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-36/2023 10.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “8988,94 manat əsas borc, 175,29 manat faiz borcu, 1328,09 manat məbləğində cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1680,20 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “8988,94 manat əsas borc, 175,29 manat faiz borcu, 1328,09 manat məbləğində cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1680,20 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, 2018-ci il tarixdə müqavilə müddəti bitmişdir. Lakin iddia müddəti 2018-ci il tarixdən başlayır. Belə ki, iddia müddəti bitməmiş, iddiaçı 2021-ci ildə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş, sonradan iş aidiyyəti üzrə hazırki məhkəməyə göndərilmişdir. Lakin, iş üzrə prosessual qaydalara riayət edilmədiyindən icraata qəbul edilməmişdir. İddiaçı ləğvetmə prosesində olduğundan Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Nümayəndə2 elektron kabinetində qeyd edilən qərar yerləşdirilmişdir. Bundan məlumatları olmamışdır. İddiaçı bankın ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu Bakı 1 saylı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında təyin edilmişdir. Ona görə də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Həmin şəxs isə qeyd edilən qərarlara ümumiyyətlə baxmır. Cavabdehə restruktruzasiya ilə bağlı təklif göndərilmiş, lakin cavabdeh sonradan təklifdən imtina etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır. Tərəflər arasında 24 noyabr 2015-ci il tarixli 230/06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana ətliyin (maldarlığın) inkişafı məqsədilə 36 (otuz altı) ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qrafikinə əsasən ilk 18 ay güzşt olmaqla yalnız faiz məbləğ olan 75 manat qalan aylar isə əsas faiz borcu ilə birlikdə ödəməklə 15000 manat əsas 2063 manat faiz borcu olmaqla cəmi 17063 manat ödəməli idi. Həmin müqavilənin 5.1-ci və 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün üçün illik 6 %-lə hesablanır və kredit müqaviləsinə əlavədə göstərilən qrafik üzrə ödənilir. 6.4-cü bəndinə əsasən borc alan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıdığı kredit vəsaitini xx.xx.2018-ci ilə qədər ödəməlidir. 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə kredit və kreditə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 0,1 % hesablanmaqla, borc verənə dəbbə pulu ödəməlidir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə 1 nömrəli əlavə üzrə qrafiklərə uyğun olaraq borc alan Cavabdeh ilk 16 ay üçün güzəşt müddətilə 75 manat, sonrakı aylarda müvafiq məbləğdə ödəmələr etməklə sonuncu xx.xx.2018-ci il tarixdə kredit və faizlər üzrə ümumilikdə 200 manat ödəniş etmişdir. Nəticədə cavabdeh öhdəliyini tam şəkildə icra etməmiş və onun ödənilməmiş borcu yaranmış və bu xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin xx.xx.2022-ci il tarixə əsas borcu 8988,94 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 175,29 manat, gecidirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu 1680,2 manat təşkil edir. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 739-cu maddə). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında 24 noyabr 2015-ci il tarixli 230/06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana ətliyin (maldarlığın) inkişafı məqsədilə 36 (otuz altı) ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci və 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün üçün illik 6 %-lə hesablanır və kredit müqaviləsinə əlavədə göstərilən qrafik üzrə ödənilir. 6.4-cü bəndinə əsasən borc alan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıdığı kredit vəsaitini xx.xx.2018-ci ilə qədər ödəməlidir. 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə kredit və kreditə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 0,1 % hesablanmaqla, borc verənə dəbbə pulu ödəməlidir. İşin mübahisələndirilən halları ilə bağlı məhkəmə bildirir ki, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında qeyd edilmişdir ki, iddia müddəti ərzində iddiaçı hazırki mübahisə ilə bağlı daha əvvəl Mingəçevir şəhər məhkəməsinə müraciət etmiş, iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmənin xx.xx.2021-ci il tarixli qərardaddı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardad isə Əmanətlərin Sığortalanması Fonunun rəhbəri olan Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sitemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, onun elektron kabinetində yerləşdirilmədiyindən həmin qərardan məlumatları olmamış, sonradan müracətləri əsasında məhkəmədən verilmiş məlumat əsasında belə qərarın qəbul edildiyi məlum olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Mingəçevir şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilən qeyd edilən iş üzrə iddia ərizəsinin və sənədlərin qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-nin ləğvedicisi qismində təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Nümayəndə2 müvafiq elektron kabinetində xx.xx.2021-ci il tarixdə yerləşdirilmişdir. Qeyd edilən şəxsin həmin qərarı oxumaması və ya məlumatlı olmaması qanunvericiliyin tələbini inkar edə bilməz. Belə ki, həmin şəxs buna görə məsuliyyət daşıyır və iddiaçı tərəfin yanaşması Mülki Prosessual Məcəllənin 10-3-cü maddəsinin tələblərinə uyğun deyildir. Bundan əlavə iddia tələbi üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, məhkəmə tərəfindən iddia ərizəsi və sənədlər geri qaytarıldıqdan sonra mediasiya prosesi ilə bağlı hər hansı bir hərəkət edilməmiş, yəni ən azı qərardaddan şikayət vermə müddəti ərzində hər hansı bir prosessual addım atılmamışdır. İddiaçı mediasiya üçün 2022-ci ilin oktyabr ayında Şəki 1 saylı mediasiya Təşkilatına müraciət etmiş, mediator xx.xx.2022-ci il tarixdə müvafiq arayış vermişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi, iddiaçı Şəki Kommersiya məhkəməsi tərəfindən iddia ərizəsi və sənədlər qaytarıldıqdan və iddia müddəti ötürüldükdən təxminən 1 ilə yaxın müddətdə hər hansı bir prosessual hərəkət həyata keçirməmiş, müddətin ötürülməsinə şərait yaradılmışdır. Əgər iddiaçı iddia müddəti ərzində mediasiya sesiyası üçün müraciət etsəydi, iddia müddətinin axımı dayandırılardı. Hazırkı halda isə iddia müddəti ötürüldükdən sonra mediasiya təşkilatına müraciət edilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi üçün iş üzrə iddia ərizəsi və sənədlər geri qaytarılmış və bu səbəbdən mahiyyəti üzrə işə baxılmamışdır. Be hallarda qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı kəsilmir və ümumi qaydada davam edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)- 395/2022 nömrəli qərarında, həmçinin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində bu məsələ ilə bağlı hüquqi mövqeydən görünür ki, müvafiq məhkəməyə müraciət edərkən işə mahiyyəti üzrə baxılmadıqda, Mülki Məcəllənin 381.1-ci maddəsinə istinad edilərək iddia müddətinina axımı kəsilmir və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyi faktı qəbul edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki,hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə ilkin olaraq qeyd edir ki, kredit müqaviləsi 36 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər bağlanmışdır. Lakin cavabdeh tərəfindən sonuncu tarixdə xx.xx.2018-ci il tarixdə 200 manat ödəniş edilmişdir ki, iddia müddətinin axımı sonuncu ödənişin olunduğu tarixdən başlayaraq hesablanır. İddia müddətinin axımı sonuncu ödənişin xx.xx.2018-ci il tarixdən başlanılmış hesab edilsə qanunla müqavilə münasibətləri üçün müəyyən olunmuş 3 (üç) illik iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddətini ötürərək, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 126,52 manat olmalıdır ki, iddiaçı isə dövlət rüsumunu ilkin olaraq məhkəməyə müraciət edərkən mediasiya xərci həddində ödəməkdən azad edildiyindən, lakin iddia tələbi rədd edildiyindən cavabdehdən dövlət rüsumunun tutulması mümkün olmadığından ödənilməli dövlət rüsumu iddiaçıdan tutularaq dövlət hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “8988,94 manat əsas borc, 175,29 manat faiz borcu, 1328,09 manat məbləğində cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1680,20 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. 126,52 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-dən (ləğv prosesindədir) tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar