Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-383/2023 26.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “11717 manat gecikdirilmiş əsas borc, 1518 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “11717 manat gecikdirilmiş əsas borc, 1518 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli TM-372/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Kortala kəndi ərazisində 9,5 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, 11717 manat pul məbləği cavabdehə ödənilmiş, lakin sonuncu tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, verilmiş 11717 manat məbləğ üzrə əsas və faiz borcundan ödəniş edilməmiş, 11717 manat əsas və 1518 manat faiz borcu qalmışdır. Ədliyyə Nazirliyi Məhkmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4795 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh müqavilə müddətinin bitmə tarixinə, yəni, xx.xx.2022-ci il tarixə 15000 manat əsas borcu, 1275 manat faiz borcu mövcuddur. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli TM-372/21 nömrəli kredit müqaviləsi, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli TM-372/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli TM-372/21 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Kortala kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 11717 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə ilkin olaraq Ədliyyə Nazirliyi Məhkmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/4795 nömrəli ekspert rəyinə münasibət olaraq bildirir ki, Cavabdeh müqavilə müddətinin bitmə tarixinə, yəni, xx.xx.2022-ci il tarixə 15000 manat əsas borcu, 1275 manat faiz borcu mövcuddur. Məhkəmə ekspert rəyi ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən cavabdehə 15000 manat məbləğində deyil, 11717 manat məbləğində faktiki olaraq kredit verilmiş, müqavilədə qeyd edilən 15000 manat məbləğində kredit verilsəydi, illik 8,5% faizlə bir illik faiz məbləği 1275 manat edir. Lakin 11717 manat məbləğə münasibətdə 8,5 % dərəcəsi ilə illik faiz məbləği 995,94 manat müəyyən edilir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələbində əsas borca münasibətdə haqlıdır. İddia tələbinin “1518 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Məhkəmə bu məbləğin hesablanması üçün məhkəmə ekspertizası təyin edilməsini məqsədəuyğun hesab etmir. Çünki məhkəmə icraatında ləngimələrə yol veriləcək ki, bu da tərəflərin mənafeyinə uyğun hesab edilmir. Məhkəmənin faiz borcuna münasibətdə sadə hesablama aparması isə tərəflərin hər hansı bir maraqlarına toxunmamaqla bərabər, işin hallarının obyektiv araşdırmasına dəlalət edir. Məhkəmə sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlir ki, 995,94 (11717*8,5%/100=995,94) manat faiz borcu ödəməli olduğundan iddiaçı həmin məbləğdə faiz borcunun tutulmasını tələb etməlidir. İddiaçı 1518 manat faiz borcu tələb edir ki, bunda da haqlı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək 995,94 manat faiz borcu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11717 manat əsas, 996 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 130 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən 127,42 manat dövlət rüsumunun 5,13 manatı iddiaçıdan, 124,87 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından və 50 manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməlidir. Həmçinin, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən və hazırkı borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, 192,11 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11717 manat əsas, 995,94 manat faiz borcu və 192,11 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 130 manat dövlət rüsumunun 5,13 manatı iddiaçıdan, 124,87 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından və 50 manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-383/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-383/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver