Məhkəmə qərarları › İş №e-2-2(117)-369/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-369/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-369/2025 13.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 5406.21 manat məbləğində kredit borcu, 351.06 manat məbləğində faiz borcu, 189.77 manat məbləğində cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 6890.33 manat məbləğində kredit borcu, 699.68 manat məbləğində faiz borcu, 408.22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13945.27 manat məbləğində borcun və ödənilmiş 131.84 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 5406.21 manat məbləğində kredit borcu, 351.06 manat məbləğində faiz borcu, 189.77 manat məbləğində cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 6890.33 manat məbləğində kredit borcu, 699.68 manat məbləğində faiz borcu, 408.22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13945.27 manat məbləğində borcun və ödənilmiş 131.84 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035L**********92 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, borclunun xx.xx.2019-cu il tarixli 035L**********92 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 035R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla 30000 manat məbləğində kredit verilmişdir. Ödəniş planı üzrə kredit alan, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 1088 manat, sonuncu ay isə 1110.93 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 035R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla 21 000 manat məbləğində kredit verilmişdir. Ödəniş planı üzrə kredit alan, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 764 manat, sonuncu ay isə 765.82 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Kredit razılaşmalarının 2.3-cü bəndinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən, kredit alan, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziya məktublarından göründüyü kimi iddiaçı tərəfindən hər iki müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə cavabdehlərə təklif göndərilmiş və cavabdehlərin yekun olaraq 035R********** nömrəli krеdit razılaşması üzrə 5947.04 manat (5406.21 manat əsas, 351.06 manat faiz, 189.77 manat cərimə), 035R********** nömrəli kredit müqaviləsi üzrə isə 8331.23 manat (7290.33 manat əsas, 675.05 manat faiz, 365.85 manat cərimə) borcu qalacağı qeyd edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/2552 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 banka borcu xx.xx.2021-ci il tarixli, 035R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə, yəni xx.xx.2024-cü il tarixə əsas borc üzrə 5469.14 manat, faiz borcu üzrə 172.28 manat, pretenziya məktubunun tərtib edildiyi tarixə, yəni xx.xx.2025-ci il tarixə əsas borc üzrə 5469.14 manat, faiz borcu üzrə 172.28 manat; xx.xx.2022-ci il tarixli, 035R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla pretenziya məktubunun tərtib edildiyi tarixə, yəni xx.xx.2025-ci il tarixə əsas borc üzrə 7558.12 manat, faiz borcu üzrə 990.11 manat, müqavilə bitən müddətə, yəni xx.xx.2025-ci il tarixə əsas borc üzrə 6758.12 manat, faiz borcu üzrə 1218.33 manat müəyyənləşdirilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqaviləsi, ekspert rəyi, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə 035R********** nömrəli, xx.xx.2022-ci il tarixdə 035R********** nömrəli kredit razılaşmaları bağlanmış və iddiaçı bank tərəfindən Cavabdeh1 hər iki razılaşma üzrə kredit verilmişdir. Eyni zamanda uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə qüvvədədir. Göründüyü kimi cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İddiaçının tələbi iş materiallarına əlavə edilmiş maliyyə arayışları, pretenziya məktubları və ekspert rəyi ilə qarşılıqlı təhlil edildikdə müəyyən edilir ki, iddiaçı 035R********** saylı kredit razılaşması üzrə 5406.21 manat kredit borcu, 172.28 manat faiz borcu, 189.77 manat cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 6758.12 manat kredit borcu, 675.05 manat faiz borcu, 337.91 manat cərimə borcu olmaqla, ümumilikdə 13539.34 manat məbləğində pulu cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlı olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, ilkin olaraq iddiaçının 035R********** saylı kredit razılaşması üzrə “5406.21 manat kredit borcu, 351.06 manat faiz borcu, 189.77 manat cərimə borcunun tutulması” barədə tələbinə münasibətdə bildirilir ki, iddia tələbi əsas və cərimə borcuna münasibətdə tam təmin edilməli, faiz borcu hissəsində isə ekspert rəyində qeyd edilən məbləğ əsas götürülərək o hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı 035R********** saylı kredit razılaşması üzrə 5406.21 manat kredit borcu, 172.28 manat faiz borcu, 189.77 manat cərimə borcu tələb etməkdə haqlıdır. Bundan sonra iddiaçının 035R********** saylı kredit razılaşması üzrə “6890.33 manat kredit borcu, 699.68 manat faiz borcu, 408.22 manat cərimə borcunun tutulması” barədə tələbinə münasibətdə bildirilir ki, əsas borc ekspert rəyi ilə müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2025-ci il tarixə hesablanmış 6758.12 manat hissəsində təmin edilməli, cərimə borcu isə 337.91 manat məbləğində (əsas borcun 5%-i həcmində) təmin edilməlidir. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə 699.68 manat faiz borcu tələb etsə də, xx.xx.2025-ci il tarixli pretenziya məktubundan göründüyü kimi iddiaçı müqaviləni birtərəfli qaydada ləğv edərək cavabdehə 675.05 manat məbləğində faiz borcunun qaldığını bildirmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddiaçı 035R********** saylı kredit razılaşması üzrə 6758.12 manat kredit borcu, 675.05 manat faiz borcu, 337.91 manat cərimə borcu tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, zaminlik müqaviləsinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 5406.21 manat kredit borcu, 172.28 manat faiz borcu, 189.77 manat cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 6758.12 manat kredit borcu, 675.05 manat faiz borcu, 337.91 manat cərimə borcu olmaqla, ümumilikdə 13539.34 manat məbləğində tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. xx.xx.2025-ci il tarixli 9/2552 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Qeyd edilən məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbinə uyğun olaraq 131.84 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmiş və cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 128 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 3.84 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 5406.21 manat məbləğində kredit borcu, 172.28 manat məbləğində faiz borcu, 189.77 manat məbləğində cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 6758.12 manat məbləğində kredit borcu, 675.05 manat məbləğində faiz borcu, 337.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13539.34 manat məbləğində pul və 128 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 200 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X1, kodu: 210005, vöen: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, swift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar