Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-381/2023 07.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “11405,66 manat gecikdirilmiş əsas borc, 1069,12 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “11405,66 manat gecikdirilmiş əsas borc, 1069,12 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolun qərarına əsasən "xxxx" MMC iş üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə borcverən İddiaçı QSC BOKT, borcalan Cavabdeh3, alıcı "xxxx" MMC və tədarükçü X6 və Emalı Məntəqəsi arasında dördtərəfli TM-383/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh3 illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin: 1.1 bəndinin a) yarımbəndinə əsasən Borcverən Borcalana tütün əkini üçün illik 8,5 faizlə, 12 ay müddətinə faiz borcunun ödənişi hər ay, əsas borcun ödənişi 7-ci aydan başlayaraq, xx.xx.2022-ci il tarixədək tam ödəmək şərti ilə 15000 manat məbləğində kredit verir; d) yarımbəndinə əsasən Borcalan dövlət vəsaiti hesabına aldığı krediti təyinatı üzrə yalnız tütün üçün istifadə edir və yaşıl tütün yarpağını bu müqavilənin 2.2.2-ci maddəsinin c) bəndində nəzərdə tutulmuş normadan az olmayaraq Alıcının tabeliyindəki Tədarükçüyə təhvil verir; e) yarımbəndinə əsasən Alıcı onun tabeliyindəki Tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərindən Borcalanan Borcverəndən tütün istehsalı üçün almış olduğu kredit üzrə borcu (əsas və faiz borcu) ödəyir, artıq qalan vəsaiti isə Borcalanın təqdim etdiyi hesaba köçürür; 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Kortala kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. 2.3.2-cü bəndinin b) yarımbəndinə əsasən, borcalanın təqdim etdiyi yaşıl tütünü alqısatqı müqaviləsində qeyd edilən keyfiyyət göstəricilərinin tələblərinə uyğun şəkildə qəbul etmək və onun dəyərini müqavilədə müəyyən edilmiş qiymətlərlə ödənilməsi üçün sənədləri alıcıya təqdim etmək tədarükçünün öhdəliyidir. 2.4.2-ci bəndinin a) yarımbəndinə əsasən, tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərini borcalan tərəfindən müvafiq qaimə təqdim edilən tarixdən 10 gündən gec olmayaraq borcalanın borcverəndə olan hesabına ödəmək alıcının vəzifəsidir. 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli ZT2-383/21 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və ZT2-383/21 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər (Cavabdeh3 və Cavabdeh2) xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında borclunun öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Həmin müqavilələrin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, 15000 manat pul məbləği cavabdehə ödənilmiş, lakin sonuncu tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasından sonra onlar "xxxx" ASC-yə rəsmi müraciət etmişlər. Onlar bildirdilər ki, iş üzrə tərəf olmadıqlarından məhkəmə iclasında iştirak etməmişlər və iş üzrə hər hansı sənədin təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu verildikdə tərəflərindən təmin ediləcəkdir. Lakin ona verilən şifahi məlumata əsasən cavabdehin ödədiyi 4000 manat onun icarəyə götürdüyü tütün qurutma kamerasına silinmişdir. Cavabdeh bu məlumatı məhkəmədən gizlətmişdir. Həmçinin, cavabdeh tütün qurutma kamerasından istifadə edərək tütünü qurudub başqa yerə sataraq mənfəət əldə etmişdir. Bank tərəfindən təqdim edilən hesabdan çıxarışlarda cavabdehin dəqiq borcu göstərilmişdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Ceyhun Məmmədovun nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əri sahibkarlıqla məşğul olduğunu, sahibkarlıq fəaliyyətinə yardım göstərilməsi üçün "xxxx" MMC ilə, kredit verilməsi üçün isə İddiaçı QSC BOKT-la üçtərəfli müqavilə bağladığını bildirmişdir. "xxxx" MMC ona fermerlərə maddi zərər dəyəcəyi zaman həmin zərərin 100%-ni fermerlər adından banka ödəyəcəyini bildirmişdi. Lakin "xxxx" MMC məhsulu dəfələrlə qəbul etməkdən imtina etmiş, məhsulu qəbul etməmiş və nəticədə əldə olunmuş tütün yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı Azərtütün ASK” MMC-ə müraciət etsələr də, müraciətlərə baxılmamışdır. Bu səbəbdən bank yaranmış borc məbləğini ondan tələb etmişdir. Digər Cavabdeh1 da əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçıdan kredit alaraq tütün əkdirmişlər, yetişdirdikləri tütün Azərtütün ASK MMC tərəfindən qəbul edilməmiş, məhsulları xarab olmuş, qeyd edilən təşkilat tütünə görə zərəri ödəyəcəklərini bildirsələr də, bunu etməmişdir. İddianı qəbul etmirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, verilmiş 15000 manat məbləğ üzrə əsas borcdan 3594,34 manat, faiz borcundan 487,5 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4543 nömrəli ekspert rəyinə əsasən, Borcalan Cavabdeh3 tərəfindən Aqrarkredit QSC-dən alınmış kredit üzrə ödənilməli olan əsas borcu 11405,66 manat, faiz borcu 1069,12 manat təşkil edir. tərəflər arasında bağlanmış müqavilənin 2.4.2-ci bəndinə uyğun olaraq 2021-ci ilin iyul, avqust, senyabr və oktyabr tarixli təhvil-təslim aktlarına əsasən Cavabdeh3 tərəfindən X5 və Emalı Məntəqəsinə təhvil verilmiş tütünün məbləği 9052,87 manat təşkil edir. Həmin ödənişlər nəzərə alındıqda Cavabdeh3 tərəfindən İddiaçı QSC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borcu 3421,91 manat məbləğində (11405,66 əsas borc +1069,12 manat faiz borcu)-9052,87 manat (təhvil verilmiş tütünün məbləği) müəyyən edilir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə tərəflər arasında kredit, podrat və alqı-atqı müqavilələrinin məzmununu əhatə edən qarışıq tipli müqavilə bağlanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə borcverən İddiaçı QSC BOKT, borcalan Cavabdeh3, alıcı "xxxx" MMC və tədarükçü X6 və Emalı Məntəqəsi arasında bağlanmış dördtərəfli TM-383/21 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh3 illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Kortala kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul edib alıcıya təhvil verməyi, alıcı isə məhsulun dəyərini Borcalanın Borcverəndə olan borcunu ödəməyi, artıq alan vəsaiti isə Boralanan qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviənin bütün bəndlərində verilmiş kredit borcunun qaytarılması prosedurası tam aydın formada əks olunub. Belə ki, Müqavilənin 1.1-ci, 1.2-ci, 2.2-ci, 2.3-cü və digər bəndlərində Borcalan aldığı kredit borcunu əkib yetişdirdiyi “yaşıl tütün yarpağı” formasında Tədarükçüyə təhvil verməyi, Tədarükçü həmin məhsulu müvafiq müqavilə şərtlərinə uyğun Alıcıya verməli, Alıcı isə yaşıl tütün yarpağının dəyərini Borcalanın, Borcverəndə olan borc hesabına ödəməli, kredit borcu ödənildikdən sonra artıq qalan vəsaiti isə Borcalana qaytarmalıdır.Bu şərti müqavilədə tərəflər nəzərdə tutub və bu prosudur tərəflərə müvafiq öhdəlik yaratmışdır. Yəni Borcalan vəzifəsi kredit borcunu “yaşıl tütün yarpağı” (hesabına) təhvil verməklə ödəməlidir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli ZT2-383/21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və ZT2-383/21 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər (Cavabdeh3 və Cavabdeh2) xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında borclunun öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddia tələbinin “borcun zaminlərdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, ZT1-383/21 nömrəli və ZT2-383/21 nömrəli zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən bu müqavilələrin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Hazırki kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir ki, həmin bəndin tələbi baxımından zaminlik müqaviləsinin də qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən, qanunvericilik zaminin öhdəliyinin icrasına xitam verilməklə bərabər zaminlik müqaviləsinə də xitam verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Eyni zamanda, qeyd edilən müddət kəsici müddətdir, iddia müddəti deyilidr. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövcud hüquqi praktikası mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, zaminlərdən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 15000 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələbində əsas və faiz borcuna münasibətdə qismən haqlıdır. Belə ki, iddiaçı kredit olaraq Cavabdeh3 15000 manat məbləğində kredit vermiş, həmin məbləğin əsas borcdan 3594,34 manat ödəniş etmiş, faiz borcundan isə 487,5 manat ödəniş etmişdir. Qalan əsas borc məbləği 11405,66 manat, faiz məbləği isə 1069,12 manatdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-iqtisad ekspertizasının rəyində də qeyd edilən borc məbləğinin mövcudluğu ilə bağlı rəy verilmişdir. Məhkəmə faiz borcuna münasibətdə qeyd edilən ekspert rəyi ilə qismən razılaşmır. Belə ki, İddia tələbinin “1069,12 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Məhkəmə bu məbləğin hesablanması üçün məhkəmə ekspertizası təyin edilməsini məqsədəuyğun hesab etmir. Çünki məhkəmə icraatında ləngimələrə yol veriləcək ki, bu da tərəflərin mənafeyinə uyğun hesab edilmir. Məhkəmənin faiz borcuna münasibətdə sadə hesablama aparması isə tərəflərin hər hansı bir maraqlarına toxunmamaqla bərabər, işin hallarının obyektiv araşdırmasına dəlalət edir. Məhkəmə sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlir ki, cavabdeh 15000 manat kredit borcuna görə illik 8,5 % olmaqla cəmi 1275 (15000*8,5%/100=1275) manat faiz borcu ödəməlidir. İddiaçının tələb etdiyi əlavə faiz borcu isə qanunla müəyyən edilmiş qaydada və məbləğdə hesablanmalı və ayrılıqda təqdim edilməli idi. Qeyd edilən faiz borcundan cavabdeh 487,5 manat hissəsini ödədiyindən, iddiaçı 787,5 (1275-487,5) manat məbləğində faiz borcunun tutulmasını tələb etməlidir. Cavabdeh3 tərəfindən aldığı kredit borcunu “yaşıl tütün yarpağı” hesabına ödənilməsi müqavilədə nəzərdə tutulduğundan, cavabdehin təhvil verdiyi tütün yarpağının dəyəri qismən Borcverənin hesabına ödənilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Alıcı tərəfindən iddiaçıya yəni Borc verənə ödənilən yalnız, kredit borcu üzrə əsas borc olaraq 3594,34 manat, faiz borcu kimi isə 487,5 manat ödənilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4543 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasındakı müqavilə üzrə 2021-ci ilin iyul-oktyabr aylarında 9 052,87 manat məbləğində ödəniş etmiş və ümumilikdə 3421,91 manat borcu qalmışdır. Məhkəmə ekspert rəyi ilə qismən razılaşmayaraq bildirir ki, ödənilmiş 9052,87 manat məbləğində məhsulun tərkibinə 3594,34 manat ödənilmiş əsas borc və 487,5 manat faiz borcu da daxildir. Çünki qeyd edilən məbləğ cavabdehin təhvil verdiyi tütünün məbləğinin bir qismi Borcverəndə qeydə alınsa da, lakin təhvil-təslim aktları ilə rəsmiləşdirilən lakin iddiaçıya yəni, Borcverəndə qeydə alınmayan tütünün dəyəri təqdim edilmiş təhvil-təslim aktları ilə təsdiq edilir. Ekspert həmin məbləği 15000 manat kredit borcuna münasibətdə deyil, 11405,66 manat əsas, 1069,12 manat faiz borcuna münasibətdə hesablamışdır. Əslində isə bütövlükdə kredit borcuna (15000 manat kredit borcuna və 1275 manat faiz borcuna) münasibətdə hesablanmalıdır. Odur ki, həmin məbləğlər çıxıldıqdan sonra qalan borcu cavabdehin real borcunu əks etdirir. Belə ki, cavabdeh tərəfindən ümumilikdə 15000+1275=16275 manat borc ödənilməlidir. Həmin borcun 9052.87 manat hissəsi ödənildiyindən və bunun 487.50 manat hissəsini faiz borcu təşkil etdiyindən, cavabdeh tərəfindən 8,565.37 manat əsas borcdan ödəniş edildiyi təsdiqlənir. Deməli, cavabdeh tərəfindən ödənilməmiş 6434.63 manat əsas (15000-8565.37=6434.63) və 787.50 (1275-487.50=787.50) manat faiz borcu qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 6434.63 manat əsas, 787,5 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin becərdiyi yaşıl tütünün "xxxx" MMC tərəfindən qəbul edilməməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə İddiaçı QSC BOKT iddia tələbində "xxxx" MMC-ni cavabdeh qismində göstərməmişdir. Məhkəmə "xxxx" MMC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştiraka cəlb etmiş, lakin qanunvericiliyin tələbi baxımından müstəqil tələb irəli sürməyən üçüncü şəxsdən borcun tələb edilməsi mümkün olmadığından onun üzərinə borcun ödənilməsi öhdəliyini qoymaq məhkəmənin səlahiyyətində deyil. Belə ki, Alıcı olan "xxxx" MMC öhdəliklərini tam icra etməyərək Borcverənə əslində 9052,87 manat məbləğində yaşıl tütünün dəyərini ödəməli olduğu halda, 3594,34 manat əsas borc, 487,5 manat faiz borcu olaraq cəmi 4 081,84 manat vəsait ödəmişdir. Halbuki, qeyd edilən məbləği müqavilə şərtlərinə əsasən tam olaraq iddiaçı olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hazırkı iş üzrə cavabdehə verdiyi krediti ödəmək üçün təhvil verilən tütünün dəyərini ödəməli idi. Məhkəmə Borcverənə ödənilməyən 4 971,03 manat məbləğə görə müqavilə üzrə Aalıcı kimi qeyd edilən "xxxx" MMC-nin hüquqi varisi məsuliyyət daşıyır. İddiaçı qeyd edilən hüquqi şəxsin varisindən həmin məbləği tələb edə bilər. Hazırki tələb üzrə Cavabdeh3 6434.63 manat əsas və 787.50 manat faiz borcunun ödənilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 127,42 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən 127,42 manat dövlət rüsumunun 53,65 manatı iddiaçıdan, 73,77 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı QSC BOKT-dan və 72,5 manatı cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməlidir. Həmçinin, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən və hazırkı borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. İddia qismən təmin edildiyindən, 115,79 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 6434,63 manat əsas, 787,5 manat faiz borcu və 115,79 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 127,42 manat dövlət rüsumunun 53,65 manatı iddiaçıdan, 73,77 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı QSC BOKT-dan və 72,5 manatı cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-381/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-381/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver