Məhkəmə qərarları › İş №e-2-2(117)-37/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-37/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-37/2023 16.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) Cavabdeh qarşı “2040,19 manat əsas borc, 921,29 manat faiz borcu və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC BOKT Cavabdeh qarşı “2040,19 manat əsas borc, 349,81 manat faiz borcu və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 2040,19 manat əsas borcun, 921,29 manat faiz borcunun cəmi 2961,48 manat borcun, 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdeh X1 illik 10 faizlə əsas və faiz borcları 31 dekabr 2019-cu il tarixədək tam ödənilmək şərtilə 10320 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Qax rayonu, Qaxingiloy kəndi ərazisində 6,14 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Yaşıl tütün yarpağı. Texniki şərtlər. OST-46 151-84 standartının tələblərinə uyğun olaraq” yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsinin müddəti 31 dekabr 2020-ci il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 10320 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə cavabdehin ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, verilmiş 10320 manat məbləğdən 8044,81 manat əsas borc, 442,34 manat faiz borcu ödəniş edilmiş, 2040,19 manat əsas borc, 642,46 manat faiz borcu qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdeh X1 illik 10 faizlə əsas və faiz borcları 31 dekabr 2019-cu il tarixədək tam ödənilmək şərtilə 10320 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Qax rayonu, Qaxingiloy kəndi ərazisində 6,14 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Yaşıl tütün yarpağı. Texniki şərtlər. OST-46 151-84 standartının tələblərinə uyğun olaraq” yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. xx.xx.2019-cu il tarixli TM-013/19 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsinin müddəti 31 dekabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş ödəniş vərəqəsindən aydın olur ki, cavabdeh tərəfindən 439,64 manat faiz məbləği üzrə ödəniş olunmuşdur. xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, verilmiş 10320 manat məbləğdən 8044,81 manat əsas borc, 442,34 manat faiz borcu ödəniş edilmiş, 2040,19 manat əsas borc, 642,46 manat faiz borcu qalmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı müqavilə öhdəlikləri yerinə yetirmiş, cavabdehə 10320 manat kredit vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə cavabdehin ödənilməmiş əsas və faiz borcu yaranmışdır. Məhkəmə “iddia tələbinin həcminin artırılmasına dair” ərizəni nəzərdən keçirib qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən 2040,19 manat əsas borcu, faiz borcu olaraq 921,29 manat tələb edir. Belə ki, iddiaçı ilkin ərizədə 349,81 manat faiz borcunun olduğunu bildirsə də, xx.xx.2022-ci il tarixə olan maliyyə arayışında qeyd edir ki, cavabdehin 642,46 manat faiz borcu vardır. İddiaçı faiz borcu üzrə tələbin həcmini artırsa da, artırılan məbləği iddiaçı faiz borcu ilə birlikdə qeyd etmişdir. Belə ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra cavabdehə MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faizlə borc hesablamaq hüququ vardır. Hazırkı mübahisə üzrə də müqavilə müddəti bitmişdir. Lakin iddiaçı cavabdehə münasibətdə müqavilədə nəzərdə tutulan 10 % lə faiz borcu hesablamışdır. Ona görə də məhkəmə artırılan faiz borcu məbləğini 642,46 amant həcmində qanunuauyğun hesab edir. Çünki iddiaçı illik 5 faizlə cavabdehə borc hesablasaydı 2040,19 manata münasibətdə illik faiz borcu 102 manat təşkil edərdi. Ona görə də iddia tələbi 2040,19 manat əsas borcunun, 642,46 manat məbləğində faiz borcunun tələb edilməsi hissəsində əsaslı qəbul edilir. İddiaçı faiz borcunun müqavilə faizi və ya digər faiz hesabı ilə hesabladığını əsaslandırmamışdır. Cavabdeh məhkəmə bildirişini alsa da, iddia tələbi ilə bağlı hər hansı bir etirazını məhkəməyə təqdim etməmiş, əsas və faiz borcunu mübahisələndirməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır və bu səbəbdən Cavabdeh 2040,19 manat əsas borc, 642,46 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 43,9 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyindən və hazırkı borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2040,19 manat əsas borc, 642,46 manat faiz borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 43,9 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar