Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-366/2020 18.11.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “14500 manat əsas borc, 1986,04 manat faiz, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafasında nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24500 manat qiymətləndirilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımında yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu tam ödəməmiş ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə 70 manat məbləğində olmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 14500 manat əsas, 1986,04 manat faiz, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 ərizələrlə məhkəməyə müraciət edərək bildirmişlər ki, tərəflər arasındakı kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən arvadının adına 14500 kredit almışdır. 2016-cı ilin sentyabr ayınadək həmin kredit müqaviləsi üzrə ödənişlər etmişlər. 2016-cı ildə baş vermiş zəlzələ nəticəsində evə dəyən ziyanın ödənilməsi və evin sığortası ilə bağlı aralarında mübahisə yarandığından ödənişlər dayandırılmışdır. Məhkəmə mübahisəsi bitdikdən sonra da iddiaçı tərəfindən onlardan pul tələb edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia müddəti ötürülmüşdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümaəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildirişlər, İddiaçı ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş Cavabdeh3 kredit hesabından çıxarış, cavabdehlərin ərizələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 739.1, 739.2)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24500 manat qiymətləndirilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdehlər şəxsən və nümayəndəsi vasitəsi ilə ərizələrlə məhkəməyə müraciət edərək bildirmişlər ki, tərəflər arasındakı kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 36 ay müddətinə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda İddiaçı ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş Cavabdeh3 kredit hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 tərəfindən iddiaçıya sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə 70 manat məbləğində olmuşdur. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir ki, qanunvericiliyin tələbi baxımından iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi məhkəmə üçün iddianın rədd edilməsi üçün əsasdır. Sonda məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Məhkəmə qeyd edir ki, ipoteka qoyanların iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin verilməsi və ya verilməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində çıxış edən ipoteka predmeti ilə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən də ipoteka qoyan cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə əlavə hüquqi qiymət verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutumanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nincavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “14500 manat əsas borc, 1986,04 manat faiz, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-366/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-366/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver