Məhkəmə qərarları › İş №e-2-2(117)-380/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-380/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-380/2025 17.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 7220,48 manat əsas, 3664,94 manat faiz, 958.22 manat cərimə borcu olmaqla, cəmi 11843.64 manat, ödənilmiş 125,53 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 487-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və refinans məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 8 000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 252.05 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində isə 251,94 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində 779,52 manat əsas borc, 998.91 manat faiz borcu və 4.38 manat cərimə borcu ödənilmiş, qalan borc məbləği ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 7220,48 manat əsas, 3664,94 manat faiz, 958.22 manat cərimə bоrcu qalmışdır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/2565 nömrəli ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli 487/KQ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə (borcun tələb edildiyi tarixə) 7275,73 əsas borc, 3419,19 manat faiz borcu, xx.xx.2025-ci il tarixinə (maliyyə arayışının tərtib edildiyi tarixə) 7275,73 əsas borc, 3632,61 manat faiz borcu müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 487-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və refinans məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 8000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh 8000 manat kredit verilmiş, lakin sonuncu tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş 7220,48 manat əsas, 3419,19 manat faiz, 361.02 manat cərimə borcu qalmışdır. Belə ki, qeyd edilən əsas və faiz borcu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materialları ilə ekspert rəyi qarşılıqlı təhlil edildikdə öz təsdiqini tapır. İddiaçı 3664,94 manat faiz borcu tələb etsə də, ekspert rəyindən də göründüyü kimi cavabdehin xx.xx.2024-cü il tarixinə (bildirişlə borcun tələb edildiyi tarixə) 3419,19 manat faiz borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 3 gün müddətində icra etməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini bildirmiş, bundan sonra xəbərnamədən göründüyü kimi həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bundan başqa məhkəmə cərimə borcuna münasibətdə bildirir ki, iddiaçı cavabdehdən əsas borcun 5%-i həcmində, yəni 361.02 manat məbləğində cərimə borcu tələb etməkdə haqlıdır. Yekun olaraq məhkəmə o nəticəyə gəlmişdir ki, cavabdehdən 7220,48 manat əsas, 3419,19 manat faiz, 361.02 manat cərimə bоrcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. xx.xx.2025-ci il tarixli 9/2565 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd edilən məbləğ Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 125,53 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 125,53 manat dövlət rüsumunun 116,60 manat hissəsi, eyni zamanda bununla bağlı ödənilmiş 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8.93 manat hissəsi iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 7220,48 manat əsas, 3419,19 manat faiz, 361.02 manat cərimə bоrcu olmaqla, cəmi 11 000.69 manat, ödənilmiş 116,60 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar