Məhkəmə qərarları › İş №e-2-2(117)-37/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-37/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-37/2025 16.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X5 və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx-xx/2024 saylı icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, 12 000 manat əsas borc (ƏDV xaric), 2160 manat ƏDV borcu, olmaqla, ümumilikdə 14 160 manat borcun, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 2407 manat dəbbə pulunun və ödənilmiş 146.18 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx-xx/2024 saylı icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, 12 000 manat əsas borc (ƏDV xaric), 2160 manat ƏDV borcu, olmaqla, ümumilikdə 14 160 manat borcun, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 2407 manat dəbbə pulunun və ödənilmiş 146.18 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırılmışdır ki, İddiaçı MMC və fərdi sahibkar Cavabdeh arasında icarəyə verənə məxsus texniki avadanlıqların icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli, xx-xx/2024 saylı İcarə müqaviləsi bağlanılmışdır. İcarə haqqı, icarəyə verilən avadanlıqların siyahısı, icarə müddəti icarə müqaviləsinin ayrılmaz hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokoluna əsasən müəyyən edilir. Qeyd edilən müqavilənin 1 saylı Qiymətlərin razılaşdırma protokoluna əsasən icarəyə verən icarəçiyə 2 texnikanı icarəyə verir. İcarəyə götürülmüş texnikanın 1 aylıq icarə məbləği ƏDV xaric 12 000 manat, 2 160 manat ƏDV olmaqla cəmi 14 160.00 manat məbləği təşkil etmişdir. Qeyd edilən məbləğə uyğun icarəyə verən tərəfindən icarəçiyə xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10143231 nömrəli elektron qaimə faktura və təhvil-təslim aktı göndərilmişdir. Hal-hazırda ödənilməmiş icarə haqqından borc məbləği ƏDV daxil olmaqla 14 160.00 manat təşkil edir. Müqavilənin 2.9.-cu bəndinə əsasən icarəçi ödənişi gecikdirdiyi təqdirdə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində icarəyə verənə penya ödəyir. Buna əsasən xx.xx.2024 cü il tarixinə icarəçinin dəbbə pulu borcu 2407.2 manat təşkil edir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, buna nail ola bilməmişdir. Belə ki, şəxsi kabinet vasitəsilə onlayn kargüzarlıqdan cavabdehə pretenziya məktubu göndərilmiş, lakin xx.xx.2024-cü il tarixindən cavabdeh iddiaçının məktubuna cavab verməmişdir. İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə xxxx/2024 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarəyəverənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə və onun ayrılmaz hissəsi sayılan Qiymət razılaşdırma protokoluna əsasən, icarəyə verən ona məxsus texnikaları icarəçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində icarəçi icarəyə verənə xidmət haqqı ödəyir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, icarəyə verən bu müqavilənin şərtlərinə əsasən əmlakı icarəçinin işlərinin icrası məqsədilə onun istifadəsinə verir. 2.2-ci bəndinə əsasən, icarəyə verən icarə predmetini icarəçinin obyektinə aparır, orada nizamlayır və işlək vəziyyətə salır. İcarə predmetini icarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir. 2.5-ci bəndinə əsasən, icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ay üçün növbəti ayın 5-dən gec olmamaq şərtilə icarəyə verənin hesabına köçürməlidir. Bu ödənişlərə müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əlavə ödənişlərdə daxildir. 2.9-cu bəndinə əsasən, icarəçi ödənişi gecikdirərsə, gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində icarəyə verənə penya ödəyir. 2.13-cü bəndinə əsasən, icarə müddəti “texnika” icarəyə verənin qarajından çıxan gündən və icarəyə verənin qarajına qayıdanadək hesablanır. 2.14-cü bəndinə əsasən, icarə müddəti 1 aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablanır. İcarəçi tərəfindən icarəyə verənə ödənilir. 2.15-ci bəndinə əsasən, icarə haqqı texnikaların icarəyə verənin Suraxanıdakı qarajından çıxan tarixdən həmin qaraja qayıdanadək hesablanır. 3.1-ci bəndinə əsasən, bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir. 3.2-ci bəndinə əsasən, müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Bu müddət tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada uzadıla bilər. xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsinə 1 nömrəli əlavə olan Qiymət razılaşdırma protokolundan göründüyü kimi 1 ay üçün (26 iş günü, 10 saat) bir ədəd Buldozer Shantui SD 22 10AB824 markalı texnikanın qiyməti ƏDV xarix 12 000 manat, 2160 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 14 160 manat, 1 ədəd Kon Shantui SL 50 10AC429 markalı texnikanın qiyməti ƏDV xaric 6500 manat, 1170 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 7670 manat müəyyənləşdirilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, icarəçi birinci icarə ayının 50%-i miqdarında icarəyə verənə əvvəlcədən ödəyir. Həmin ödənilmiş avans məbləği sonuncu iş ayının icarə haqqından tutulur. Protokolda qeyd edilənlərin müqavilənin 1.1-ci bəndinə əlavə edilməsi razılaşdırılmış və hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdqilənmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən təqdim edilmiş “Dəbbə pulunun hesablanması qaydası”na dair arayışdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə ödənilməmiş icarə haqqı və bununla bağlı hər gecikdirilən gün üçün şirkət tərəfindən hesablanmış dəbbə pulu 17 gün gecikmə üçün 2407.2 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli 10143231 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh ümumilikdə ƏDV daxil olmaqla 14 160 manat dəyərində olan Buldozer Shantui SD 22 10AB824 markalı texnika verilmişdir. 1 Saylı DAİM tərəfindən verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2023 cü buraxılış ili olan xx.xx.2024-cü il qeydiyyat tarixi olan Buldozer Shantui SD 22 10AB824 markalı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. Bunlardan əlavə olaraq iş materiallarına işçilər tərəfindən Fizuli rayonu ərazisində qeyd edilən ərazidə hansı saat ərzində işin görülməsini özündə əks etdirən cədvəllər əlavə edilmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və işğaldan azad olunmuş ərazilərdə-Qarabağda işləyir. İddiaçı şirkətdən buldozer texnikası götürmüşdür. Ona xx.xx.2024-cü il tarixdə Füzuli şəhərində buldozer texnikası verilmiş, lakin texnika gələndən işləməmişdir. Bununla bağlı şirkətə məlumat vermişdir. Gəlib düzəldəcəklərini bildirsələrdə, gəlməmişdirlər. Həmin buldozeri işlədən şəxs Bərxudar adlı şəxsi idi. Bərxudar buldozerin kondisioneri işləmədiyindən işi yarımçıq qoyub getmişdir. Şirkətə məlumat verdikdən sonra onlar yeni işçi göndərəcəklərini bildirdilər. Bundan sonra Zeybulla adlı yeni işçi gəldi. O da buldozerin işləmədiyini bildirdi və işləmədən çıxıb getdi. Bununla bağlı yenidən şirkət rəhbərliyinə məlumat vermiş və usta göndərilməsini xahiş etsə də, göndərilməmişdir. Avqustun 20-də şirkət əməkdaşları həmin texnikanı ondan götürüb getmişdirlər. Eyni zamanda müqaviləyə qol çəkmədiyini, aktdakı imzanın ona aid olmadığını qeyd etmişdir. Digər texnikanın ona verilmədiyini, şirkət rəhbərliyinin ona bir texnika verdiyini, onunda Shantui SD22 10AB824 markalı texnika olduğunu bildirmişdir. İddia tələbi ilə razı olmadığını bildirmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkmədən xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, dəfələrlə cavabdehlə əlaqə saxlamış, lakin o, texnikanın xarab olması ilə bağlı heç nə deməmişdir. Şirkətin nümayəndələri mütəmadi olaraq yoxlama keçiriblər, əgər texnika işləməsəydi hər hansısa tədbir görülərdi. Texnikanın xarab olması ilə bağlı şirkətdə hər hansısa qeydiyyat, məlumat olmayıb. Şirkətin təqdim etdiyi sənədləri isə qərəzli şəkildə imzalamayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2024-cü ilin avqust ayının 9-da portalda onun adı açılmış, işlətdiyi texnika yanacaqla doldurulmuş, haqq-hesab sənədini Elçinin adını bilmədiyi qohumuna imzalamaq üçün vermiş, o isə imzalamaq səlahiyyətinin olmadığını deyərək Elçini gözləməyini bildirmişdir. Təxminən 4 gün sonra Elçinlə danışmış, o da həmin sənədi itirdiyini bildirmişdir. Texnikanı şirkətdən götürdükləri 8 saat işlədiyini, ondan sonra da işlədiyini xarab olmadığını, texnikanın bıçaq hissəsinin əyri olmasının işə əngəl törətmədiyini bildirdi. Daha sonra Elçinlə işləməməsinə səbəb olaraq dayanmadan işlədiklərini, yorulduğunu, işin çox olmasını və Elçinlə işləyə bilmədiyini, bu səbəbdən çıxıb gəldiyini bildirdi. Eyni zamanda digər işçi Zeybulla ilə 10 gün işlədiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Füzuli rayonuna 2024-cü ilin təxminən avqust ayının 19-20 arası getmişdir, lakin ayın tarixi dəqiq yadında qalmamışdır. Portalı icarəyə götürən Elçin açmışdır. Orada getdiyi günün sabahından başlayaraq 5 gün, saat 8-dən axşam 19:00-a kimi işləmişdir. O gedərkən texnikanı orada qoyub çıxmışdır. Oradakı yemək, yaşayış şərtləri onu qane etmədiyi üçün sonradan orada işləməmiş və bu barədə şirkətə məlumat vermişdir. Ondan sonra oraya heç kim getməmişdir. O işlətdiyi texnikadan başqa teknika da olmaqla orada iki texnika olmuşdur. Texnika təzə olmuş, heç bir nasazlığı olmamışdır. İşlədiyi yerə Elçinlə gedib-gəldiyini, texnikanı Bərxudardan təhvil aldığını və bağ salmaq üçün torpaq sahəsinin texnika ilə daşlarını təmizlədiyini bildirdi. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş icazə portalından əldə edilmiş çıxarışlardan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iş yeri "xxxx" MMC olmaqla, Füzuli, Ağdam və Xocavənd ərazilərində iş görülməsi məqsədilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024-cü il tarixindən xx.xx.2024 cü il tarixinədək X1, xx.xx.2024-cü il tarxindən xx.xx.2024-cü il tarixinədək X3 icazə verilmiş və qeyd edilən sonuncu tarixlərdə icazə ləğv edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi, qiymətlərin razılaşdırma protokolu, portaldan çıxarış, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə xx-xx/2024 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə və onun ayrılmaz hissəsi sayılan Qiymət razılaşdırma protokoluna əsasən, icarəyə verən ona məxsus texnikalarla icarəçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində icarəçi icarəyə verənə xidmət haqqı ödəyir. Məhkəmə ilkin olaraq Cavabdeh məhkəmə hazırlıq iclasında bildirdiyi “müqaviləyə onun qol çəkməməsi, aktdakı imzanın ona aid olmaması” ilə bağlı fikrinə münasibətdə qeyd edir ki, məhkəmə bu səbəbdən cavabdeh tərəfin imza nümunələrini almış, lakin daha sonra məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi, eyni zamanda həmin müqaviləyə əlavə olan 1 nömrəli qiymət razılaşdırma protokolu tərəflərin imzası ilə yanaşı hər iki tərəfin möhürü ilə də təsdiqlənmişdir. Buna münasibətdə cavabdeh müqavilənin icra edilməsini, yəni texnikanın Fizuli rayonu ərazisində aparıldığını, bununla da müqavilənin bağlanması faktını dolayısı ilə qəbul etmiş və möhürün ona aid olmasını təsdiqləmişdir. Bu səbəbdən məhkəmə əlavə olaraq ekspertiza təyin edilməsini əsaslı hesab etməmişdir. Belə ki, qeyd edilən yazılı müqavilə qəbul edilməsə belə tərəflər arasında bağlanmış əmlak kirayə müqaviləsinin icrası ilə bağlı tərəflər addımlar atmış müəyyən vəzifələrini icra etmişlər. Bundan başqa cavabdehin ona təhvil verilmiş texnikanın veriləndən işləməməsi, işçilərin texnikanın işləmədiyini bildirərək çıxıb getmələri və bununla bağlı şirkətə müraciət edərək usta göndərilməsini xahiş etməsi, lakin şirkətin heç bir tədbir görməməsi ilə bağlı fikrinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi Buldozer Shantui SD 22 10AB824 markalı nəqliyyat vasitəsinin buraxılış ilinin 2023-cü il, qeydiyyat tarixinin xx.xx.2024-cü il olması, eyni zamanda məhkəmə prosesində şahid qismində çıxış edən işçilərin izahatı həmin texnikanın nasaz vəziyyətdə olması və işləməməsi halının təsdiq etmirlər, əksinə texnikanın təzə texnika olduğunu bildirirlər. Eyni zamanda cavabdeh həmin texnikanın işləməməsini və bu barədə iddiaçı tərəfə müraciət etməsini sübut edən hər hansısa sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, icarəçi qeyd edilən texnikanın kirayəsinə görə aylıq kirayə haqqı ödəmək vəzifəsinin olduğu halda bununla bağlı rəsmi yazışmalar aparılması və bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, cavabdeh iddiaçıdan icarəyə götürdüyü texnikanı Fizuli rayonunun işğaldan azad edilmiş ərazisində istifadə etmək və "xxxx" ərazisinin inşası üçün müvafiq icazə əsasında müvafiq polis postlarından keçməklə həmin əraziyə getmiş, qeyd edilən əraziyə əmək fəaliyyəti məşğul olmaq üçün fiziki və hüquqi şəxslərin keçidi işğaldan azad edilmiş ərazilərdə idarəetmənin təşkili ilə bağlı verilmiş qanunvericilik aktları əsasında müvafiq qaydada təşkil edilmiş icazələr əsasında həyata keçirildiyi müəyyənləşdirilmişdir. Məhkəmə iddia tələbinin “icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, 12 000 manat əsas borc (ƏDV xaric), 2160 manat ƏDV borcu, olmaqla, ümumilikdə 14 160 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, iddiaçı yalnız Buldozer Shantui SD 22 10AB824 markalı texnikanın icarə haqqını tələb edir, digər texnikalarla bağlı iddia irəli sürməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsinə 1 nömrəli əlavə olan Qiymət razılaşdırma protokolundan göründüyü kimi 1 ay üçün (26 iş günü, 10 saat) bir ədəd Buldozer Shantui SD 22 10AB824 markalı texnikanın qiyməti ƏDV xaric 12 000 manat, 2160 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 14 160 manat razılaşdırılmışdır. Bu məbləğ xx.xx.2024-cü il tarixli 10143231 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada da öz əksini tapmışdır. Bundan başqa şahidlər X4 və X2 məhkəmə iclasında verdiyi izahatlarından və icazə portalından çıxarışdan da göründüyü kimi hər iki işçi ümumilikdə 12 gün ərzində həmin ərazidə işləmişlər. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən, icarə müddəti 1 aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablanır. İcarəçi tərəfindən icarəyə verənə ödənilir. Lakin həmin icarə müqaviləsinin 2.2ci bəndində də qeyd edilmişdir ki, icarəyə verən icarə predmetini icarəçinin obyektinə aparır, orada nizamlayır və işlək vəziyyətə salır. İcarə predmetini icarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir. İcarə müqaviləsinin bu bəndlərinə münasibətdə şahidlərin ifadəsi təhlil edildikdə görünür ki, şirkətin göndərdiyi həmin işçilər işin çox olması, yemək, yaşayış şəraitinin onları qane etməməsi və digər səbəblərdən müqavilədə razılaşdırılmış müddətdə deyil, hər ikisi ayrılıqda 8 və 4 gün olmaqla, ümumilkdə 12 gün işlədikdən sonra həmin ərazidən çıxıb getmiş və işi tam şəkildə yerinə yetirməmişdirlər. Belə ki, icarə müqaviləsinin müvafiq bəndində icarə müddətinin 1 aydan az olduğu halda da icarə haqqının tam hesablanması nəzərdə tutulsa da, eyni zamanda, həmin müqavilədən göründüyü kimi icarə predmetini icarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir. Göründüyü kimi qeyd edilən ərazidə görülən işin müqavilədə razılaşdırılmış müddətdən az icra edilməsinin səbəbini birbaşa icarəyəverənin işçilərinin həmin ərazidən gedərək işi tam şəkildə yerinə yetirməmələri təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar nəzərə alındıqda icarəçidən 1 ay üçün icarə haqqının tələb edilməsi ədalətli və ağlabatan deyil. Bu səbəbdən iddaçı iddia tələbinin icarəçi tərəfindən icarəyəverənin işçilərinin həmin ərazidə işlədiyi 12 gün müddət üçün icarə haqqı borcunun tələb edilməsi hissəsində haqlıdır. Bunlardan əlavə olaraq iş materiallarına əlavə edilmiş işçilər tərəfindən qeyd edilən ərazidə işin görülməsi vaxtını (günləri və saatarı) özündə əks etdirən cədvəldən görünür ki, X6 4 gün ərzində işləmiş, lakin həmin iş saatlarının yazıldığı müvafiq xanalardakı tarixlər portaldan əldə edilmiş çıxarışlardakı tarixlərlə üst-üstə düşmür. Bu hissəyə münasibətdə məhkəmə qeyd edir ki, həmin işçilərin işğaldan azad olunmuş ərazilərə keçid üçün icazə portalından qeydiyyatdan keçmədən işğaldan azad olunmuş ərazilərdə işləməsi halının mümkün olmaması, eyni zamanda tərəflərində həmin əraziyə gedərkən çıxarışlarını göstərək keçdiklərini təsdiqləmiş və bu halın əksini sübut edən hər hansısa başqa bir dəlil mövcud olmamışdır. Bu səbəbdən məhkəmə icazə portalından əldə edilmiş çıxarışlarda qeyd edilən tarixlər nəzərə alınmaqla işçilərin həmin ərazidə işlədikləri müddətin 12 gün olmasını əsas götürmüşdür. Bundan əlavə cavabdehin portalı vasitəsilə onun sürücülərinin keçidinə icazənin qəsdən alınmaması və ləngidilməsi halı iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, belə ki, şahidlər özləri ifadələrində bildirmişlər ki, onları cavabdeh hər gün maşını ilə apararaq polis postunu müvafiq icazə sənədləri yoxlanılaraq işğaldan azad edilmiş Fizuli rayonunun ərazisinə aparmış və işlərini gördükdən sonra qaytarmışdır. Eyni zamanda, bu icazələrin alınmamasında cavabdehin marağı ola bilməzdi, çünki o başqa hüquqi şəxslər qarşısında üzərinə götürdüyü öhdəlik var idi ki, hazırkı icarə müqaviləsini bağlamışdır. Əks təqdirdə, əvvəldən o müqaviləni bağalmazdı. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı da müvafiq sürücü və texniki heyətini icarəyə götürülmüş texnikanı işlətmək üçün cavabdehə təqdim edilməsi ilə bağlı öhdəliyini lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə tərəflərin müqavilə öhdəliklərini icra etmələri dərəcəsinə uyğun iddia tələbinin təmin edilməsini qanuni və ədalətli hesab edərək hazırkı qətnaməni qəbul etmişdir. Belə ki, göründüyü kimi tərəflər Buldozer Shantui SD 22 10AB824 markalı texnikanın 26 iş günü üçün qiymətini ƏDV xaric 12 000 manat, 2160 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 14 160 manat razılaşdırmışlar. Həmin texnika 12 gün işlədildiyindən (12000/26gün=461,54 manat günlük; 461,54 x 12= 5538,5 manat əsas borc) bu məbləğə münasibədə cavabdehdən 5538.50 manat məbləğində əsas borc, tərəflər müvafiq əlavə dəyər vergisinin də əsas borca münasibətdə əlavə olaraq cavabdehdən tutulması barədə razılığa gəldiyindən 996.93 manat məbləğində ƏDV borcu (5538.50 x 0.18% = 996.93) tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən öhdəliyin icra edilməməsi zamanı təqsiri olan şəxsin qarşı tərəfə ödədiyi məbləğ “peni” qeyd edilmişdir. Məhkəmə tərəflər arasında razılaşmanın mahiyyətinə uyğun olaraq tərəflərin bunu öhdəliyin təminat üsulu olaraq “penya” olaraq nəzərdə tutduğunu qəbul edir. İddia tələbinin “2407.2 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən, icarəçi ödənişi gecikdirərsə, gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində icarəyə verənə penya ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə işin hallarını, hər iki tərəfin öhdəliklərini lazımı qaydada icra etməməsini, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən əsas borcun 5 faizi həcmində, yəni 276.9 manat dəbbə pulunun tutulmasını iddiaçı tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilməli olan 146,18 manat dövlət rüsumunun 86,07 manatı İddiaçı MMC-dən, 60.11 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə dövlət rüsumu iddiaçı tərəfindən atm şəkildə dövlət büdcəsinə ödənildiyindən məhkəmə hesab edir ki, 60.11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 86.07 manat məbləğində rüsum isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5538.50 manat məbləğində əsas borc, 996.93 manat məbləğində ƏDV borcu, gecikdirilmiş müddət üzrə 276.9 manat məbləğində dəbbə pulu və 60.11 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar