Məhkəmə qərarları › İş №e-2-2(117)-38/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-38/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-38/2025 27.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 240 000 manat pulun və əldən çıxmış faydanın əvəzi olaraq 108 000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə -iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 348 000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2017-ci il tarixli “birgə əməkdaşlığa dair müqavilə”yə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində üzüm bağlarının salınması, yüksək keyfiyyətli üzüm məhsulunun yetişdirilməsi və hazır məhsulun daxili və xarici bazarlarda reallaşdırılaraq mənfəət əldə edilməsi razılaşdırılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilənin şərtini pozaraq həmin torpağı və onun üzərindəki üzüm bağını özgəninkiləşdirərək başqa şəxsə satmışdır. Beləliklə, cavabdehlər müqavilənin şərtini kobud şəkildə pozmuşlar. O, müqavilə imzalandığı tarixdən müqavilənin şərti pozulanadək müqavilənin şərtinə əməl etmiş və müqavilədə göstərildiyi kimi cavabdehlərin onun gördüyü işlərlə bağlı heç bir yazılı iradı və təklifləri olmamışdır. Həmin üzüm bağından artıq bu ildən etibarən tam mənfəətə keçəcəkdilər. Cavabdehlər müqavilənin tələbini pozduqlarına görə mənfəət götürə bilməmişlər. Həmin üzüm bağı bu ildən etibarən azı 70 il məhsul verəcəkdi. Müqavilə bağlandıqdan sonra 2017-ci ilin iyul ayında Fransa Respublikasından “Gontard Freres” şirkətinin təsisçisi və rəhbəri Tyerri Gontardı Azərbaycan Respublikasına dəvət etmiş, bundan sonra analizlərin nəticəsinə uyğun olaraq üzüm tingləri üçün calağaltı növləri seçmiş və 2018-ci ilin yazında əkinini həyata keçirmişdir. Göründüyü kimi, müqaviləyə uyğun olaraq o, öz üzərinə düşən işləri layiqincə icra etmiş və 6 il mütəmadi olaraq həmin üzüm bağına əvəzi ödənilmədən qulluq etmişdir. Beləliklə, əgər müqavilənin şərti pozulmasaydı, bu ildən etibarən onlar 5 ha üzüm bağından 80-90 ton civarında məhsul götürəcəkdilər. Bu da 80 000 manat məbləğində pul edəcəkdi. Müqavilədə göstərildiyi kimi həmin məbləğin 50%-i ona çatacaqdı. Nəticədə il ərzində 40000 manat mənfəət onun olmalı idi. Cavabdehlərin etdiyi pozuntuya görə o həmin gəlirdən məhrum olmuş və əlavə olaraq torpaq sahəsinə mütəmadi olaraq 6 il əvəzi ödənilmədən xidmət etmişdir. Bu gün ölkənin irəlidə gələn kənd təsərrüfatı bağçılığı ilə məşğul olan şirkətləri ortalama hər ay aqronomlarına 1500 manat əmək haqqı verir. Bu da 6 il müddətinə hesablansa 108 000 manat əmək haqqı edəcək. Əlavə olaraq qeyd olunan bağın əkilməsinə görə fiziki qüvvə və vaxt məhdudiyyəti yarandığı üçün özünə şəxsi yeni bağ əkini etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bağı satdıqdan sonra o, yeni üzüm bağı əkdiyi halda belə həmin bağdan məhsul götürməyi üçün 6 il müddət tələb olunur. Bu da o deməkdir ki, növbəti 6 il müddətinə ortalama illik 40000 manat mənfəət götürəcəkdi. Bundan irəli gələn səbəbdən 240 000 manat mənfəətdən məhrum olmuşdur. Ümumilikdə, cavabdehlərin üzüm bağını satmaları nəticəsində ona vurulmuş zərər 348 000 manat olmuşdur.

3. Eyni zamanda cavabdehlərə pretenziya göndərərək borclarının ödənilməsini xahiş etsə də, hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğin ödənişi ilə bağlı heç bir hərəkət etmir. Lakin cavabdehlər tərəfindən onun müraciətinə heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən o da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 425.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci,149- 153-cü maddələri göstərilmişdir.

5. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada ona dəymiş ziyanın əvəzi olaraq 240 000 manat məbləğində pulun və əldən çıxmış faydanın əvəzi olaraq 108 000 manat məbləğində pulun, cəmi 348 000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əldən çıxmış faydanı onunla əsaslandırmışdır ki, cavabdehlərin etdiyi pozuntuya görə o həmin gəlirdən məhrum olmuş və əlavə olaraq həmin torpaq sahəsinə mütəmadi olaraq 6 il əvəzi ödənilmədən xidmət etmişdir. Həmin xidməti başqa yerdə və başqa şəxsə göstərsəydi, bu məbləğ 6 il üçün ən azı 108 000 manat təşkil edəcəkdi.

6. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bildirmişdir ki, iddiaçının iddiası tam olaraq qanunsuz və əsassızdır. Həyat yoldaşı Cavabdeh1 aldadaraq məzmunu belə anlaşılmayan bir müqaviləyə qol çəkmişdir. Həmin müqavilənin məzmunundan da həyat yoldaşı hazırkı məhkəmə işi zamanı məlumatlı olmuşdur. İddiaçının qeyd etdiyi torpaq sahəsi onlara məxsus torpaq sahəsidir və o, öz vəsaiti hesabına üzüm bağı salmışdır. Nə torpaq sahəsinin, nə ora çəkilən xərclərin, nə də göstərilən qulluğun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Bütün xərcləri o qarşılamışdır. Üzüm bağının salınmasında iddiaçının heç bir əlaqəsi olmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

7. İddiaçı 10 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirdi ki, 13 iyun 2017-ci il tarixdən etibarən Cavabdeh1 ilə müqavilə imzalamışlar. 6 hektarlıq sahədə üzüm bağı üçün müqavilə imzalasalar da, həmin sahənin 5 hektarında üzüm əkmişlər. Həcər xanıma şirkət qurub işi bu qaydada həyata keçirmələri barədə təklif etsə də, o razılaşmamışdır. İşləri müqavilə əsasında aparmışlar. O, torpağın keyfiyyətinin yoxlanılması, torpağın üzüm əkini üçün yararlı olub-olmadığını ayırd etmək üçün Fransadan mütəxəssis gətirmiş, mütəxəssis torpağın üzüm əkini üçün yararlı olmasını bildirdikdən sonra əkinə başlamışlar. Mütəxəssis üçün 8000 manat məbləğində pul ödəmişdir. 2020-ci ildən sonra məhsul bar verməyə başladı, həmin məhsulu satıb gəlir əldə etmişlər. Mənfəətin yarısının onun olacağı barədə razılaşmışdılar. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 dərmansəpən aparat almışdır. O, 6 il ərzində 2017-2024-cü illər ərzində həmin torpaq sahəsinin əkilməsində zəhmət çəkmişdir. Cavabdehlərdən tələb etdiyi pul da həmin dövrə aiddir. İşlər getdiyi vaxt cavabdehlərin torpağı satdığını öyrənmişdir.

8. Cavabdehin nümayəndəsi 10 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilə formal olaraq Həcər xanımın adından bağlansa da, əsas işləri Cavabdeh2 həyata keçirmişdir. İddiaçı ilə əldə olunan vəsaitin aralarında bölünməsi ilə bağlı razılaşmışlar. 2022-ci ilə qədər məhsul əldə edilməyib. Cavabdehin dediklərinə əsasən, üzüm bağı baxımsız olduğundan məhsul əldə edilməmişdir.

9. İddiaçı 28 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirdi ki, 11 aprel 2018-ci il tarixdə əkin başlamış və 10 gün müddətində qurtarmışdır. İlk məhsulu 2020-ci ildə 7 ton kişmiş üzüm, 4.8 ton İtalya Muskatı, 3 ton isə Red Qlob sortlu məhsul olmaqla götürmüş və təxminən 10 000 manat mənfəət əldə etmişlər. 2021-ci ildə dolu vurduğu üçün məhsul götürə bilməmişlər. 2022-ci ildə 17,760 ton məhsul götürərək 14 000 manat mənfəət əldə etmişlər. 2023-cü ildə də eyni qaydada məhsul götürmüşlər.

10. Cavabdehin nümayəndəsi 28 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqavilədə uyğunsuzluqlar var. Belə ki, müqavilənin 2.5-ci bəndi mülki qanunvericiliyə ziddir.Torpaq sahəsi Həcər xanımın adına olduğu üçün müqavilə formal olaraq Həcər xanımın adına bağlanmışdır. Əsas işləri Cavabdeh2 həyata keçirmişdir. İddiaçı ilə razılaşaraq üzüm bağından əldə olunan məhsulu aralarında böləcəklərini bildirmişlər. Lakin vəd edilən məhsulu əldə etmək mümkün olmamışdır. Cavabdehin dediyinə görə üzüm bağı baxımsız olduğundan məhsul əldə edilməmişdir. Bu səbəbdən torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Qax rayonu, Zəyəm kəndində deyil, Lələli kəndində yerləşir. Cavabdeh2 verdiyi məlumata görə bütün xərclər cavabdeh tərəfindən ödənilmişdir. Bunların heç birisinin Cavabdeh1 ilə əlaqəsi yoxdur.

11. İddiaçı 27 may 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh2 məhkəməyə göndərdiyi ərizə ilə razı deyil. Ərizədə yazılanlar tamamilə yalandır. Cavabdeh2 uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ola bilməzdi ki, onun həyat yoldaşı bilmədən, oxumadan müqaviləyə qol çəksin. Bundan əlavə iddiaçı bildirmişdir ki, Cavabdeh1 şəxsən özü tərəfindən ona verdiyi notariusda imzalanan etibarnamə vardır. Həmin etibarnaməni məhkəməyə təqdim edir. Həcər xanım onun həyat yoldaşının xalasıdır. Məhsul əkdikləri sahədən 2020-ci ildə 7 ton kişmiş üzümü, 5 ton İtalya musqatı, 2 ya 2 ton yarım red qlob götürmüşlər. Bu məhsullar Cavabdeh2 soyuducusuna qoyulub. 2021-ci ildə isə sahəni dolu vurduğundan məhsul əldə edə bilməmişlər. 2022 və 2023-cü illərdə isə hər il üçün 18-19 ton məhsul götürülüb. Ramazan bu məhsulların hamısını satıb pulu özünə götürmüşdür. Bu da ona görə belə olmuşdu ki, aralarında imzalanan müqaviləyə əsasən mənfəət əldə edənə qədər məhsulun satışından əldə edilən pulu qarşı tərəf götürməliydi. İddiaçı telefonunda Cavabdeh2la whatsap vasitəsilə danışıqları olduğunu bildirmiş və onları onları məhkəməyə təqdim etmişdir. Həmçinin məhsulun təhvil verilməsi ilə bağlı dəftəri var. Həmin dəftərdə illər üzrə çəkdiyi xərclər və əldə etdiyi məhsul öz əksini tapmışdır. Həmin dəftəri də məhkəməyə təqdim edir.

12. Cavabdehin nümayəndəsi 27 may 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əvvəlki məhkəmə iclaslarında da bildirdiyi kimi hazırkı işdə hüquqlarını müdafiə etdiyi Cavabdeh1 ilə hər hansı bir əlaqəsi yoxdur. Bundan əlavə bildirmək istərdi ki, müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanılmamışdır. Həcər xanımla İddiaçı arasında olan etibarnamə isə hansı işə aid olduğu bilinmir. İddianı qəbul etmirlər və rədd edilməsini məhkəmədən xahiş edirlər.

İİİ. Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra mətndə-MM).

- 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər….. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. - 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

16. İddiaçı cavabdehlərlə aralarında müvafiq münasibətlərin mövcudluğunu qeyd edilən bu sənədlərlə: Cavabdeh1 (investor) və İddiaçı (sifarişçi) arasında bağlanmış 13 iyun 2017-ci il tarixli 01 nömrəli birgə əməkdaşlığa dair müqavilə, illər üzrə çəkilən xərcləri və əldə edilən məhsulları özündə əks etdirən dəftər, Cavabdeh1 tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixinədək verilmiş xx.xx.2022-ci il tarixli AR-İİ№ 660320 nömrəli etibarnamə ilə, müvafiq olaraq İddiaçı və Cavabdeh1 tərəfindən "xxxx" QSC-dən bitki mühafizə vasitələrinin alınmasını özündə əks etdirən xx.xx.2022-ci il tarixli 2 ədəd təhvil təslim aktı, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli CPMİ 00874- 22 nömrəli “Podratçıya məxsus olan qurğu və avadanlıqlarının sığortası” ilə bağlı sığorta şəhadətnaməsi, Cavabdeh1 tərəfindən 2022, 2023, 2024-cü illər üzrə fermer kartı ilə alınmış toxum, gübrə və pestisidləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışla əsaslandırmışdır.

17. İşdə olan Cavabdeh1 (investor) və İddiaçı (sifarişçi) arasında bağlanmış 13 iyun 2017-ci il tarixli 01 nömrəli birgə əməkdaşlığa dair müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu müqavilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində üzüm bağlarının salınması, yüksək keyfiyyətli üzüm məhsulunun yetişdirilməsi və hazır məhsulun daxili xarici bazarlarda reallaşdırılaraq mənfəət əldə edilməsi məqsədini daşıyır. - 2.1-ci bəndinə əsasən, “investor” layihə üçün öz mülkiyyətində olan və Qax rayonu, Zəyəm kəndi ərazisində yerləşən 6.0 ha torpaq sahəsini ayırmağı və görüləcək bütün işlərin xərcini ödəməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən, “investorun” işlərin gedişi barədə məlumat almaq; görülmüş işlərin vəziyyətini yoxlamaq, bunun üçün lazım gələrsə, mütəxəssis cəlb etmək; maliyyə və digər sənədlərlə tanış olmaq hüquqları vardır. - 2.3-cü bəndinə əsasən, “sifarişçi” üzüm bağlarının salınmasını; tinglərə lazımi xidmətlərin göstərilməsini; bağların qorunmasını və xəstəliklərdən mühafizəsini; hazır məhsulların reallaşdırılmasını; iş və xidmətlərin icraçıları seçilərkən keyfiyyət və qənaət prinsiplərinə riayət etməyi; görülmüş işləri qanunvericiliyə uyğun formada aparmağı və lazımi qaydada sənədləşdirməyi; vergilər və digər qanuni ödənişlərin, o cümlədən digər hüquqi və fiziki şəxslərə qarşı yaranmış bütün ödənişlərin vaxtında ödənilməsini təmin etməyi; işlərin vəziyyəti barədə “investor”a doğru məlumat verməyi; əldə olunan mənfəətin 50 faizini “investor”a ödəməyi öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən, tərəflər müqavilə üzrə götürdüyü öhdəliklərə görə cavabdehlik daşıyırlar və bu öhdəlikləri icra etmədiklərinə, və yaxud, lazımi qaydada icra etmədiklərinə görə qarşı tərəfə vurulan zərəri qanunvericiliklə nəzərdə tutulmuş qaydada tam ödəməyə borcludurlar. - 2.5-ci bəndinə əsasən, tərəflərdən biri hər hansı səbəbdən (ölüm, itkin düşmüş elan edilmə, fəaliyyət qabiliyyətinin itirilməsi və s.) sıradan çıxdıqda müqaviləyə xitam verilmir, tərəfin hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq onun vərəsələrinə keçir. - 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan sonra qüvvəyə minir və üzüm bağları məhsul verdiyi müddətdə qüvvədədir.

18. Şəki Kommersiya məhkəməsinin xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21- 2-19/2-24203/2024 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh1 vergi orqanında vergi ödəyicisi kimi uçota alınmamışdır. Eyni zamanda vergi orqanının uçot baza məlumatlarına əsasən Cavabdeh1 tərəfindən əldə edilmiş və ya təqdim edilmiş elektron qaimə-faktura aşkar edilməmiş, vergi orqanına bəyannamə təqdim edilməmiş, əldə edilmiş mənfəət və ya bölüşdürülmüş mənfəət barədə hər hansı bir məlumat aşkarlanmamışdır.

19. “Elektron məhkəmə” İnformasiya sisteminin məlumatından müəyyən edilir ki, digər cavabdeh X4 ********** nömrəli VÖEN-i vardır.

20. Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəki Kommersiya məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-19/2-25146/2024 nömrəli məktubla bildirilmişdir ki, idarə tərəfindən aparılmış araşdırmaya və Qax rayonu Zəyəm Bələdiyyəsi tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli, 57 nömrəli arayışa əsasən Qax rayonu Zəyəm Bələdiyyəsi ərazisində (Zəyəm, Lələli və Qındırğa kəndlərində) Cavabdeh1 adına hər hansı bir kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmadığı müəyyən edilmişdir.

21. İşdə olan Cavabdeh1 (satıcı) və X2 (alıcı) arasında bağlanmış 24 may 2024-cü il AN-İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 32.817 ha olan torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir.

22. İşdə olan Cavabdeh1 (satıcı) və X2 (alıcı) arasında bağlanmış 24 may 2024-cü il AN-İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9294 ha olan torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir.

23. İşdə olan Cavabdeh1 (satıcı) və X2 (alıcı) arasında bağlanmış 24 may 2024-cü il AN-İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 3.4417 ha olan torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir.

24. AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Şəki Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixli 3-22/2-490/2025 nömrəli məktuba qoşma kimi AR Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq X1 Təcrübə Stansiyasının müdiri X8 tərəfindən hazırlanmış mütəxəssis rəyi təqdim edilmişdir. - 1. Qax rayonu, Lələli kəndi ərazisində Cavabdeh1 məxsus torpaq sahəsinin 5 hektarında müxtəlif sortlardan üzüm bağı salınmışdır. (Müqavilədə 6 hektar qeyd edilsə də, təmiz bağ 5 hektardır. Həmin bağ salınarkən aqrotexniki əməl olunmuş, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmiş, 2018-ci ildə salınan bağ artıq 7 illikdir. Üzüm bağına çəkilən xərclər yerindən, əkilən tinglərdən, suvarma və gübrələmə sistemindən və əkinin qida sahəsindən asılı olaraq hektara çəkilən xərc inventarlar, materiallar və əmək haqqının ödənilməsindən, ümumiyyətlə təchizatdan asılı olaraq 22 000-26 000 manat ola bilər. - 2. Üzüm bağından surətli forma verməklə 2-3 ildən sonra qismən, yəni 20%, 3-4-cü il 60-80%, 5-ci ildən tam məhsul götürmək olar. Bağa baxış keçirilən zaman və şifahi sorğu əsasında 5 hektarda əkilən üzüm bağında, ümumilikdə 15-17 ton məhsul götürülmüşdür ki, bu da həmin sortlara məhsuldarlıqdan 2 dəfədən də azdır. Ehtimal olunur ki, məhsuldarlığın aşağı olması zəruri xərclər çıxıldıqdan sonra illər üzrə mənfəət götürmək qənaətbəxş deyildir. Buna səbəb aqrotexniki qulluqlar aparılmamış, suvarma sistemi qənaətbəxş işləməmiş, 5 ha bağda seyrəklik əmələ gəlmiş, hal-hazırda sahədəki tənəklərin 25-30%-i qurumuş, sahədə nəzərəçarpacaq seyrəklik var və digər mövcud tənəklərin isə 5-10%-i qurumaya meyilli vəziyyətdə olmaqla xəstəlik və zərərvericilərlə sirayətlənmiş və zəif inkişaf etmişdir. Xəstəlik və zərərvericilərə qarşı tam mübarizə aparılmamış, tənəklərdə, zoğlarda quruma əlamətləri vardı. Üzüm bağı tam alaqlı və kolkosun içindədir. Tənəklərin inkişaf vəziyyəti yaşına uyğun deyil, zəifdir. - 3. Birinci sualın davamı olaraq bildirir ki, 2024-cü ildən məhsuldarlığın tam artırılması istiqamətində aqrotexniki tədbirlər kompleksi həyata keçirilərsə, cərgə və bitki aralarında becərmələr, sorta məxsus yük normaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kökdən və yarpaqdan gübrələmə sistemləri aparılarsa, seyrəklik aradan qaldırılarsa, 2-3 ilə bağdan keyfiyyətli məhsul götürmək olar. Bağa baxış keçirərkən müəyyən ediblər ki, cari ildən məhsuldarlığın qismən illər üzrə artımına nail olmaq üçün mütləq kompleks aqrotexniki tədbirlər həyata keçirilməlidir. - 4. Bildirir ki, müqavilə şərtlərindən asılı olaraq salınmış üzüm bağının tam aqrotexniki qaydada becərilməsi nəzərdə tutulmuşdursa, bu iş müvəffəqiyyətlə başa çatdırılmamış, becərilmələr başlı-başına buraxılmış, bu da məhsuldarlığın hər 3 sort üzrə ilbəil azalmasına iqtisadi səmərəliliyin olmamasına və nəticədə bağlarda tənəklərin qurulmasına səbəb olmuşdur. Həmin üzüm bağından tənəklər əkildiyi ildən 5 il sonra, yəni 2023-cü ildə tam məhsul verərək iqtisadi gəlirli ola bilərdi. Göründüyü kimi, həmin sahədə aqrotexniki qulluq işləri düzgün təşkil edilmədiyindən, əksinə məhsuldarlıq həddən artıq zəif olmuşdur. - 2018-2024-cü illər ərzində əməyin qiymətləndirilməsi tərəflər arasında müqavilənin şərtindən asılı olaraq müxtəlif formada ola bilər. - Qeyd: Üzüm bağlarının salınması, bağlara qulluq edilməsi, bağın becərilmə şəraiti, alınan əkin materialının, istifadə olunan dəmir beton dirəklərinin formalarından və əkin sxemindən asılı olaraq bağın salınmasına çəkilən xərc artıb azala bilər.

25. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 7/363-9/1689 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş AR Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə ünvan 2i ərazisindəki torpaq sahəsinin 5 hektarında müxtəlif sortlardan üzüm bağı salınmışdır. Həmin bağ salınarkən aqrotexniki qaydalara əməl olunmuş, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmiş, 2018-ci ildə salınan bağ artıq 7 illikdir. Bağa baxış zamanı 5 hektar ərazidə əkilən üzüm bağında ümumilikdə 15-17 ton məhsul götürüldüyü ehtimal olunur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən, müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən məhsulların və xidmətlərin qiymətləri müəyyən edilmir.

26. Caspian Valuation MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli CVN/M 49-142/25 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir: - 1-ci sual üzrə: Qax rayonu, Lələli kəndi ərazisində Cavabdeh1 məxsus 5 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Ərazidə müxtəlif sortlardan üzüm bağının salındığı müəyyən edilmişdir. Bağın aqrotexniki qaydalara uyğun salındığı müşahidə edilir. Belə ki, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmişdir. Bağın 2018-ci ildə salınması ehtimal edilir, tinglərin yaşı 7 illikdir. Bağın salınmasına çəkilən xərclər ümumi olaraq 49 000 manat təşkil edir. - 2-ci sual üzrə: Birinci sualın davamı olaraq 2018-ci ildə salınmış üzüm bağından 2020-ci il üzrə 20-30%, digər illər üzrə artan templə davam edərək 2024-cü ildə tam məhsul götürmək ehtimalı ola bilərdi. 1 il üzrə orta xərc 4048.8 manat, yuvarlaq şəkildə 4050 manat təşkil edir. Bağın mövcud vəziyyətindən və ötən illərin məhsuldarlığına dair araşdırmalardan, təhlillərdən müəyyən edilir ki, 2020-2024-cü illər arasında əldə edilmiş mənfəət ümumilikdə 37250 manat təşkil edir. - 3-cü sual üzrə: Qeyd edilən üzüm bağından 2024-cü ildən başlayaraq məhsuldarlığın tam formada əldə edilməsi aqrotexniki qulluqdan asılı olaraq dəyişə bilər. - 4-cü sual üzrə: Birinci sualın cavabdında qeyd edildiyi kimi qeyd edilən bağ aqrotexniki qaydalara uyğun olaraq salınmışdır. Əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmişdir. Bununla belə aqrotexniki qulluq işlərinə tam riayət edilməmiş, gözlənilən nəticə əldə olunmamışdır. İddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün qiymətləndirilir. Təcrübəsindən, iş yerindən (dövlət və ya özəl sektor), ixtisas sahəsindən və regiondan asılı olaraq aqronomun, sahə mütəxəssisinin orta aylıq əmək haqqı araşdırılaraq təhlil edilmişdir. 2018-2020-ci illər üçün Dövlət Statistika Komitəsi məlumatlarına görə, aqronomların orta aylıq maaşı ***-**** manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün 1250 manat / 1 ay x 24 ay = 30 000 manat təşkil edir.

Vİ. Məhkəmənin mövqeyi:

27. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

28. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

29. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

30. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehlərdən biri Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bu səbəbdən MPM-in tələbinə görə (30-cu maddəsi-bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.)

31. Tərəflər arasında xx.xx.2017-ci ildə bağlanmış “birgə əməkdaşlığa dair müqavilə” mahiyyətinə görə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəflərin razılaşması ilə bağlı mülki qanunvericilikdə konkret norma olmasa da, qanunvericiliyin ümumi prinsiplərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

32. Belə ki, MM-də birgə (şərikli) əməkdaşlıqla bağlı münasibətləri nizamlayan normalar əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Hazırkı vəziyyətdə isə tərəflər hər hansı hüquqi şəxs yaratmamışdır.

33. Bu baxımdan mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

34. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

35. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

36. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilə baxımından müəyyən edilən hal odur ki, iddiaçı, Cavabdeh1 ilə aralarında bigə əməkdaşlığa dair müqavilə bağlayaraq qeyd edilən cavabdehə məxsus ünvan 2ində yerləşən 5 hektar torpaq sahəsində üzüm bağlı salınmalı, üzüm bağının salınması üçün bütün xərcləri cavabdeh tərəf çəkməli, iddiaçı isə bu işdə təcrübəsi olan mütəxəssis olaraq bu işlərin aparılmasına öz biliyi, təcrübəsi və intellektual fəaliyyəti ilə rəhbərlik etməli, üzüm bağlı uzun illər fəaliyyət göstərməli, əldə edilən məhsuldan əldə edilən mənfəət tərəflər arasında pay olaraq 50% olmaqla bölünməli idi.

37. Qeyd edilən torpaq sahəsində 2018-ci ilin əkin mövsümündə üzüm bağı salınmış, bütün təchizat həyata keçirilmişdir. Cavabdehlər şəxsən məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 qeyd edilən torpaq sahəsində iddiaçının hər hansı bir rolu olmadığını bildirmiş, digər cavabdeh isə nümayəndə vasitəsilə təmsil olunmuşdur.

38. İşin mübahisələndirlən hissəsi ümumiyyətlə bütün iddia tələbi ilə bağlıdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında iddiaçının qeyd edilən üzüm bağının salınmasında iştirakını təkzib etməsə də, müvafiq həcmdə üzüm əldə edilməməsi səbəbindən müqavilənin cavabdehlər tərəfindən icra olunmadığına əsaslanmış və bu səbəbdən həmin torpaq sahəsinin satıldığı bildirilmişdir.

39. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdehlər üzüm bağının salınmasında iddiaçının hər hansı bir formada iştirakını istisna edən hər hansı bir dəlil və ya tutarlı arqument irəli sürməmiş və sübut təqdim etməmişlər. Lakin iddiaçı tərəfindən təqdim edilən “Cavabdeh1 (investor) və İddiaçı (sifarişçi) arasında bağlanmış 13 iyun 2017-ci il tarixli 01 nömrəli birgə əməkdaşlığa dair müqavilə, illər üzrə çəkilən xərcləri və əldə edilən məhsulları özündə əks etdirən dəftər, Cavabdeh1 tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixinədək verilmiş xx.xx.2022-ci il tarixli AR-İİ№ 660320 nömrəli etibarnamə ilə, müvafiq olaraq İddiaçı və Cavabdeh1 tərəfindən "xxxx" QSC-dən bitki mühafizə vasitələrinin alınmasını özündə əks etdirən xx.xx.2022-ci il tarixli 2 ədəd təhvil-təslim aktı, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli CPMİ 00874-22 nömrəli “Podratçıya məxsus olan qurğu və avadanlıqlarının sığortası” ilə bağlı sığorta şəhadətnaməsi, Cavabdeh1 tərəfindən 2022, 2023, 2024-cü illər üzrə fermer kartı ilə alınmış toxum, gübrə və pestisidləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışlar” iddiaçının qeyd edilən üzüm bağının salınmasında tərəflərin arasında bağlanmış müqavilə tələbləri çərçivəsində iştirakını dolayı yolla təsdiq etmişdir.

40. Bundan əlavə cavabdeh tərəfin digər arqumenti, qeyd edilən müqavilənin Cavabdeh1lə bağlansa da, sonuncu cavabdehin həmin müqavilənin icrası ilə bağlı hər hansı bir addım atılmadığı müəyyən edilir. Məhkəmə də müəyyən edir ki, müvafiq torpaq sahəsi Cavabdeh1 adına hüquqi qeydiyyata alındığından hazırkı müqavilə onun adından bağlanmış, işləri isə onun həyat yoldaşı Cavabdeh2 icra etmişdir.

41. Məhkəmə bildirir ki, qeyd edilən müqavilənin məzmununda öhdəlikləri tərəflər bilavasitə özləri və ya onların tapşırıqları ilə başqa şəxlər tərəfindən icra edilməsi mümkündür. Hazırkı vəziyyətdə də qeyd edilən müqavilənin həm iddiaçı tərəfindən həm də Cavabdeh1 tərəfindən (verdiyi etibarnamə, alınmış bitgi mühafizə vasitələri, avadanlıqlar və.s sənədlər) icra edilməsi təsdiq edilir. Müqavilənin Cavabdeh1 tərəfindən özünə məxsus evdə olmaqla da, bilavasitə üzüm bağına gəlmədən də icra edilməsi (müəyyən vəsaiti ödəmək və .s) mümkündür. Ona görə də cavabdehin bu arqumenti əsassızdır.

42. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli bigə əmkdaşlıq haqqında müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilməmişdir. Lakin, qeyd edilən müqavilənin bağlanma əsası olan müvafiq üzüm bağının yerləşdiyi torpaq sahəsi, hazırkı müqavilənin tərəfi olan Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə başqa şəxslərə satılmış, bundan sona iddiaçı tərəfindən qeyd edilən müqavilə əsasında məhkəmədə iddia qaldırmaq üçün prosedurlara başlanılmışdır.

43. MM-in:

44. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

45. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən:

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

49. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 2024-cü ilin may ayından başlayaraq icrasının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə qeyrimümkünlüyünü qəbul edir. Düzdür tərəflər müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmədə tələblə çıxış etməsələr də, hazırkı iddia tələbinin irəli sürülməsi artıq tərəflər arasında qeyd edilən müqavilə əsasında öhdəliklərin icrasına son qoymuşdur.

50. Məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Qax rayonu, Lələli kəndi ərazisində Cavabdeh1 məxsus torpaq sahəsinin 5 hektarında müxtəlif sortlardan üzüm bağı salınmışdır. (Müqavilədə 6 hektar qeyd edilsə də, təmiz bağ 5 hektardır. Həmin bağ salınarkən aqrotexniki əməl olunmuş, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmiş, 2018-ci ildə salınan bağ artıq 7 illikdir. Üzüm bağına çəkilən xərclər yerindən, əkilən tinglərdən, suvarma və gübrələmə sistemindən və əkinin qida sahəsindən asılı olaraq hektara çəkilən xərc inventarlar, materiallar və əmək haqqının ödənilməsindən ümumiyyətlə təchizatdan asılı olaraq 22 000-26 000 manat ola bilər.

51. Üzüm bağından surətli forma verməklə 2-3 ildən sonra qismən, yəni 20%, 3-4-cü il 60-80%, 5-ci ildən tam məhsul götürmək olar. Bağa baxış keçirilən zaman və şifahi sorğu əsasında 5 hektarda əkilən üzüm bağında, ümumilikdə 15-17 ton məhsul götürülmüşdür ki, bu da həmin sortlara məhsuldarlıqdan 2 dəfədən də azdır. Ehtimal olunur ki, məhsuldarlığın aşağı olması zəruri xərclər çıxıldıqdan sonra illər üzrə mənfəət götürmək qənaətbəxş deyildir. Buna səbəb aqrotexniki qulluqlar aparılmamış, suvarma sistemi qənaətbəxş işləməmiş, 5 ha bağda seyrəklik əmələ gəlmiş, hal-hazırda sahədəki tənəklərin 25-30%-i qurumuş, sahədə nəzərəçarpacaq seyrəklik var və digər mövcud tənəklərin isə 5-10%-i qurumaya meyilli vəziyyətdə olmaqla xəstəlik və zərərvericilərlə sirayətlənmiş və zəif inkişaf etmişdir. Xəstəlik və zərərvericilərə qarşı tam mübarizə aparılmamış, tənəklərdə, zoğlarda quruma əlamətləri vardı. Üzüm bağı tam alaqlı və kolkosun içindədir. Tənəklərin inkişaf vəziyyəti yaşına uyğun deyil, zəifdir.

52. Məhkəmə müəyyən edir ki, qeyd edilən üzüm bağı Cavabdeh1 maddi vəsaiti və iddiaçının müvafiq təcrübi biliyi ilə iştirakı nəticəsində salınmışdır. Nəzərə alsaq ki, tərəflər arasında üzüm bağının idarə olunması ilə bağlı yaranmış müqavilə münasibətləri təxminən 2024-cü ilin aprel ayından sonra icra edilməmişdir, bu mənada mütəxəssis tərəfindən baxış keçirilən tarixə, yəni 2025-ci ilin yanvar –fevral ayların qeyd edilən bağın aqrotexniki vəziyyətinin pis vəziyyətdə olması, həmin bağa ziyanvericilərin sirayət etməsi, kol-kos basması və baxımsız görünməsi mümkündür. Bu müqavilə öhdəliyinin pozuntusunun iddiaçı tərəfindən edilməsi işdə olan sübutlar tədqiqi nəticəsində mümkün görünmür. Çünki qeyd edilən torpaq sahəsi mülkiyyətçi olan cavabdeh tərəfindən başqa şəxslərə satılmışdır.

53. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri əslində podrat müqaviləsinin şərtlərinə daha çox uyğundur. Lakin tərəflər müqavilədə işlərin görülməsi üçün iddiaçı üçün muzd deyil, tərəflərin gəliri olaraq mənfəətin 50%-ni müəyyən etmişlər. Bu baxımdan məhkəmə də tərəflər arasında bağlanmış müqavilə müddəaları baxımından mübahisəni həll etməlidir.

54. Məhkəmə iddiaçının izahatı, onun təqdim etdiyi dəftər, həmçinin mütəxəssis rəyi əsasında qeyd edilən üzüm bağı ilə bağlı aparılmış təhlillərin nəticəsində 2020-2024-cü illər arasında əldə edilmiş mənfəətin ümumilikdə 37250 manat olması müəyyən edilir. Qeyd edilən mənfəətin əldə edilməsi zamanı mövsümi (dərmanlama və digər aqrotexniki xərclər) bütün çəkilən xərclər, həmçinin üzüm bağının salınması üçün çəkilən 49000 manat məbləğində xərcin illər üzrə bölünməklə (hər ilə 700 manat xərc çıxılır) azaldıldığını müəyyən etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə çəkilmiş xərclərin tam ödənilməsindən sonrakı mənfəətin bölüşdürlüməsi nəzərdə tutulmadığından məhkəmənin qənaəti belədir ki, ilk andan əldə edilən mənfəətin bölüşdürülməsi qanuni və ədalətli hesab edilməlidir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

56. Beləliklə məhkəmə qeyd edilən işin faktiki hallarını və qanunvericilik normalarını əsas tutaraq iddiaçının real zərərinin məbləğini müətəxəssis rəyinə əsasən hesablanmış mənfəətin 50%, yəni (37250/2=18625 manat) 18625 manat olması ilə razılaşır. Bundan əlavə, tərəflər arasında hazırkı müqavilənin uzunmüddətli müqavilə olaraq bağlanmasını, iddiaçının qeyd edilən üzüm bağından əldə ediləcək mənfəətin uzun illər davam etməsi ehtimalını nəzərə aıb, lakin bu hal Cavabdeh1 tərəfindən torpaq sahəsinin satılması və iddiaçıdan asılı olmayan digər səbəblərdən mümkün olmadığı qənaətinə gələn məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hallar baş verməsəydi adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuşdur.

57. Məhkəmə qeyd edir ki, iddiaçı haqqı çatanlardan məhrum olduğuna görə 2018- 2024-cü illər üzrə hesablama aparmışdır. Eyni zamanda, bu üzüm bağına sərf etdiyi əməyi başqa sahəyə sərf etsəydi müvafiq gəlir əldə edə bilərdi. Bu baxımdan o gözlədiyi qazancdan məhrum olmuşdur. Məhkəmə iddiaçının tələbinin əsaslarını, hazırkı vaxta kmi dəymiş real zərəri müəyyən etmişdir. Eyni zamanda, müqavilənin uzunmüddətli olmasını, həmçinin həmin sahədən götürüləcək məhsulun uzun müddətli olacağı ehtimalının daha real olmasına əsaslanaraq məhkəmənin qənaəti odur ki, iddiaçının haqqı çatanlardan məhrum olması təsdiq edilir. Lakin iddiaçı bu halı tam əsaslandıra bilməmiş, üzərinə düşən sübutetmə vəzifəsini tam icra edə bilməmişdir.

58. İddiaçının əldən çıxmış fayda olaraq tələb etdiyi məbləğə münasibətdə müvafiq sübutlar əsasında mütəxəssis rəyində təcrübəsindən, iş yerindən (dövlət və ya özəl sektor), ixtisas sahəsindən və regiondan asılı olaraq aqronomun, sahə mütəxəssisinin orta aylıq əmək haqqı araşdırılaraq təhlil edilmişdir. 2018-2020-ci illər üçün Dövlət Statistika Komitəsi məlumatlarına görə, aqronomların orta aylıq maaşı ***-**** manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün 1250 manat / 1 ay x 24 ay = 30 000 manat təşkil edir.

59. Məhkəmə tərəfindən iddiaçıdan müvafiq aqronom ixtisası üzrə müvafiq peşə bilikləri ilə bağlı sənədləri tələb edilmiş, iddiaçı bu sənədlərin olmadığını bildirmişdir. Lakin tərəflərin müqavilə münasibətləri üzrə müvafiq öhdəliklər daşıdığını əsas götürərək, həmçinin iddiaçının sübutetmə vəzifəsinin icrasınin həddini nəzərə alaraq, məhkəmə bir il üçün iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını, aylıq ən aşağı qiymət (çünki müvafiq sahə mütəxəssis olması ilə bağlı sənəd təqdim etməmişdir) 900 manatla (900X12=10800 manat) hesablayaraq iddiaçının əldən çıxmış gəliri olaraq 10800 manat qiymətləndirilməsini əsaslı, qanuni və ədalətli hesab edir.

60. Məhkəmə qeyd edir ki, iş üzrə müqavilə tərəfi Cavabdeh1 olduğundan və öhdəliklərin icra edilməməsi nəticəsində də həmin şəxsin müqavilə məsuliyyəti mövcuddur. Bu səbəbdən iddiaçının xeyrinə tutulan məbləğ yalnız Cavabdeh1 tutulmalıdır.

61. Beləliklə yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 18 625 manat pul və əldən çıxmış faydanın əvəzi olaraq 10 800 manat məbləğində pul, cəmi 29425 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə və digər Cavabdeh2 münasibətdə rədd edilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

62. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 638 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 53,95 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə 584.05 manat hissəsi iddiaçıya aid edilməlidir.

63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 7/363-9/1689 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 50 manat pulun 25 manatı hissəsi İddiaçı, 25 manat hissəsi Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

64. Caspian Valuation MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli CVN/M 49-142/25 nömrəli məktubdan görünür ki, aparılmış tədqiqatın dəyəri 600 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 600 manat pulun 300 manatı hissəsi İddiaçı, 300 manat hissəsi Cavabdeh1 tutularaq Caspian Valuation MMC-nin hesabına ödənilməlidir.

Vİİİ Nəticə:

65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 18 625 manat pul və əldən çıxmış faydanın əvəzi olaraq 10 800 manat məbləğində pul olmaqla, cəmi 29425 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 53,95 manat hissəsi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 50 manat pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41nabz********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Aparılmış mütəxəsiss tədqiqatının dəyəri olan 600 manat pulun 300 manat hissəsi İddiaçı, 300 manat hissəsi Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialındaolanbankhesabına(BankVöeni:**********,m/h:AZ03NABZ013501**********2944,H/h: AZ47İBAZ********************, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar